Boris Consondan sensasion Azərbaycan xəbərdarlığı: “Putin qalib gəlsə…”

“Putin qalib gəlsə, təkcə Gürcüstana yox, Rusiyanın bütün yaxın ətrafına güzəştə getməyəcək”.
Globalinfo.az xəbər verir ki, bunu Britaniyanın keçmiş baş naziri Boris Conson “Deyli Meyl”ə göndərdiyi yazıda qeyd edib.
O bildirib ki, Rusiya Ukrayna ilə kifayətlənməyəcək:
“Xəritəyə baxın, Rusiya prezidentinin dediyi dəhşətli sözləri eşidin. Onun Polşa tarixi və Dünya müharibəsinin başlanma səbəbi ilə bağlı dediklərini dinləyin. Putin aydın şəkildə deyib ki, SSRİ-nin çöküşü XX əsrin ən böyük fəlakətidir və onu bərpa etmək lazımdır. Ona təkcə Gürcüstan yox, Rusiyanın bütün yaxın ətrafı lazım olacaq”.
Qeyd edək ki, Putinin SSRİ-ni bərpa etmək planı ilə bağlı tezis illərdir gündəmə gəlsə də, Rusiya lideri bunu qətiyyətlə təkzib edib. Bundan başqa, Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında münasibətlər ən yüksək səviyyədədir. İki ölkə arasında mehriban dostluq və qonşuluq prinsipləri gün keçdikcə dərinləşir.
Üstəlik, rəsmi Bakının gücü, türk dünyası ilə əlaqələri, Türk Dünyası Təşkilatındakı mövqeyi və həmçinin Türkiyə amili Azərbaycana qarşı hər hansı hərbi təhdidi aradan qaldırır.