Bia.Az

ABŞ-ın xüsusi elçisinin Bakı səfərində kritik detal – İranla bağlı PLAN

Siyasət
 3-04-2024, 01:41     291

“ABŞ-ın İran üzrə xüsusi elçisi Abram Paleyin Azərbaycana səfəri və keçirdiyi görüşlər, şübhəsiz ki, maraq doğurur. Lakin görüşün detalları ilə bağlı, hətta ehtimallar üzərindən fikir yürütmək çox çətindir”.

Bu sözləri Globalinfo.az-a politoloq Elçin Mirzəbəyli ABŞ-ın İran üzrə xüsusi elçisi Abram Peylinin Azərbaycanda səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanın Tehrandakı səfirliyi hələ fəaliyyətini bərpa etməyib və İRNA agentliyinin bir neçə gün öncə, İran Xarici İşlər Nazirliyindəki hansısa etibarlı mənbələrə istinadən Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətini tezliklə bərpa edəcəyi barədə xəbərin etibarlılığı da şübhə doğurur:

“Yəni Azərbaycanın İrandakı səfiri Əli Əlizadə, de-fakto səfir missiyasını yerinə yetirmir. Azərbaycanın İrandakı diplomatik missiyasının fəaliyyətini yaxın zamanlarda bərpa edəcəyi ilə bağlı hələlik rəsmi heç bir açıqlama yoxdur. Və ola bilsin ki, missiyanın heyəti yenidən formalaşdırılsın.

Digər tərəfdən, Abram Paleyin ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi və onun israilli həmkarı Corc Diklə görüşünü Vaşinqtonun İran üzrə elçisinin Azərbaycan rəsmiləri və bank sektorunun nümayəndələri ilə görüşlərindən fərqləndirmək lazımdır.


ABŞ-ın İran üzrə xüsusi elçisinin öz ölkəsinin səfiri ilə görüşü, ənənəvi protokol qaydasıdır və bu görüşdə qeyri-adi heç nə yoxdur. Abram Paleyin İsrail səfiri ilə görüşündə də qeyri-adi heç nə görmürəm. Bu görüşün daha çox mesaj xarakteri daşıdığını düşünürəm. Aydındır ki, ABŞ-la İsrail arasındakı hansısa məsələnin müzakirəsi üçün Azərbaycana səfər etməyə heç bir ehtiyac yoxdur.
Azərbaycan rəsmiləri və bank sektorunun nümayəndələri ilə görüşə gəldikdə isə, bu çox güman ki, ABŞ-ın sanksiyaları altına düşən “Bank Melli İran”la bağlıdır. Məlum olduğu kimi, sözügedən bankın filialı ölkəmizdə də fəaliyyət göstərir. Bu, şübhəsiz ki, ehtimaldır. Abram Paleyin sanksiyalarla bağlı fikirləri belə düşünməyə əsas verir”.скачать dle 12.1