İran Zəngəzurda yenidən “səngər” qazır – Xameneinin bəyanatı narahatlıq yaratdı

İranın ali dini lideri Ayətullah Əli Xamenei Zəngəzur dəhlizinin Ermənistan üçün zərərli olduğunu və İranın bu məsələdə qəti mövqeyini bir daha təsdiq etdiyini deyib.
“İran İslam Respublikası Zəngəzur dəhlizinin Ermənistan üçün zərərli olduğuna inanır və biz bu məsələ ilə bağlı dəyişməz mövqeyimizi bir daha təsdiqləyirik,”- deyə, Ali dini lider “X” səhifəsində yazıb.
İran hələ də Zəngəzur dəhlizini özünün “qırmızı xətti” sayır? Tehran Bakı ilə münasibətləri qaydaya salmışdı bəs?
Globalinfo.az-a danışan Azad Vətən Partiyasının sədri Akif Nağı deyib ki, İran rəhbərliyi hələ də düzgün siyasət formalaşdıra bilməyib:
Akif Nağı
“Yarımçıq, heç nəyə yaramayan siyasət yürüdürlər. İranda prezident seçkilərində həm azərbaycanlı olduğu üçün, həm də problemləri bildiyinə, islahatçılığına görə Məsud Pezeşkiana ümidlər yarandı. Lakin yenə də əvvəlki siyasətlərini davam etdirirlər. Orta əsrdən qalmış bu siyasət müasir dünya şərtləri ilə uyğunlaşmır.
Ermənistanın maraqlarından çıxış edərək bu qəbildən açıqlamalar verirlər. Rəsmi İrəvan üçün Zəngəzur dəhlizinin nə zərəri var? Ermənistan İrana sadiq müttəfiq kimi çıxış etməyib. Hazırkı hakimiyyət bunun fərqində deyil”.
Akif Nağının sözlərinə görə, Zəngəzur dəhlizinin açılması Azərbaycan, İran və Ermənistanın ziyanına yox, xeyrinədir:
“Gah Rusiyanın, gah da Qərbin alətinə çevrilən Ermənistana İranın bu sevgisi məntiqsizdir. Azərbaycanın öz mövqeyi, müəyyən etdiyi xətt var. Heç kimin qırmızı xətti ilə hesablaşmaq fikrimiz yoxdur. İran regionda nüfuzunu qoruyub saxlamaq istəyirsə, Azərbaycanın yeritdiyi siyasətlə hesablaşmalıdır”.