Bia.Az

Azərbaycan xalqı mütləq olaraq Dağlıq Qarabağa öz sülh həyatını qaytaracaq - iqtisadcı

Siyasət
 17-10-2020, 14:11     616

Haqq  mübarizəsində olan Azərbaycan Ordusu gücü, qüdrəti hesabına cəbhənin bütün istiqamətlərində mövqelərini gündən-günə möhkəmləndirir. Regionda sülhə və təhlükəsizliyə ən böyük təhdid olan Ermənistan isə getdikcə həm hərbi, həm də siyasi sahədə daha ağır məğlubiyyətə uğrayır. Azərbaycan torpaqlarına qəsd edərək beynəlxalq hüququn bütün norma və prinsiplərinə məhəl qoymayan, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini gözardı edən və danışıqlar prosesinə destruktiv yanaşan Ermənistan rəhbərliyinin təcavüzkar ritorikasına qarşı Azərbaycan rəhbərliyinin qətiyyətli mövqeyi anlaşılandır.

Döyüş meydanında məğlubiyyətə uğrayan Ermənistan  münaqişənin coğrafiyasını genişləndirmək, üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını münaqişəyə cəlb etmək istəyir. Məhz buna görə Ermənistan ərazisindən Azərbaycan torpaqlarını, mülki şəxsləri atəşə tutur və bizi cavab atəşinə təhrik edirlər. Lakin Azərbaycan ordusunun hədəfləri  hərbi hədəflərdir. Azərbaycan Ordusu heç vaxt mülki əhaliyə və onun infrastrukturlarına atəş açmayacaqdır.

Bu gün tarixi bir gündür. Oktyabrın 17-si nəinki füzulililərin xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi qalacaq. Bu gün biz hamımız, bütün Azərbaycan xalqı xalqımızın, dövlətimizin ən parlaq səhifəsini yazırıq, birlikdə yazırıq. Biz bu gün həmrəylik, qarşılıqlı dəstək, birlik göstərək bu şanlı tarixi yazırıq. Biz xoşbəxtik ki, bu anları yaşayırıq. Ancaq bu anları səbirsizliklə gözləyən, həyatdan gedən on minlərlə bizim qaçqın, köçkünümüz əfsuslar olsun ki, bu günləri görməyib. Ancaq bu gün əminəm ki, onların ruhu şaddır. Çünki onların doğma dədə-baba torpaqları işğalçılardan azad edilib.

Prezident İlham Əliyev bu fikirləri bu gün xalqa müraciətində səsləndirib. “Baxmayaraq ki, namərd, xain, alçaq düşmən hərbi cinayətlər törədir, dinc əhalini atəşə tutur, bugünkü atəş nəticəsində azyaşlı uşaqlar da həlak olub, mən bir daha demək istəyirəm ki, biz qisasımızı mülki vətəndaşlardan almamalıyıq. Biz döyüş meydanında qisasımızı alırıq, alacağıq, şəhidlərimizin, həlak olanların qanı yerdə qalmır və qalmayacaqdır. Bir daha Ermənistanın faşist rəhbərliyinə xəbərdarlıq edirəm ki, qalan torpaqlardan öz xoşu ilə çıxsın. Onsuz da biz onları oradan rədd edəcəyik. Onsuz da onların izi-tozu da o torpaqlarda qalmayacaq. Onsuz da onları biz sona qədər qovub torpağımızdan rədd edəcəyik. Öz xoşu ilə getsin!”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Bəli, Moskva danışıqlarının nəticəsi Azərbaycanın növbəti uğuru kimi qəbul olunmalıdır. Danışıqların nəticəsi kimi imzalanmış bəyannaməyə görə münaqişənin həlli üzrə baza prinsiplər mütləq olaraq nəzərə alınmalı, Ermənistanın silahlı qüvvələri torpaqlarımızdan çıxmalıdır.  Azərbaycan xalqı öz haqq müharibəsini aparır. Torpaqlarımızın azad olunmasında israrlıyıq və bu missiyadan xalqımızı heç kəs döndərə bilməz. Tarixi ədalətin, beynəlxalq hüququn və ərazi bütövlüyünün bərpa olunması uğrunda savaş aparan Azərbaycan xalqı mütləq olaraq Dağlıq Qarabağa öz sülh həyatını qaytaracaq,  işğaldan azad olunacaq bütün torpaqlarda həyat  bərpa  olunacaqdır.

Tural HÜSEYNLİ,
İqtisadcı, Nəsimi rayonu.
скачать dle 12.1