Bia.Az

Seçki ab-havası niyə hiss olunmur? – Təxribat riskləri var

Siyasət
 7-08-2024, 02:44     498

Növbədənkənar parlament seçkilərinə az qalıb. Bununla belə ölkədə seçki mühiti hiss edilmir. Ekspertlər iddia edir ki, COP29 və növbədənkənar parlament seçkilərinin ard-arda keçirilməsi ölkədə təxribat risklərini artırıb. Xüsusilə Fransa bu istiqamətdə fəaliyyətə keçib. Beynəlxalq insan haqları təşkilatları da aktivləşib.

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, parlament seçkiləri ilə bağlı təşviqat kampaniyası hələ başlamayıb:
“Ötən gün bununla bağlı xəbər yayıldı və deyildi ki, avqustun 9-dan etibarən təşviqata başlanılacaq. Hesab edirəm, məhz bununla seçki abu-havası hiss ediləcək. Lakin bununla belə hazırda təxribat risklərinin artması real yanaşmadır.

Xüsusilə nəzərə almaq lazımdır ki, COP29 ilə bağlı Fransanın ardıcıl təxribatlarının, habelə dezinformasiyaların şahidi oluruq. Paris bununla Bakının nüfuzuna xələl gətirib tədbirin keçirilməsinə mane olmaq istəyir.


Qabil Hüseynli

Fransa yaxşı bilir ki, COP29 Bakı üçün mühüm tədbirdir. Ümumiyyətlə, bu tədbirə diqqət böyükdür. Parisin olimpiya oyunlarında sərgilədiyi biabırçılıq, habelə bir çox neqativ hallar fonunda COP29-u sabotaj etməyə cəhd etməsi gözləniləndir. Amma Fransa istəyinə nail olmayacaq.
Hazırda tədbirə hazırlıq qədər təhlükəsizlik məsələlərinə də önəm verilir. Hüquq mühafizə orqanları, Dövlət Təhlükəsizliyi Xidməti məsələ ilə bağlı kifayət qədər ciddi işləyir. Yəni Fransa istəsə belə təxribat törədə bilməyəcək”.
скачать dle 12.1