"Lap nəsillikcə deputat olun..." - Dilçi alimdən ETİRAZ
"Milli Məclisin professor deputatı deyib ki, deputat övladının deputat ola bilməməsi haqqında heç yerdə heç nə yazılmayıb. Hə, bəs harada yazılıb ki, deputat xalqı vecinə almayan möhtəkir, rüşvətxor, vicdansız və antixalq olmalıdır?!" Dia-az.info xəbər verir ki, bunu son günlərin əsas müzakirə mövzusu olan növbədənkənar Milli Məclis seçkilərinə münasibətində AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasov qeyd edib.
Dilçi-alimimiz daha sonra əlavə edib: "Möhtərəm deputat, heç kəsə sirr deyil ki, yazıq duruma düşümüş xalq seçki qabiliyyətini itirib. Kompensasiya etmək, o qabiliyyəti bərpa etmək əvəzinə, situasiyadan öz xeyrinə yararlanmaq insanlıqdan kənardır. Seçki qabiliyyətinin reabilitasiyası qalsın bir tərəfə, xalqın çörək təminatını yaxşılaşdırmaq zərurəti hər şeyin fövqündədir.
Hansı normal cəmiyyətdə dilsiz-ağızsız heyvanlar ac-susuz saxlanılır?! Qidalanma bütün canlıların, ən birincisi, insanın doğal haqqıdır.
Xalqı düşünməyib onun ağır vəziyyətindən öz marağı üçün istifadə edənlərə insan demək olmaz! Nə olsun ki, məscidin qapısı açıqdır...
Deputat olmağa gəlincə, kim etiraz edir ki?! Lap nəsillikcə deputat olun, yeyin, yığın, maaşınızı qaldırın, 30-40 min edin, fəqət nəfsinizə sığal çəkib hesabına eyş-işrət qurduğunuz, əyləndiyiniz biçarə xalqı da düşünün, insafınız, Allahınız olsun!.."