Prezidentin köməkçisi dünyanın aparıcı KİV nümayəndələri üçün brifinq keçirib
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiyada akkreditə olunan dünyanın aparıcı KİV nümayəndələrinə (Reuters, Voice of America, Financial Times, Frankfurter Allgemeine Zeitung, Die Welt, EFE, ABC Spain, Bloomberg, CNN, France Presse, RAI, Al Jazeera, Al Arabiya, Der Standard, Asahi və s.) videoformatda mətbuat üçün brifinq keçirib.
"Report" xəbər verir ki, o, xarici media nümayəndələrini Ermənistan silahlı qüvvələrinin son təxribatları barədə geniş məlumatlandırıb.
Mülki əhali arasında həlak olan və yaralananların olduğunu təəssüflə bildirən Prezident köməkçisi mülki infrastrukturun məqsədyönlü şəkildə hədəfə alındığını diqqətə çatdırıb.
Habelə, H.Hacıyev Ermənistanın fərqli olaraq Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq humanitar hüquqa ciddi əməl etdiyini, eləcə də ermənilərin hərbi əməliyyatlar zamanı mülki insanlardan qalxan kimi istifadə etməsi ilə bağlı səhih məlumatların olduğunu xüsusilə qeyd edib.
Daha sonra, H.Hacıyev jurnalistlərin suallarını cavablandırmış və onları Azərbaycana dəvət edib.