Kritik qərar verildi: Bakı “böyük planı”nı onlarla həyata keçirəcək

Azərbaycan nəhəng dövlətlər, gələcəyin dünya gücləri ilə bərabərhüquqlu strateji əməkdaşlıq edir. Türkiyə (2021-ci il Şuşa Bəyannaməsi), Rusiya (2022-ci il Moskva Bəyannaməsi), Mərkəzi Asiya ölkələri, Çin, Misir, Pakistan, İsrail kimi ölkələrlə bu cür strateji əməkdaşlıq müqavilələri imzalanıb.
Sözügedən ölkələrin rəhbərləri ilə İlham Əliyev arasında ən üst səviyyədə dostluq münasibətləri formalaşıb. Həmçinin Bakının bu dövlətlərlə qeyri-rəsmi əməkdaşlıq əlaqələri də mövcuddur. Paraleldə Qərblə siyasi-diplomatik münasibətlər davam etsə də, Bakının Avropa İttifaqı və ABŞ-la məsafə saxladığı müşahidə olunur.
Bu proseslər hara qədər davam edəcək? Azərbaycan qlobal məkanda tərəfini seçib? Bakı Şərq Bloku ilə yola davam edib, Qərbi arxana plana atacaqm?
Globalinfo.az -a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Azərbaycan müharibədən əvvəl diplomatik müstəvidə böyük işlər həyata keçirirdi:
“Əsas diqqət Qarabağ münaqişəsinin həllinə yönəlmişdi. Azərbaycan öz torpaqlarını hərbi yolla azad etdikdən sonra diplomatik fəallığımız nəinki azaldı, əksinə daha güclü şəkildə davam etdi. Bu gün Azərbaycan Şərqlə Qərbi birləşdirən körpü rolunu oynayır.
Müharibədən sonra Azərbaycanın artan nüfuzu, Prezident İlham Əliyevin qlobal məsələlərdə prinsipial və ədalətli mövqe ortaya qoyması həm Azərbaycana, həm də onun liderinə olan diqqət və sevginin artmasına səbəb olmuşdur. Bu gün Bakı qurduğu uğurlu ikitərəfli və çoxtərəfli əlaqələrlə diplomatik gücə malik ölkədir”.
Zeynal Əmrəliyev
Politoloq bildirib ki, hazırda dünya dövlətləri ilə əlaqələrin daha da gücləndirilməsi istiqamətində səylər göstərilir:
“Kifayət qədər böyük uğurlar əldə edilib. Eyni zamanda qarşımızda böyük hədəflər var. Rəsmi Bakı qoşulmama hərəkatının sədri kimi öz gücünü göstərdi. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində digər dövlətlərlə əlaqələrə böyük önəm verilir. Həmçinin Azərbaycan Türk Dövlətləri Təşkilatında da aparıcı rola malikdir.
Bu gün həyata keçirməyə çalışdığımız Zəngəzur dəhlizi layihəsi Şərqlə Qərbi, həmçinin Türk dünyasını birləşdirən mühüm körpü olacaq. Azərbaycanın beynəlxalq müstəvidə yürütdüyü siyasət beynəlxalq hüquqa, ədalətə əsaslanır. Məhz uğurlu siyasətin nəticəsidir ki, bu gün Azərbaycana qarşı həyata keçirilən bütün hücumlar uğursuzluğa düçar olur”.