Bia.Az

Azərbaycanlıların Rusiyadan geri dönüşü: - Hökumətin “B planı”, işsizlik, bahalaşma…

Siyasət
 1-04-2024, 21:51     276

Rusiya məhkəməsi yüzlərlə miqrantı ölkədə çıxarıb.

Belə ki, Martın 25-dən 29-dək Sankt-Peterburq məhkəmələri miqrant işi üzrə 584 materialdan 515-nə baxıb. Bu barədə Sankt-Peterburq məhkəmələrinin birgə mətbuat xidmətinin rəhbəri Daria Lebedeva “Telegram” kanalında məlumat verib.

O, işlərə əcnəbilər tərəfindən Rusiya Federasiyasına giriş və ya yaşama qaydalarını pozma maddəsi ilə baxıldığını açıqlayıb. Nəticədə şəhərin rayon məhkəmələri bir həftə ərzində 418 əcnəbinin Rusiya Federasiyasından çıxarılması barədə qərar qəbul edib. Bundan əlavə, miqrasiya qanunlarını pozduqlarına görə 48 nəfər cərimələnib. Onlar da beş gün ərzində Rusiyanı tərk etmək məcburiyyətindədirlər.

Məlumdur ki, Rusiyada milyonlarla azərbaycanlı yaşayır və işləyir. Təbii ki, baş verən terror hadisəsindən sonra bütün miqrantlar kimi onların da ölkədən çıxarılması müzakirə olunur. Rusiyadan azərbaycanlı miqrantların kütləvi axını başlayarsa, onların qəbulu üçün hökumətin planı varmı? Bu, büdcəyə əlavə yük yaradacaqmı? Axın əmlak bazarındakı qiymətlərı necə təsir edəcək? Deputat Fazil Mustafa "Cebhe.info"-ya açıqlamasında bildirib ki, Rusiyada miqrantlara qarşı siyasət həmişə kəskin olub:

"Terrodan sonra bu, daha da ağırlaşmaqdadır. Həm də iqtisadi vəziyyət ağırlaşır. Miqrantların xeyli hissəsi hansısa formada Rusiyadan bizneslərini başqa ölkələrə köçürmək barədə düşünür.

Həmçinin, müharibənin yaratdığı sıxıntılar da özünü hiss etdirir. Onların kütləvi şəkildə geri dönməsi isə gözlənilmir. Orada böyük infrastruktur yaradıblar, fəaliyyətləri daha çox ora üzərində qurulub. Amma burada da yəqin ki, bizneslərini həyata keçirə bilərlər. İndidən söyləmək olmur ki, kimin nə qədər pulu, nə biznesi var ki, öz işini burada davam etdirə biləcək. Ona görə konkret nəsə demək çətindir".

İqtisadçı Akif Nəsirli isə bildirib ki, miqrantlara qarşı gedən proses, ögey münasibət onların qazancını azaldır:

"Nəzərə alaq ki, Rusiyada 2 milyona yaxın azərbaycanlı yaşayır. Həmin azərbaycanlıların böyük əksəriyyəti əməkçi miqrantlardır. Birinci növbədə miqrantlara qarşı gedən proses, ögey münasibət miqrantların fəaliyyətini gərginləşdirir, qazancını azaldır, bu azalma da onların Azərbaycandakı ailələrinə təsir edir. Rusiyadan gələn pul hesabına yaşayan ailələr həmin pul kəsiləndə məcbur qalıb burada iş tapacaq, ya ünvanlı sosial yardıma müraciət edəcək. Gələn miqrantlar da həmçinin bu kimi yollarla pul qazanmağa çalışacaqlar. Miqrantların axını sayəsində yaranan əmək qabiliyyətli əhali artıq Azərbaycanda işsizlik faizinin yüksəlməsinə səbəb olacaq".

Onun sözlərinə görə, miqrantlar üçün vəsaitlərin bir hissəsi dolayı yolla, ya birbaşa dövlət büdcəsindən ayrılacaq:

"Ona görə də büdcənin daha çox yüklənməsi ehtimalı böyükdür. Onların Azərbaycanda status almaq iddiaları da ola bilər. Bu iddiaları da qarşılamaq üçün dövlət büdcəsindən vəsait ayrılması gözləniləndir. Rusiyadan milyonlar Azərbaycana gələcəksə, onların bir statusu olmalı, bu statusa uyğun hökumət onların yaşayışını təmin etməlidir. Hər halda miqrant axını olacaqsa, dövlət büdcəsinin yüklənməsi qaçılmazdır".

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev miqrant axını olarsa, kirayə mənzil bazarında ciddi qiymət artımının olacağını deyib:

"Rusiyada baş verən son proses miqrantların ölkədən sürətlə çıxarılmasına gətirib çıxarıb. Bu, azərbaycanlılara qarşı baş verərsə, paytaxt Bakı da olmaqla, iri şəhərlərimizdə ev problemi yarada bilər. Ölkəmizdəki daşınmaz əmlak alıcılarının böyük hissəsi Rusiyada yaşayan soydaşlarımızdır. Orada qazandıqları gəlirin böyük hissəsini Azərbaycanın əmlak bazarına yatırırlar. Rusiyada yaşayan və Azərbaycanda əmlakı olmayan soydaşlarımızın sayı da çoxdur. İş yerlərinin daha çox Bakıda olması isə həmin kütlənin paytaxta axınını artıra bilər. Bu da kirayə mənzil bazarında ev çatışmazlığına, ciddi şəkildə qiymət artımına gətirib çıxarar".
скачать dle 12.1