Əliyev hansı ölkələri NƏZƏRDƏ TUTURDU? - AKTUAL

Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə “Avropa İttifaqının azı üç ölkəsi Azərbaycana qarşı ”soyuq müharibə" elan edib” deyərkən hansı dövlətləri nəzərdə tutub? Aydındır ki, bunlardan biri Fransadır. Digər iki ölkədən birinin Niderland olduğunu söyləmək mümkündür. Çünki bu ölkənin rəsmiləri və deputatları da fransalı həmkarları kimi, tez-tez Azərbaycan əleyhinə açıqlamalar verirlər. Azərbaycan 2023-cü ilin sentyabrında antiterror əməliyyatı həyata keçirdikdən sonra Niderland parlamentində Ermənistana silah satışı məsələsi müzakirə olunmuşdu. Niderlandın xarici işlər naziri Azərbaycan əleyhinə açıqlamaları ilə yadda qalmışdı. O, Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi məsələsini gündəmə gətirmişdi. Həmin nazir Azərbaycanın guya Ermənistana hücum əməliyyatı hazırladığını söyləmişdi. Niderlandın islamofob siyasətçiləri də az deyil.
Fikrimcə, Avropa İttifaqının anti-Azərbaycan mövqeyi ilə seçilən üçüncü dövləti Belçikadır. Bu ölkənin parlamenti də Azərbaycana qarşı ədalətsiz qətnamələr qəbul edib və Belçika hökuməti bunun qarşısını almayıb. Əksinə, Belçikanın xarici işlər naziri ötən il Azərbaycan əleyhinə bir neçə dəfə açıqlama səsləndirmişdi. Avropa İttifaqının iki üzvü olan Yunanıstan və Kipr Respublikası da Ermənistana dəstəklərini əsirgəmirlər. Ancaq Yunanıstan Azərbaycandan qaz aldığına görə, rəsmi Afina Paris kimi qatı anti-Azərbaycan mövqeyindən çıxış etmir.
Elxan Şahinoğlu - Dia-az.İnfo