Bia.Az

Xalqımız işğal faktoru ilə barışmır, heç vaxt da barışmayacaq və ərazilərini azad etmək əzmindədir - İqtisadcı

Siyasət
 13-10-2020, 21:32     601

Ali  Baş  Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuzun  faşizm  ideologiyalı Ermənistan ordusunun hərbi təcavüzlərinə  cavab olaraq başlatdığı uğurlu əks-hücum əməliyyatları gətirdiyi qələbələrlə xalqımızın  ruhundakı  mübarizə əzmini oyatdı. İllərdir həmsədr dövlətlərin yaratdığı cəzasızlıq mühitindən yararlanan Ermənistanın Azərbaycan qarşısında şərt qoymaq, danışıqlar prosesinin formatını dəyişmək kimi bütün iddiaları darmadağın edildi. Azərbaycan xalqı pozulmuş hüquqlarını bərpa etmək, işğal olunmuş ərazilərini geri qaytarmaq, ədaləti  bərqərar etmək üçün öz gücünə, ali baş komandanının qətiyyətinə, qəhrəman ordusunun şücaətinə sığındı. Qarabağda uğurlu əməliyyatlar həyata keçirən Azərbaycan Ordusu işğalçını geri çəkilməyə məcbur etdi. Bütün cəbhə xətti boyu ermənilərin müdafiə istehkamları yarıldı və ələ keçirildi.  Azərbaycan Ordusu 10 gün ərzində Ermənistanın  190-dan artıq tankını, çoxsaylı artilleriya qurğularını, raket sistemlərini, canlı qüvvəsini məhv etdi, düşmənin xeyli sayda hərbi texnikası, silah-sursatı ələ keçirildi. Cəbrayıl rayonu, Hadrut qəsəbəsi, Murovdağ zirvəsi, Suqovuşan su anbarı, onlarla kənd, strateji yüksəkliklər azad edildi. Suqovuşan su anbarının olduğu ərazinin azad edilməsi ilə ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən su probleminin həlli istiqamətində ciddi addım atıldı.

Bütün dünya Azərbaycan xalqının əzmini gördü. Ermənilərin işğal olunmuş ərazilərin qanunsuz məskunlaşdırmaq cəhdi iflasa uğradı. 10 günlük müharibə uzun illərdir ki, danışıqlar prosesində özünü üstün tərəf kimi aparmağa çalışan və şərtlər irəli sürən Ermənistanın hərbi-siyasi müstəvidə mövqeyini alt-üst etdi, onun iradəsini sarsıtdı, iqtisadiyyatını tam çökdürdü. Ağır zərbələr alaraq diz üstə çökdürülən Ermənistanın baş naziri hərbi əməliyyatların dayandırılması üçün müraciət etmədiyi ünvan qalmadı. Azərbaycanın öz torpaqlarını azad etmək üçün başladığı əks-hücum Dağlıq Qarabağ probleminin həlli məsələsini dünya birliyi üçün prioritetlər sırasına gətirdi. Azərbaycan uzun illər mövcud olmuş status-kvonu aradan qaldırdı, təmas xəttini ləğv etdi.

Otuz ilə yaxındır ki,  Azərbaycan dövləti işğal edilmiş ərazilərin  sülh şəraitində həllinə hər cür cəhd göstərirdi.  Lakin bu illər ərzində heç bir beynəlxalq hüquq, adi insanlıq normalarını tanımayan Ermənistan tərəfi üst-üstə təxribatlar törədərək bu danışıqların əbəs olduğunu sübut etdi  və  savaşın başlanmasına rəvac  verdi. Erməni havadarlarının  təzyiqlərinə baxmayaraq, Prezident İlham Əliyev öz prinsipiallığını bir daha nümayiş etdirdi. Azərbaycan Ordusunun əldə etdiyi zəfərlər diplomatiya meydanında da uğurlara çevrildi.

Rusiyanın paytaxtı Moskvada oktyabrın 9-dan 10-a keçən gecə keçirilən Azərbaycan, Rusiya və Ermənistan Xarici işlər nazirlərinin 11 saatlıq üçtərəfli görüşündən sonra Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər  və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olundu. Təbii ki, əldə olunmuş humanitar atəşkəs birinci mərhələdir. Hər kəs də bilir ki, humanitar atəşkəs müvəqqəti xarakter daşıyır.

