Yeni dünya nizamı qurulur: Türkiyə 60 illik vektoru silir – Bakı nə edəcək?

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Ankara BRİCS təşkilatına qoşulmaq istəyir. O, BRİCS-in Türkiyəyə Avropa İttifaqını əvəz etmək üçün “yaxşı alternativ” təklif edə biləcəyini vurğulayıb.
Maraqlıdır, Türkiyənin bu təklifinin səbəbi nədir? Bir müddət əvvəl Azərbaycanın da BRİCS-ə üzv olmaq istədiyi istiqamətdə fikirlər səsləndirilirdi. Bu, mümkündürmü?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Asif Nərimanlı deyib ki, Hakan Fidanın açıqlamasından BRİCS-in Aİ-nı əvəz etmək üçün yaxşı alternativ təklif edə biləcəyi məlum olur:
“Bu, Aİ-yə verilən mesajdır. Lakin birliyə üzvlüyü nəzərdə tutmur. Türkiyə onilliklər boyu (1963-cü ildən – red.) Aİ-yə üzv olmaq siyasətini yeridir, amma qəbul olunmayıb. 2010-cu ildən sonra rəsmi Ankara bu prosesin baş tutmayacağını anladı. Xarici siyasətini də buna uyğun planlaşdırdı. Sadəcə Qərbyönümlü deyil, çoxşaxəli siyasət yeridirlər. Dünyanın müxtəlif tərəfləri ilə qarşılıqlı əlaqələri var. Bu da Ankaranın birləşdirici və həlledici rolunu gücləndirib, bəhrəsini görüblər. Türkiyə bu gün həmin addımları ilə Qərbə və Aİ-yə atdığı addımları açıq şəkildə bəyan edir”.
Politoloqun sözlərinə görə, Türkiyənin BRİCS-ə qoşulmaq istəyinin səbəbkarı elə Avropa İttifaqıdır:
“Buranın tamhüquqlu üzvü olmasa belə müşahidəçi kimi qatıla, ardınca daha dərin əməkdaşlığa keçə bilər. Türkiyə itirən tərəf olmayacaq. O, həm Qərblə siyasi, iqtisadi, hərbi əməkdaşlıq edir, həm də NATO üzvüdür. Bununla belə Ankara siyasi xəttini genişləndirib, şaxələndirib. BRİCS iqtisadi əlaqələri ön planda tutur. Bu, Türkiyə iqtisadiyyatına müsbət təsir edə bilər.
Amerikanın qurduğu təkqütblü dünya dəyişir. Çinin timsalında daha böyük qütb yaranır. Çoxqütblü dünya var artıq. Regional ittifaqlar güclənir, müxtəlif qütblərin bir arada təmsil olunması ön plana çıxır. Ankara da qurulan yeni dünya nizamına uyğun hərəkət edir”.
A.Nərimanlı qeyd edir ki, Türkiyənin BRİCS-ə qoşulması nəticəsində Azərbaycanın da təşkilatla əlaqələri güclənə bilər.