Bia.Az

ABŞ sistemi fərqlidir: onun prezident seçilməsinə imkan verməyəcəklər – Müsahibə

Siyasət
 5-11-2024, 00:14     415

Globalinfo.az politoloq Qabil Hüseynlinin noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkiləri ilə bağlı müsahibəsini təqdim edir:

– Qabil bəy, sizcə, kim qələbə qazancaq: Kamala Harris, yoxsa Donald Tramp?

– Sözügedən seçkilər təkcə bu ölkənin deyil, dünya ictimaiyyətinin diqqətindədir. Çünki ABŞ supergüc ölkədir və burada baş verən istənilən yenilik və ya dəyişiklik planetin digər nöqtələrinə, coğrafiyalarına təsirsiz ötüşmür. Hesab edirəm, bu dəfə də elə olacaq.
Hər iki namizədin şansı eynidir. Yəni həm Harris, həm də Tramp seçkiyə yaxşı hazırlaşıb. Hər iki namizədin istər xalq, istərsə də beynəlxalq dəstəkçiləri var. Bu mənada kimin seçiləcəyini demək çətindir. Bununla belə, Trampın şanslarını yüksək qiymətləndirirəm.
Ümumiyyətlə, Trampın qələbəsinə təsir edəcək konkret faktorlar var:
Birincisi, Tramp daha xarizmatik liderdir. O, sadə xalqa xitab etməyi, nə istədiklərini bilir. Özü də bunu şoumen kimi rəngli təqdimatla edir. Tramp milyarder olsa da, sadə xalqla onun dilində, jarqonlarında və özünəxas mimikası ilə danışmağı bacarır. Təbii olaraq xalq da onu özü ilə proeksiya edə bilir. Yəni Trampı özündən biri kimi görürlər.
İkincisi, Tramp daha hazırlıqlıdır. Nəzərə almaq lazımdır ki, Harris seçki marafonuna az qalmış prosesə qoşuldu. Yəni o, Baydeni əvəzlədi. Hətta deyərdim, onun seçki kampaniyası yenidən tərtib edildi. Düzdür, Harris də seçkiyə hazırdır, amma Trampa nəzərən boşluqları olduğunu düşünürəm.
Üçüncüsü, qəribə də olsa, ABŞ siyasi sistemində qadın-kişi bərabərliyi yoxdur. Yəni ABŞ siyasi elitası qadın prezidentə hələ hazır deyil. Hesab edirəm, bu da Harrisin şansına təsir edir.

Qabil Hüseynli
– Düşünürsünüz ki, K.Harrisin qadın olması onun seçkidəki şanslarına təsir edəcək?
– Bu mənim subyektiv görüşüm deyil. ABŞ siyasi sistemindən çıxardığım nəticədir. ABŞ siyasəti patriarxatdır. Senatda qadınlar olsa da, prezident institutu çox fərqlidir. ABŞ-dakı güc mərkəzlərinin buna gedəcəyini düşünmürəm. Sadəcə bunu çox büruzə vermirlər. Hətta irqçiliyin olduğu ABŞ-da qaradərili Barak Obama belə prezident seçildi. Çünki kişi idi. Yəni bu məsələdə ABŞ sistemi olduqca sərtdir.
– Seçkilərin nəticəsi ABŞ və dünya siyasətinə necə təsir edə bilər?
– Seçki nəticələrinin ABŞ-ın xarici siyasi kursuna təsir edəcəyi gözlənilir. Bu, doğru deyil. ABŞ-da prezidentlər xarici siyasətə təsir etmir. Çünki dövlətin siyasi kursunu güc mərkəzləri müəyyən edir. Çox kiçik məqamları çıxsaq, hakimiyyətə gələn prezidentlər bu siyasəti icra edir. Buna görə də mən Harris ya da Trampın prezident seçilməsindən asılı olmayaraq ABŞ-ın xarici siyasətində dəyişiklik olacağını düşünmürəm.
Daxili siyasətə gəldikdə isə burada fərqliliklər ola bilər. Ümumiyyətlə, ABŞ-da sosial qütbləşmə kəskindir. Daxildə irqi, dini ayrı-seçkilik pik həddədir. Mülki silahlanma isə bu narazılıqların vətəndaş müharibəsinə keçmə riskini yaradır.
ABŞ-da cənub ştatları 200 ildən bəri ilk dəfədir bu qədər radikallaşıb. Düzdür, müstəqillik səsləri yüksəlmir, amma faktiki olaraq narazılıqlarını dilə gətirirlər. Fikrimcə, seçkinin nəticəsi daha çox daxili siyasətə təsir edəcək.
Söhbətləşdi: Turan Rzayev
Globalinfo.az
скачать dle 12.1