Bia.Az

Ordumuz bütün torpaqları işğaldan azad etmək qüdrətindədir - İcra başcısı

Siyasət / Bölgə
 16-10-2020, 15:34     849

Ard-arda Azərbaycanın şanlı ordusu tərəfindən gələn zəfər xəbərləri xalqımıza dərin qürur və sevinc hissi bəxş etdi. Ölkəmizin Ali Baş Komandanının rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin qazanmış olduğu böyük uğurlar hər kəsdə misli görünməmiş ruh yüksəkliyinə səbəb olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr tarixində xalqa etdiyi müraciəti əhali arasında qələbə əzmini gücləndirərək, Ordumuza olan inanmı son dərəcə yüksəltdi. Cəbrayıl şəhərinin və Cəbrayıl rayonun doqquz kəndinin işğaldan azad olunması, yenidən yazılmaqda olan Azərbaycan xalqının qələbə salnaməsinin parlaq səhifələrindəndir. Cənab Ali Baş Komandanın öz çıxışına ərazilərimizin bir qisminin işğaldan azad olunması münasibətilə xalqı təbrik edərək başlaması zəfər müjdəli günlərin hələ qarşıda olduğuna dair siqnal idi. Cəbrayıl rayonunun və işğal olunmuş digər ərazilərimizin azad edilmisində fəal iştirak etmiş bütün hərbiçilərimizin göstərdikləri şücaətə görə təbrik edilməsi və xüsusi olaraq onların qəhrəmanlığı sayəsində torpaqlarımızın bizə geri qayıtmasının vurğulanması isə özlüyündə ordumuzun Ali Baş Komandan tərəfindən tam diqqət və qayğı ilə əhatə olunduğunu göstərir.

Bundan dörd il əvvəl Cəbrayıl rayonun Cocuq Mərcanlı kəndi yenidən qurulmağa başladı və o zaman cənab Prezident İlham Əliyev tərəfindən qeyd olundu ki, bu “Böyük Qayıdış”ın ilk addımlarıdır. Cənab Prezident xalqa müraciətində qeyd etdiyi kimi Azərbaycan xalqı işğalla heç zaman barışmayıb və barışmayacaqdır. Xalqımız hər zaman humanist, sülhsevən xalq olmuşdur və elə bu gün də danışıqlıqlar tərəfdarıdır. Beynəlxalq hüquqa əsaslanan Azərbaycan münaqişə boyunca diplomatik üsullara müraciət edib və danışıqlara hazır olduğunu bildirib. Lakin indiyə kimi aparılan danışıqların formatı faktiki olaraq münaqişənin dondurulmasına xidmət edib. Bu gün isə Azərbaycan bəyan edir ki, danışıqlıqlar ədalətli olmadığı və qəbul edilən qərarların yalnız kağız üzərində qaldığı müddətcə aparılan danışıqların heç bir mənası yoxdur və bu mənasız danışıqlarda Azərbaycan iştirak etməyəcəkdir. Biz sülhsevər xalq olaraq ötən 30 il ərizində böyük ümidlə beynəlxalq birliyə etibar edib diplomatik üsullara sadiq olaraq,  münaqişənin dinc şəkildə həll olunacağına inanmışıq. Nəticə isə ondan ibarətdir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri 27 ildir kağız üzərində qalıb.Ölkə prezidenti Cənab İlham Əliyev hər çıxışında xüsusi olaraq qeyd edir ki, Azərbaycan işğalçı ölkə deyil, başqasının torpağında gözü yoxdur və heç vaxt olmayıb. Biz bu gün öz torpağımızda vuruşaraq, tarixən bizə məxsus olan torpaqlarımızın geri qaytarılmasını tələb edirik.

