Bia.Az

Şvabe Makronun cızdığı ŞƏR CIĞIRINDA

Siyasət
 28-08-2024, 17:22     301

Frank Şvabe "Azadlıq Radiosu"na müsahibəsi zamanı yenidən ölkəmizi hədəf alıb, rəsmi Bakını Avropa Şurasında üzvlükdə maraqlı olmamaqda ittiham edib. O, Azərbaycanı Avropa Şurasının təbliğ etdiyi dəyərlərə sadiq qalmamaqda günahlandırıb. Misal olaraq Avropa Şurası Parlament Assambleyasının Milli Məclisə seçkilərdə müşahidəçi kimi dəvət olunmamasını göstərib və bu qərarı pisləyib, ölkə rəhbərliyinə qarşı təhqiramiz ifadələr səsləndirib.

Milli Məclisin VI çağırış deputatı Nəsib Məhəməliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Şvabe “Azadlıq Radiosu”na müsahibəsində yeni nəsə deməyib. Sadəcə, əvvəllər AŞPA-da səsləndirdiyi əsassız ittihamları, qərəzli fikirləri təkrar edib.

“Birincisi, Rəsmi Bakı Avropa Şurasına üzvlükdə maraqlı olmasaydı, adı çəkilən təşkilata girməz və 23 il müddətdə fəaliyyət göstərməzdi. İkincisi, Azərbaycanı Avropa dəyərlərinə sadiq qalmamaqda günahlandırmaq absurd məsələdir. Ən azından ona görə ki, Avropa özü çoxdan öz dəyərlərinə hörmət etmir. Şvabe demokratiya və ifadə azadlığı adı altında bir-iki nəfərin hüquqlarının tapdalandığını qeyd edir. Ancaq, 30 il ərzində evlərindən didərgin düşmüş 1 milyon qaçqının, məcburi köçkünün problemlərini görməzdən gəlir. Təmsil olunduğu AŞPA bir dəfə də olsun, bu insanların problemlərini qaldırmadı. Ermənistanı, beynəlxalq hüququn norma və prinsiplərini pozduğuna görə pisləmədi. Bir dənə də olsa, qətnamə qəbul etmədi. Azərbaycan torpaqlarının işğal edildiyini səsləndirmədi, ağır şəraitdə yaşayan insanların yurdlarına qaytarılmasına cəhd etmədi”-deyə deputat bildirib.

Nəsib Məhəməliyev qeyd edib ki, əksinə, 44 günlük müharibədən sonra, Makron Fransasının dirijorluğu ilə, Azərbaycana qarşı genişmiqyaslı informasiya müharibəsində yeni cəbhə açıldı: “Həmin AŞPA da erməni-fransız tandemi və onlarla satılmış siyasətçilər Azərbaycanı Qarabağda etnik təmizləmədə günahlandırdılar. BMT başda olmaqla, bütün dünya gördü ki, ermənilər Qarabağı könüllü və təhlükəsiz şəkildə tərk etdilər. Bu barədə, BMT nümayəndələrinin rəsmi bəyanatları da oldu. Ancaq, onlar yenə də öz bildiklərini edirlər”.

Deputatın fikrincə, Ermənistanla sülh müqaviləsinin imzalanması da, məhz Makronun kobud müdaxiləsinə görə pozuldu.

“Ermənistan belə, Qarabağ ermənilərinin məsələsini qaldırmadığı halda, avropalılar bu məsələnin gündəlikdən çıxmasına imkan vermirlər. Budurmu Avropa dəyərləri? Bugünkü Avropa dəyərləri, müxtəlif ölkələrə qarşı selektiv və ikili standartlarla yanaşmaq deməkdir. Bütün bunları Azərbaycan insanı görür və Şvabe kimi, siyasətçilərin dediklərini qəbul etmir. Çörçilin bir tarixi sözünü xatırladım: "Demokratiya, insan haqqları, fikir azadlığı üçüncü ölkələrin daxili işlərinə qarışmaq üçün ən yaxşı vasitədir"”-deyə Nəsib Məhəməliyev əlavə edib.
скачать dle 12.1