Bakı bəyan etdi: söz İrəvandadır – “Paşinyan Azərbaycana gəlməsə…”

Azərbaycan Ermənistanı COP29 İqlim sammitinə dəvət edib. Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib. Dəvət qərarı diplomatik əlaqələri olmayan Bakı ilə İrəvan arasında onilliklər boyu davam edən münaqişəyə son qoymaq məqsədi daşıyan sülh prosesi fonunda verilib.
Dəvətə İrəvandan hansı cavab gələ bilər? Erməni nümayəndə heyəti Bakıya səfər edəcəkmi?
Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Azərbaycanın Ermənistanı COP29-a dəvət etməsi müsbət jestdir:
“Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanmayıb, danışıqlar davam edir, ciddi fikir ayrılıqları var. Amma rəsmi Bakı beynəlxalq tədbiri nəzərə alaraq İrəvanın kənarda qalmasını istəmir. İqlim dəyişikliklərinə qarşı mübarizə ümumbəşəri məsələdir. Ermənistanda atom elektrik stansiyasının işləməsi səbəbindən çayların çirklənməsi Azərbaycanı narahat edir. Bu baxımdan dəvəti müsbət qiymətləndirmək olar”.
Elxan Şahinoğlu
Politoloqun sözlərinə görə, sammitdə iştirak edib-etməmək Ermənistanın verəcəyi qərardır:
“Baş nazir Nikol Paşinyan COP29-a gəlməsə, xarici işlər naziri Ararat Mirzoyanı göndərə bilər. Azərbaycanın bu addımı ondan xəbər verir ki, ölkəmiz bütün qonşularla normal münasibətin tərəfdarıdır. Ermənistan da öz növbəsində ərazi bütövlüyümüzə hörmətlə yanaşmalı, konstitusiyasında Azərbaycana qarşı olan iddiaları çıxartmalıdır”.