Qeyd olubduğu kimi ötən zaman ərzində heç bir beynəlxalq təşkilat Ermənistana təsir etmədi. Bu hal beynəlxalq riyakarlığın, ikili standartların, beynəlxaq hüquq müstəvisində Azərbaycana qarşı heç də birmənalı olmayan mövqenin təzahürüdür. Bu cür ikili standartlardan güc alaraq Azərbaycan xalqının tarixinə zərbə vuran erməni vandalları ilə danışıqların aparılması artıq mümkünsüz hala çevrilmişdir. Azərbaycanın Milli Ordusu tərəfindən aparılan uğurlu hərbi əməliyyatlara misal olan Cəbrayılın işğaldan azad edilməsi Ermənistana, onun beynəlxalq miqyasdakı havadarlarına dərs olmalıdır. “Qondarma Dağlıq Qarabağ Respublikası”nın parlamentinin Şuşaya köçürülməsi faktı Azərbaycan xalqını təhqir etmək cəhdidir və bu cür təhriklərə görə onlar öz layiqli cavablarını artıq almaqdadırlar. Hər kəsə məlumdur ki, qondarma rejimin başçısı ordumuzun şücaətindən qorxaraq siçan kimi gizlənib. Bununla da ermənilərin qorxaq xisləti ifşa olunmuş oldu. Ermənistanın Azərbaycana qarşı yeni işğal planları onların nə qədər təcavüzkar və tamahkar siyasətə sahib olduqlarını göstərir. Ermənistan dövlətçiliyinə təhlükə olan təcavüzkar tamah düşmən höküməti daha böyük axmaqlıqlara təhrik edir. Bu təcavüzkar tamahları onların sonu olacaqdır. Ermənistan Baş naziri xalqını və beynəlxalq ictimaiyyəti aldadaraq tarixi saxtalaşdırır, cəfəng fikirlər ortaya atır. Bir il bundan əvvəl o, “Qarabağ Ermənistandır və nöqtə” deməklə bütün danışıqlar prosesinə zərbə vurdu və danışıqları mənasız etdi. Bunların nətcəsi olaraq bu gün Ermənstan xalqı öz siyası rəhbərliyinin axmaq niyyətlərinin əziyyətini çəkməkdədir. Bütün bu baş verənlər onu deməyə əsas verir ki, Ermənistan rəhbərlərinin düşünmək üçün çox az vaxtı qalıb. İndi Ermənistan rəhbərliyi hələ nə qədər ki, gec deyil yaxşı düşünməli və baş verənlərdən düzgün nəticə çıxartmalıdır.

Ermənistanın hərbi-siyasi rəhbərliyi indi güc üstünlüyünün Azərbaycan tərəfində olduğunu aydın görür. Bu gün Azərbaycan Ordusu qətiyyətli Ali Baş Komandanın rəhbərliyi altında tarixi ədaləti bərpa edərək, Azərbaycan xalqının həsrətinə son qoyur. Hər kəs əmin ola bilər ki, Azərbaycan Ordusunun qüdrəti sayəsində güc yolu ilə bütün torpaqlar xalqa qaytarılacaqdır. Hansıki bu proses artıq başlamışdır. Şanlı tarixə sahib xalqımız öz ədalətini özü bərpa edir, öz yeni tarixini yazır. Qarabağ torpağı Azərbaycan xalqının əzəli, tarixi torpağıdır. İşğaldan azad olunmağa başlayan torpaqlar xalqımızın sevinc göz yaşlarının səbəbidir. Artıq işğaldan azad olunmağa başlamış torpaqlarda Azərbaycan bayrağı qaldırılır və Azərbaycan dili o torpaqların milli mənsubiyyətini bərpa edir. Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, qurub, yaradıb. Ölkəmizin mədəniyyətində, ədəbiyyatında, incəsənətində, elmində bu torpaqların yetişdirdiyi böyük mütəfəkkirlərin özünəməxsus yeri vardır. Xalqımızın heç bir şübhəsi yoxdur ki, dövlətimiz bütün şəhərləri işğaldan azad edərək Azərbaycan  xalqının tarixi-mədəni irsini silmək üzrə Erməni cəhdlərinə son qoyacaqdır. Ermənilər tərəfindən vandalcasına dağıdılmış bütün məscidlərimiz bərpa olunacaq və oradan azan səsi yenə eşidiləcəkdir.

Cənab prezident İlham Əliyevin münaqişənin dayandırılması üçün Azərbaycan tərəfindən irəli sürdüyü şərt haqqın, ədalətin bərpa olunması üçün ən zəruri addımdır. Bunun üçün ilk olan Erməni ordusu Azərbaycan torpaqlarından çıxmalı və düşmən dövlətin Baş naziri xalqımızın hisslərini təhqir edərək verdiyi sərsəm bəyanatlara görə Azərbaycan xalqından üzr istəməli, etiraf etməlidir ki, Qarabağ Ermənistan deyil. Əgər beynəlxalq hüququ tapdalayan, ona hörmətlə yanaşmayan rejim atəşkəs istəyirsə işğal olunmuş Azərbaycan torpaqlarından öz silahlı qüvvələrinin çıxarılması cədvəlini müəyyən etdiyi təqdirdə atəşkəs rejimi bərpa oluna bilər.

Ölkəmizdə heç kəs Azərbaycan ordusunun qüdrətinə şübhə etmir, hər kəs səmimi qəlbdən Ordumuzun bütün torpaqları işğaldan azad etmə gücünə tam əmindir və bilir ki, bu gün uzaqda deyil. Hazırda Azərbaycanda xalq və dövlət birliyi qurulmuş, hər kəs tək yumruq halında birləşmişdir. Xalqımız səbrlə ordumuzdan gələcək müjdəli xəbərləri gözləyir. Biz artıq zəfərin ayaq səslərini eşitməkdəyik. Çıxdığı bu müqəddəs yolda Azərbaycan ordusuna dözüm və zəfər arzulayırıq. Yolun açıq olsun Azərbaycan əsgəri! Zəfər bizimlədir!

Ziyəddin ƏLİYEV,
Quba Rayon İcra Hakimiyyətinin başçısı.
 
скачать dle 12.1