Göyçədə son durum: “Azərbaycan əsgərlərini görüb…” – FOTO

“Tavuşdan sonra növbəti demarkasiya prosesinin Geqarkunik vilayətində (tarixi Göyçə mahalı ərazisi – red.) aparılacağı gözlənilir”.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Hraparak” nəşri çıxış edib.
Vilayətin Verin Şorja (Yuxarı Şorca – red.) qəsəbəsinin inzibati rəhbəri Artyom Yeranosyan əksər sakinlərin ərazini tərk etdiyini bildirib:
“İnsanlar yavaş-yavaş kənddən çıxırlar. Çox az qisim qalmağı və sülh içində yaşamağı seçir. Hazırda hava pisdir. Yağışın dayanmasını gözləyirik ki, biçin işlərini yekunlaşdıraq. İnsanların bir qismi getməyi düşünür.
Kənd sərhəddə yerləşir, düzdür, sakinlər qarşı tərəfin əsgərlərini görüb narahat olurlar, lakin burada insanların qalması üçün quruculuq işləri görülür. Əsas odur, sülh olsun, qalan hər şey öz əlimizdədir”.
Vilayətin Kut kəndinin inzibati rəhbəri Vahram Avaqyan isə kənddə hər şeyin qaydasında olduğunu deyib. Onun sözlərinə görə, sakinlər biçinlə məşğul olurlar. Avaqyan 2021-ci ildən sonra bəzi problemlərin yarandığını, lakin sonra həll edildiyini vurğulayıb.
Geqarkunikin Norabak inzibati ərazi dairəsinin rəhbəri Vazgen Asatryan da həmin ərazidəki sakinlərin biçin işləri həyata keçirdiyini qeyd edib. O, kənd sakinlərinin heç birinin getmək niyyətində olmadığını deyib.