Bia.Az

Paşinyanı iqtidardan salacaq sirli rəqəm: İmza üçün hərəkətə keçildi

Siyasət
 12-05-2024, 01:07     755

Ermənistanda revanşist aksiyalara başçılıq edən keşiş Baqrat Qalstanyan Baş nazir Nikol Paşinyana qarşı impiçment prosesi başladacağını bildirib. Bununla bağlı artıq “Ermənistan” fraksiyasının (Robert Köçəryan) ofisində görüş keçirib.

Ermənistan qanunlarına görə, impiçment prosesinin başlaması üçün qərar layihəsi təqdim etməyə deputatların 1/3-nin – yəni 36 deputatın (hazırda Ermənistan parlamentinin 107 deputatı var) imzası lazımdır.
36 deputatın imzası ilə layihə təqdim edilərsə, 48 saat sonra baş nazirə etimad göstərilməməsi məsələsi parlamentin növbəti iclaslarında müzakirə edilir. Bu müddətlərdə müntəzəm iclaslar keçirilməsə, parlamentin növbədənkənar iclası çağırılır.
Keşiş Baqrat Baş nazir Nikol Paşinyana qarşı impiçment prosesi başlada biləcək? Paşinyan bu proses çərçivəsində vəzifədən gedə bilər?
Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Ermənistan Baş naziri Nikol Paşinyana qarşı impiçment prosesi başlaya bilər:

“Ermənistan qanunları buna icazə verir. Amma burada əsas məsələ keşiş Baqratın bunu edəcək gücə sahib olmamasıdır. Etiraf etmək lazımdır ki, qeyd olunan şəxs bu günə qədər Paşinyanın qarşısına çıxan ən riskli və ciddi rəqibdir. Çünki o bir keşişdir. Yəni dini kimliyi var. Ermənistan əhalisi isə dindar bir cəmiyyətdir. Kilsənin xalq üzərindəki nüfuzu çox güclüdür.
Unutmamaq lazımdır ki, Ermənistan dövləti, hətta ideologiyası olmadan öncə kilsə vardı. Yəni kilsə dövlətə nəzərən daha köklü qurumdur. Buna görə də kilsənin gücü ilə qarşı-qarşıya gəlmək Paşinyan üçün əsl sınaq olacaq.
İmpiçment üçün keşiş Baqratın hüquqi dəstəyi də azdır. Yəni Ermənistan parlamentində Paşinyanın partiyası hakim mövqedədir. 36 deputatın imzasını toplamaq çətin olacaq. Bundan başqa Paşinyanı sevən, dəstəkləyən kütlə də çoxdur. Hətta onlar mövcud etirazçılardan daha çoxdur.
Hesab edirəm, impiçment cəhdi olsa da bunun nəticəsi olmayacaq. Paşinyan hələ ki, səssizdir, amma bu proses uzun müddət davam etməyəcək. Yəni yaxın günlərdə Paşinyan və tərəfdarları meydana enib, gücünü nümayiş etdirəcək”.скачать dle 12.1