Bia.Az

Quru sərhədləri ilə bağlı kritik gəlişmə – Deputat açıqladı

Siyasət
 19-04-2024, 13:04     488

Azərbaycanda quru sərhədlərinin bağlı olması fərqli arqumentlərlə əsaslandırılır. Son günlər ortaya atılan iddialardan biri də bunun gözlənilən İran-İsrail müharibəsindən qaynaqlanması barədədir.

BİA.az xəbər verir ki, mövzunu Globalinfo.az-a şərh edən Milli Məclisin deputatı Vüqar İskəndərov deyib ki, dünyada bir çox dövlətlər vətəndaşlarını qorumaq üçün qabaqlayıcı tədbirlər görür:

“Onlardan ən optimalı sərhədləri bağlamaqla ölkədə pandemiyanın yayılmasının qarşısını almaq idi. Azərbaycan da pandemiya zamanı dünya ölkələri içərisində ən tez qoruyucu tədbirlər görən, digər ölkələrə də yardım edən dövlət idi”.

Deputatın sözlərinə görə, Azərbaycan tətbiq etdiyi qaydalar əsasında iqtisadi cəhətdən qat-qat inkişaf edən böyük dövlətlərin keçdiyi ağır prosesləri yaşamadı:

“Hazırda dünya çalxalanır, siyasi arxitektura yenilənir. Müharibələr, terrorlar, təhdidlər və s. baş verir. Bu halda hava yolunun açılması, quru sərhədlərinin bağlı qalması da vacib səbəblərə əsaslanır”.

V.İskəndərov qeyd edir ki, iqtisadi itkilər və digər səbəblərdən heç bir ölkə quru sərhədlərinin bağlı qalmasında maraqlı olmaz:

“Əgər bir ölkə buna gedirsə, deməli, xalqı bu və ya digər təhlükələrdən qorumaq üçün edir. Hazırda sərhədlərimizə yaxın ərazilərdə baş verən gərginliklərin də şahidi oluruq: Rusiya-Ukrayna, İran-İsrail, terror təhdidləri, epidemiyalar və s. Dövlətin əsas vəzifəsi xalqın təhlükəsizliyini qorumaqdır”.

Deputat hazırda quru sərhədlərinin bağlı qalmasını düzgün addım kimi dəyərləndirir:

“Baş verən hadisələrə adekvat olaraq gələcəkdə dövlət lazımi addımları atacaq. Təhlükə riski azaldığı halda sərhədlərin açılması mümkündür”.скачать dle 12.1