Bia.Az

Naxçıvandan düşmənin başına niyə “od ələmirik”? - GƏLİŞMƏ

Siyasət
 3-10-2020, 23:44     259

Ermənistanın Qarabağ cəbhəsindəki son təxribatlarından sonra ordumuzun həyata keçirdiyi və bu gün də davam edən uğurlu əks hücum əməliyyatında bir məsələ geniş müzakirələrə səbəb olub. Bu da düşmənin qüvvələrini parçalamaq üçün Naxçıvan istiqamətindən onlara narahatlıq yaratmadığımızla bağlıdır.

Gedən müzakirələrin əsasını isə, dövlət başçısı İlham Əliyevin yarım ay öncə yerli telekanallara verdiyi müsahibədə dediyi bir fikir təşkil edir. Ölkə başçısı müsahibəsində demişdi: “Əgər onlar beynəlxalq hüququ yerə vururlarsa, biz niyə beynəlxalq hüququ gözləməliyik?! Biz də yerə vuracağıq, amma axırı onlar üçün pis olacaq”.

Bu sitat vətən müharibəsi başlayan gündən bu günə qədər gündəmdən düşmür və Naxçıvandan ermənilərə zərbə vura biləcəyimizi gündəmdə saxlayır.

Mövzu ilə əlaqədar Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli “Yeni Müsavat”a bunları dedi: “Azərbaycan dövləti bütün məsələləri ölçülü-biçili edir. Keçən zaman da bunu göstərir ki, çox qətiyyətli, uzaqgörən Ali Baş Komandanımız var. Bütün məsələlər plan üzrə gedir və bütün variantlara, stuasiyaya uyğun plan var. Azərbaycan Ordusu da bu plana uyğun hərəkət edir. Ali rəhbərlik tərəfindən hazırlanmış planlar icra olunur. Ona görə də, biz tələsmirik. Situasiyaya uyğun qərarlar qəbul ediləcək. Ordumuz çox yüksək əhval-ruhiyyədədir, böyük döyüş əzmi var, yüksək nailiyyətlər əldə edib, əsas strateji yüksəkliklər azad olunub. Bundan sonra da şad xəbərlər tez-tez eşidəcəyik. Uğurlu hücum əməliyyatları davam edir. Xalqımız, dövlətimiz vətən müharibəsi aparır. Ordumuz bunun döyüş hissəsini həyata keçirir. Qarşıya qoyulan hər bir məsələ yüksək səviyyədə icra olunur. Ona görə də, məsələləri qabaqlamaq lazım deyil. İnsanlarımızın həssaslığını anlayırıq. Hər kəs istəyir ki, bu məsələ bir anda bitsin. 30 ildir ki, biz səbir edirik. İndi böyük uğurlar və nəticələr əldə etmək istəyirik. Bunlar da əldə olunacaq, bunların bir qismi artıq əldə edilib. Amma ən böyük uğurumuz bütövlükdə Dağlıq Qarabağ torpaqlarının azad edilməsidir ki, buna da nail olacağıq. Bunun üçün Azərbaycan çox böyük əks-hücuma keçib. Qazandığımız nəticələr göz önündədir. Sadəcə bir balaca təmkin, səbir lazımdır. Müharibədə hərb dövrünün qanunlarına uyğun olaraq hər kəs öz cəbhəsində fəaliyyət aparmalıdır. Bir daha fürsətdən istifadə edib deyirəm ki, hər birimiz əsgərik. Ön və arxa cəbhədə döyüşən əsgərlər var. Hamımız ordunun ehtiyatıyıq. Müharibə qanunlarına uyğun olaraq, bütün fəaliyyətimizi bu qanunlara uyğun şəkildə aparmalıyıq. Sevindirici haldır ki, Azərbaycan xalqı dezinformasiyalara uymur.

Biz düşmənimizin nə qədər məkrli, hiyləgər olduğunu bilirik. Zaman-zaman düşmənin hansı təxribatlara əl atdığını bilməmiş deyilik. İnformasiya cəbhəsində də, hərbi cəbhədə də uğurlarımız var. Bütün istiqamətlərdə düşmən sarsıdıcı zərbələr alır. Bu zərbələri almaqda da davam edəcək. Yəni bütün istiqamətlər üzrə hava şəraitinə, zamana, məkana uyğun hər bir amil detallı nəzərə alınır, zərgər dəqiqliyi ilə ölçülüb-biçilir. İllərdir ki, Azərbaycan Ordusu bu günü gözləyirdi. Hazırlanmış planlarımız, peşəkar, vətənpərvər zabit korpusumuz və əmrləri icra edən əsgərlərimiz, şəxsi heyətimiz var. Ona görə də, səbir, təmkinlə prosesi izləməliyik. Hər kəs də öz sahəsində prosesə dəstək olmalıdır".

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu: “Ölkə başçısı qeyd etmişdi ki, sərhəd boyu keçmişdə, iyul ayında olduğu kimi bizə təxribat yaratsalar, cavabını alacaqlar. Bu təxribatları müəyyən yerlərdə yaratmağa çalışırlar. Daşkəsən, Şəmkir adını burada çəkə bilərəm. Amma hələ ki, biz soyuqqanlı davranırıq. Çünki Dağlıq Qarabağda uğurlarımız var. Hələ ki, görünür Naxçıvan və Tovuz istiqamətindən onların dərslərini verməyə ehtiyac yoxdur. Hazırda dünyaya haray-həşir salıblar ki, guya biz Ermənistan ərazilərində hansısa məntəqələri vururuq. Bununla çalışırlar ki, üçüncü dövlətləri bu proseslərə cəlb etsinlər. Bunu dövlət başçısı İlham Əliyev də vurğulayır. Əlbəttə, onlar bizə problem yaratmaq istəsələr, Naxçıvan istiqamətindən istənilən an biz onlara ciddi problemlər yarada bilərik. Sadəcə görünür, hələ ki, buna ehtiyac yoxdur. Onların əllərinə də bəhanə vermək lazım deyil. Əsas istiqamətimiz Dağlıq Qarabağ və ətraf rayonlardır. Ordumuz uğurlu hərbi əməliyyatları davam etdirir. Yavaş-yavaş bölgələr azad edilir, strateji məntəqələr ələ keçirilir. Əgər onlar bizə bir daha deyirəm ki, Tovuz və Naxçıvan istiqamətində problem yaratmaq istəməyə çalışsalar, artıq biz onların cavabını verəcəyik. Naxçıvan onlar üçün ikiqat problemə çevrilə bilər. Çünki Türkiyə Naxçıvana hücumlara seyrçi qalmayacaq”.“Yeni Müsavat”

BİA.az
скачать dle 12.1