12 oktyabr 2020-ci il tarixdə Prezident İlham Əliyev Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində qeyd etmişdir ki, Atəşkəs real həyatda baş vermədi. Ermənistan hökumətinin beynəlxalq məsuliyyətsizliyi davam edir və onlar Moskvada baş vermiş danışıqlara zidd hərəkətlər edir. Dünya bunu təkrar görür.

Humanitar atəşkəs sülh demək deyil. Müvəqqəti xarakter daşıyan humanitar atəşkəs sülh sazişi deyil. Bu humanitar məqsədli atəşkəsdir.
Moskva şəhərində baş vermiş son danışıqların nəticələri Azərbaycanın xeyrinədir. Danışıqların nəticəsi kimi imzalanmış bəyannaməyə görə münaqişənin həlli üzrə baza prinsiplər mütləq olaraq nəzərə alınmalıdır. Bu prinsiplər isə Azərbaycanın maraqlarına cavab verir. Odur ki, Ermənistanın silahlı qüvvələri torpaqlarımızdan çıxmalıdır.

Xarici İşlər Nazirlərinin  Moskva görüşü  göstərdi ki, yenidən başından zərbə alan Ermənistan danışıqların əsas prinsiplərini yerinə yetirməyə məcbur edilib. Artıq hərbi və siyasi tələbləri Azərbaycan irəli sürür. Prezident  İlham  Əliyev qəti və məntiqli diplomatik gedişlərlə problemin həlli ilə bağlı mənzərəni inamla Azərbaycanın milli maraqlarına uyğunlaşdırır. Düşmən ölkənin havadarları olan dövlətlər və böyük güclərin təzyiqlərinə  baxmayaraq, yenilməz  siyasi  iradə, əzm, qətiyyət, prinsipiallıq  nümayiş etdirən ölkə başçısı  Azərbaycanın işğalla heç  zaman barışmayacağını  sübut  etdi.  Ali Baş Komandan xalqa növbəti müraciəti ilə Azərbaycanın qəti mövqeyini bir daha səsləndirdi, atəşkəsin və danışıqlar prosesinin bərpa olunması şərtlərini bəyan etdi. Növbəti dəfə açıq şəkildə bəyan etdi ki, Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarından çıxmalıdır.  Əgər Ermənistan bundan sonra yenə qoşunların çıxarılması istiqamətində addımlar atmayacaqsa, hərbi əməliyyatlar həmən bərpa oluna bilər.
Bu gün ordumuzun gücü hesabına tarixi ədalət bərpa olunur. Heç bir şübhə yoxdur ki, şanlı Azərbaycan Ordusu bütün torpaqları öz əzəli sahiblərinə-Azərbaycan xalqına qaytaracaqdır.  Ona görə də münaqişənin həllində vasitəçi olan ATƏT-in Minsk qrupu bilməlidir ki, mahiyyətli danışıqlar aparılmalı və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan plan hazırlanmalıdır. Türkiyə region dövləti olaraq danışıqlar prosesində və münaqişənin hərtərəfli həlli prosesində öz rolunu oynamalıdır. Xalqımızın səbir kasası artıq dolub və münaqişəni hərb yolu ilə həlli mümkündür. Azərbaycan Prezidentinin xalqın maraqlarına söykənən iradəsi qarşısında heç bir mövqe və təzyiq duruş gətirə bilməz. Xalqımız işğal faktoru ilə barışmır, heç vaxt da barışmayacaq və ərazilərini azad etmək əzmindədir.

Ermənistan da, onun havadarları da bilməlidirlər ki, əgər Ermənistan yenə hansısa təxribata əl ataraq, danışıqlar prosesindən yayınmağa cəhd edərsə, onu daha böyük fəlakət gözləyəcək. Ərazilərin işğaldan azad edilməsi üçün bütün xalq Ali Baş Komandanın ətrafında səfərbərdir və Azərbaycan hansı yolla olur-olsun ərazi bütövlüyünü bərpa edəcək. Qarabağ Azərbaycandır!

Tural HÜSEYNLİ,
iqtisadcı-ekspert, Nəsimi rayonu.
скачать dle 12.1