Rusiyanın Qərbə “uzanan əli” – Pravfond əslində nə işlə məşğuldur?

Globalinfo.az xəbər verir ki, bu barədə “Quardian” qəzeti Avropa xüsusi xidmət orqanlarından əldə etdiyi sənədlər əsasında məlumat yayıb.
Məlumata görə, “Pravfond” xüsusilə avropalılara yönələn təbliğatçı saytları maliyyələşdirir. Bundan başqa təşkilat ABŞ-da mühakimə edilən silah baronu Viktor Butun hüquqi müdafiəsinin maliyyələşdirilməsi, çeçen səhra komandiri Zəlimxan Xanqoşvilini qətlə yetirən Vadim Krasikovun haqlarının qorunmansını həyata keçirib. Bütün bu işlər üçün Rusiya xüsusi xidmət orqanlarının keçmiş əməkdaşlarından istifadə edilib.
Qəzet yazır ki, “Pravfond”un Yaxın Şərq, Moldova, Şimali Avropa və Baltikyanı ölkələrdəki fəaliyyətinə Xarici Kəşfiyyat Xidmətinin agentləri Vladimir Pozdorovkin və Anatoli Sorokin rəhbərlik edir.
Qeyd edək ki, “Pravfond” 2012-ci ildə yaradılıb. Təşkilatın yaradılmasında Rusiya Xarici İşlər Nazirliyi yaxından iştirak edib və dolayı yolla ona tabedir. Təşkilat hazırda bütün dünyada və Avropanın 48 ölkəsində fəaliyyət göstərir.
Bununla belə açıq mənbələrdə “Pravfond”un Azərbaycanda da bir çox layihələrin maliyyələşdirilməsində iştirak etdiyi görünür. Belə ki, Rusiyanın Azərbaycandakı Səfirliyinin saytına əsasən, 2015-ci ildə Azərbaycandakı Rus İcmasının tərkibində Həmvətənlərə Dəstək üzrə Konsultativ Mərkəz məhz “Pravfond”un maliyyələşdirilməsi ilə yaradılıb.