Bia.Az

Revanşistlər özlərinə “yeni lider” tapdılar – Köçəryan da onu dəstəklədi

Siyasət
 4-05-2024, 11:31     271

Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Ermənistanın keçmiş prezidenti, hərbi cinayətkar Robert Köçəryan rəhbərlik etdiyi “Hayastan” fraksiyasının deputatlarını delimitasiya ilə bağlı keçirilən etirazlara qoşulmağa çağırıb. Qızışdırıcı mövqedə duran Köçəryanın piket şəklində davam edən aksiyaları genişləndirmək üçün nə qədər gücü var?

- Bəli, Tavuşdakı aksiyaların təşkilatçısı “Qarabağ klanı”nın üzvləri, Köçəryanın qohumlarıdır. Ermənistan cəmiyyəti bu məsələdə Köçəryanı müdafiə eləmədi. Tənqidçiləri daha çoxdur, nəinki müdafiəçiləri. Bu məqamda Nikol Paşinyana diqqət çəkmək istəyirəm. Azərbaycan rəsmən “İnterpol” xətti ilə müraciət edib ki, Serj Sərkisyan, Robert Köçəryan və Seyran Ohanyan Xocalı soyqırımını törədənlər və buna rəhbərlik edib həyata keçirən hərbi cinayətkarlardır. Bununla bağlı kifayət qədər sübut-dəlil toplanıb, bu cinayətkarlar Azərbaycana təhvil verilməlidir. Nikol Paşinyan bunu etmək istəmir. Onlar qatı cinayətkar, əlləri qana batmış adamlardır. Əgər Nikol onların öhdəsindən gələ bilmirsə, göndərsin bura, Azərbaycan öhdəsindən gələcək.

Ermənistan cəmiyyətinin içindəki ən destruktiv qüvvələr “Qarabağ klanı” və “Daşnaksütyun” Partiyasıdır. Nikol Paşinyan onlara qarşı həddindən artıq yumuşaq hərəkət edir. Bir-ikisini saxlayıb sonra buraxdılar. Robert Köçəryan barəsində bir neçə ittiham üzrə cinayət işi açılıb, həmçinin Serj Sərkisyan və Seyran Ohanyan haqqında. Ohanyan fəraridir, 44 günlük müharibədə cəbhədən qaçmışdı. Hesab edirəm ki, Nikol onlarla bağlı çox zəif hərəkət edir.

Düzdür, cəmiyyətin böyük hissəsi Nikol Paşinyanı müdafiə edir, ona qarşı ümumxalq hərəkatı təşkil etmək mümkün olmayacaq, amma buna baxmayaraq, təhlükəni beşikdə boğmaq lazımdır ki, sonradan böyüyüb başqa problemə çevrilməsin.

- Köçəryanı kim fəallaşdırır? Maraqlıdır ki, aylardır Almaniyada olan bu hərbi cinayətkar delimitasiya başlayan kimi Ermənistana qayıdıb.

- Köçəryan Rusiyanın “5-ci kolon”unun nümayəndəsidir, onun atası da belə idi. Ümumiyyətlə, bu gün Ermənistanda aranı qarışdıran, insanları Nikol Paşinyanın üstünə ayaqlandırmağa çalışan Rusiyadır. Bu səbəbdən də, “5-ci kolon” aktivdir, onların qarşısına məqsəd qoyublar ki, Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırsınlar. Çünki Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalamaq istədiyini deyib, Azərbaycana məxsus olan ərazilərin qaytarılmasına qərar verib, delimitasiya prosesi start götürüb. Bunlar və bu fonda Cənubi Qafqazda vəziyyətin stabilləşməsi Rusiyanın maraqlarına uyğun gəlmir.

İranın da rolunu qeyd etmək istəyirəm. Mollalar da Ermənistan daxilində vəziyyətin gərginləşdirilməsi üçün hərəkətdədir. Bir sözlə, bölgədə aranı qarışdırmaq istəyən iki dövlət var, biri Rusiya, digəri İrandır.

- Bəs Qərb hansı mövqedədir?

- Qərb də həmişə verdiyi vədlərin hamısını axıra qədər yerinə yetirmir. Amma Qərb Nikol Paşinyanı müdafiə edir. Avropa Birliyindən “müşahidə missiyası” adı altında Ermənistana xeyli sayda keçmiş polis və kəşfiyyatçı göndərilib. 30 minlik missiyanın hamısı Nikol Paşinyanın mühafizə xidmətinə daxil edilib. Əgər Rusiya Ermənistan daxilində durumu daha da pisləşdirsə, vətəndaş müharibəsi həddinə çatdırsa, onda bölgəyə NATO-nun hərbi kontingenti yeridilə bilər. Bu Köçəryana da, Sərkisyana da, Ohanyana da məlumdur. Yaxşı bilirlər ki, bölgədə vəziyyət qarışsa, özlərinin durumu hamıdan pis olacaq.

- Revanşist media sərhədyanı bölgədə davam edən aksiyaların lideri kimi Tavuş yeparxiyasının lideri kimi Baqrat Qalstanyanı göstərir. Hətta iddialarında bir az da irəli gedən revanşistlər onun mümkün ümumxalq hərəkatının liderinə çevrilə biləcəyini deyirlər. Köçəryan da onunla görüşüb. Ümumiyyətlə, bir keşişin “xalq hərəkatı”nın sükanı arxasına keçmə ehtimalı nə qədərdir?

- Buna inanmıram. Düzdür, tarix boyu erməniləri qızışdıran, xalqlar arasındakı bu düşmənçiliyi yaradan erməni kilsəsi və keşişləri olub, indi də baş yepiskop II Qaregindən tutmuş regional yeparxiyalara qədər bütün kilsə Paşinyana qarşı mübarizə aparır, aranı qarışdırır, amma buna baxmayaraq, bu səylər nəticəsiz qalacaq. Qalstanyana gəlincə, keşişdən nə lider olar, onu nə də cəmiyyət qəbul edər.

Ermənilər üçün çıxış yolu Nikol Paşinyandadır. Nikol bu quldur dəstəsinin bir neçə üzvünü həbsə atmalıdır. Amma o, həddindən artıq yumuşaq davranır, onların da ayaqlarının altı yer alır. Hesab edirəm ki, Nikol Paşinyan və komandası onlara qarşı ardıcıl və bir az da sərt olmalıdır. Yalnız bu halda sabitlik yaratmaq mümkün olacaq.
скачать dle 12.1