İrandan Zəngəzur bəyanatı: Lavrovun mesajı xoşlarına gəlmədi

“Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri çərçivəsində Zəngəzur dəhlizi məsələsi də müzakirə olunub”.
Teleqraf xəbər verir ki, bunu erməni politoloq Qaqik Kamalyan deyib.
Onun sözlərinə görə, Rusiyanın baş diplomatının İrəvanda bu məsələni qaldırması İranın xoşuna gəlməyib:
“Təsadüfi deyil ki, Lavrovun səfərindən dərhal sonra İranın Ermənistandakı səfiri Mehdi Sübhani Zəngəzur dəhlizinə qarşı olduqlarını bəyan elədi. Bu, Lavrovun üstüörtülü şəkildə məsələyə toxunması ilə bağlı idimi, ya təsadüfi siqnal?”.
Kamalyan bildirib ki, Sergey Lavrov səfəri çərçivəsində Ermənistanla ikitərəfli münasibətlərin hazırkı durumu ilə yanaşı, regional kommunikasiyaların açılması məsələsini də gündəmə gətirib:
“İran səfirinin bəyanatına gəlincə, bunu təsadüfi bəyanat hesab etmək çətindir. İran regionda qüvvələr balansını dəyişdirə və ya onun strateji maraqlarına təsir edə biləcək dəhlizə qarşı olduğunu davamlı vurğulayır. Mümkündür ki, Lavrovun səfəri zamanı bu məsələ (Zəngəzur dəhlizi) ikitərəfli və ya üçtərəfli formatda müzakirə olunub və İran da bu baxımdan ictimai şəkildə öz mövqeyini bir daha təsdiqləməyə çalışıb”.
Xatırladaq ki, Sergey Lavrov 20-21 may tarixlərində Ermənistanda səfərdə olub.