Bia.Az

Deputatdan İran-İsrail savaşı barədə ilginc açıqlama

Siyasət
 15-04-2024, 12:30     203

“İranın əməliyyatı mahiyyətcə, SEPAH generalı Qasım Süleymaninin öldürülməsinə cavab olaraq 2020-ci ilin 8 yanvarında ABŞ-nin İraqdakı hərbi obyektinə endirdiyi hava zərbəsindən çox da fərqlənmədi. Hər iki halda bu əməliyyatın hədəfi zərbə endirilənlərdən çox, hələ mərmilər havadaykən Tehran küçələrində “qələbə”ni bayram edənlərdi”.

Musavat.com-un məlumatına görə, bu fikirlər deputat Sahib Alıyevə məxsusdur. Fikirlərini daha da konkretləşdirən deputatın sözlərinə görə, yəni rejimin istədiyi o idi ki, üzdə olan təmsilçilərinin məhv edilmələrinin cavabsız qalmadığını, buna güclərinin və cəsarətlərinin çatdığını o küçədəkilərə göstərsinlər və göstərdilər:

“Amma bu cavab nə dərəcədə effektli oldu, o başqa məsələdir. Sırf statistik baxımdan götürsək, İran mərmilərindən cəmisi biri zərərsizləşdirilməyib, vəssalam. Donald Trampın ötən ilki etirafını xatırlasaq, daha dəhşətli cavabla üzləşməmək üçün İranın hara zərbə endirəcəyi haqda İsrailə olmasa da, ABŞ təmsilçilərinə yenə də öncədən bilgi verməsi istisna edilmir. Bu, belə olub, ya olmayıb, yəqin ki, haçansa bilinəcək. Ancaq, o da faktdır ki, atdığı addımı qarşı tərəfin cavabsız qoymayacağını yaxşı dərk edən rejim dünən təkcə İrandakı kütlənin və digər ölkələrdə təsiri altında olanların gözünə kül üfürmürdü, həm də bir növ kəşfiyyat xarakterli əməliyyat keçirirdi. Keçirdi və İsrailin hava hücumundan müdafiə vasitələrinin yüksək effektliliyini gördü”.

S.Alıyev qeyd edib ki, endirilən zərbələrin dəf edilməsində Birləşmiş Ştatlarla Böyük Britaniyanın hava qüvvələrinin dəstəyi də az rol oynamadı:

“Yeri gəlmişkən, 1991-ci ildən üzü bəri ilk dəfədir ki, ABŞ İsraillə bu cür çiyin-çiyinə savaşdı. Böyük Britaniya isə belə bir hərbi dəstəyi ona ancaq 68 il əvvəl göstərmişdi. Ola da bilsin ki, bu gələcək birgə savaşın kiçik bir məşqidir. Amma, indiki halda İran və proksilərindən gələn təhlükənin aradan qaldırılmasında ən böyük yük məhz İsrail hərbçilərinin üzərində idi ki, onlar da ballistik raket və pilotsuz uçuş aparatlarının 99%-dən artığını elə havadaca sıradan çıxara bildilər. Burada orasını da deyək ki, 400-ə yaxın uçuş aparatı və reketdən cəmisi 150-si İsrailə qədər gəlib çatdı, yerdə qalanı digər ölkələrin üzərində vuruldu, yaxud da İraqdakı kimi məftilə ilişib qaldı. Ancaq məsələ bununla bitmir. İsrail rəhbərliyi gizlətmir ki, dünən baş verənləri cavabsız qoymayacaq. Düzdür, ən azından payızda keçiriləcək seçkiyə görə Bayden administrasiyası müttəfiqinin Orta Şərqdə böyük savaşa yol açacaq genişmiqyaslı hərbi əməliyyat aparmasının qarşısını almağa çalışacaq. Fəqət bəri başdan deyə bilərik ki, İsrailin keçirəcəyi lokal əməliyyatın İrana vuracağı zərbə onun dünənki “qələbəsi”ndən qat-qat təsirli olacaq və hələ mərmiləri hədəfə dəyməmiş yəhudilərin bunu bayram etmələri, yaxud da PUA-larının haradasa elektrik məftillərinə ilişib qalması isə ümumiyyətlə, mümkünsüzdür”. скачать dle 12.1