Bia.Az

Qənirə Paşayevanın yerinə kim deputat olacaq? – Sürpriz iddiaçılar

Siyasət
 24-06-2024, 13:13     356

Milli Məclisə növbədənkənar seçkilərin keçiriləcəyi xəbəri yeni gündəm yaradıb. Ən müxtəlif istiqamətlər üzrə suallar dolaşır. Hazırkı tərkibdən kimlərin yenidən seçiləcəyi, kimlərin mandatsız qalacağı əsas müzakirə mövzularındandır.

Globalinfo.az öz mənbələrinə istinadla bildirir ki, parlamentin yeni tərkibində indiyədək deputat olmayan, üstəlik cəmiyyətdə çox da tanınmayan şəxslərin yer alacağı gözlənilir. Bunun faiz etibarı ilə az olmayacağı iddia edilir. Bildirilir ki, dövrün tələbinə uyğun olaraq deputat korpusunda xeyli yeni şəxsləri görmək mümkün olacaq.
Dünyasını dəyişmiş deputatların yerinə kimlərin seçiləcəyi mövzusu da hazırda xeyli aktualdır. Onların əksəriyyətinin yenidən deputat olacağı çoxlarına sirr deyildi. 
Belə deputatlardan biri də mərhum Qənirə Paşayeva idi. Onun hələ xeyli müddət millət vəkili olacağı kimsədə şübhə yaratmırdı. Nümunəvi və sevilən deputat kimi tanınırdı. Seçiciləri ilə sistemli şəkildə işləyən azsaylı deputatlardan olub xanım Paşayeva. Üstəlik Türk dünyasında böyük əlaqələri vardı. Xüsusilə də Türkiyədə böyük nüfuza malik idi.
Q.Paşayeva 2005-ci ildən Tovuzun 105 saylı seçki dairəsindən Milli Məclisə deputat seçilib. Nüfuzu, xalq tərəfindən sevilməsi onu demək olar, alternativsiz edirdi. Hər seçkidə yüksək faizlə səs yığırdı. Ona görə də ən imkanlı və rayon əhalisi arasında normal reytinqi olan istənilən tovuzlu Qənirə Paşayevanın namizədliyini verdiyi dairəyə yaxın düşə bilmirdi. Burada həm də bir mənəvi baryer, el qınağı da rol oynayırdı.
Q.Paşayevanın ölümündən sonra vəziyyət dəyişib. Artıq mənəvi və digər baryerlər aradan qalxıb. Hazırda həmin dairədən namizədliyini vermək istəyən xeyli iddiaçının olduğu deyilir. Buna görə də gözlənilir ki, 105 saylı dairədə seçki yarışması gərgin keçəcək.

Ruhiyyə Əliyeva 

Bu dairədən seçkiyə qatılacaq əsas iddiaçı kimi Ruhiyyə Əliyevanın adı hallanır. Buna əsas səbəb onun bu ilin mart ayında doğulduğu kənddə böyük bir tədbir keçirərək, sakinlərə bayram sovqatı paylamasıdır. R.Əliyeva bu aksiyadan sonra sosial şəbəkədə və mediada ciddi müzakirə olundu. Baxmayaraq ki, özü və çevrəsindəki şəxslər bu humanitar aksiyanın seçki ilə əlaqəsinin olmadığını dedilər, amma yenə də hadisə onun seçkiyə hazırlaşması kimi təqdim olundu. Bu günlərdə R.Əliyeva sosial şəbəkə hesabında seçkiyə qatılmayacağını bir daha bildirib.
Sözügedən dairə Tovuzdan olan bəzi vəzifə və biznes adamlarını da cəlb edir. Globalinfo.az-a çatan məlumata görə, bir sıra tovuzlu vəzifə və iş adamları 105 saylı dairənin boş olduğunu düşünür. Ya özlərinin, övladlarının, ya da yaxın qohumlarının ordan seçilməsinə çalışırlar. Deyilənə görə, belələri arasında pensiya yaşı keçmiş məşhur tovuzlular da var. Bildirilir ki, onlar vəzifədən sonra unudulmamaq, kənarda qalmamaq üçün deputat olmağa can atırlar.
Bu dairə olduqca stratejidir. Oradan təsadüfü şəxslərin keçəcəyi ağlabatan görünmür. Pul gücünə, imkanlar, əlaqələr hesabına kimlərsə deputat olacağını düşünə bilər. Amma reallıq tamam başqadır. Xüsusilə Qənirə Paşayevadan sonra Tovuzun bu önəmli seçki dairəsindən mərhum millət vəkilinin çapına yaxın bir şəxsin Milli Məclisə seçilməsi dövlət və seçicilər üçün çox mühümdür.скачать dle 12.1