Bia.Az

"BU TARİXİ ŞANSI ƏLDƏN VERMƏK OLMAZ..." - "Rusların hansı mövqedə olmasından asılı olmayaraq..."

Siyasət
 24-09-2020, 14:43     271

Sentyabrın 20-dən başlayaraq Ermənistan silahlıları Qarabağ cəbhəsində və Azərbaycanın dövlət sərhəddinin Tovuz-Qazax rayonu istiqamətində hərbi cinayətlərini yenidən intesivləşdirib. Milli Məclisin deputatı Vahid Əhmədov Reyting.az-a müsahibəsində deyib ki, faktiki olaraq Azərbaycanı müharibəyə təhrik edirlər:
- Ermənilər təxribat törətməkdə mahirdirlər. Tovuz hadisələri zamanı gördük ki, onlar yeni təxribat həyata keçirmək niyyətindədirlər və Azərbaycanı da fakt qarşısında qoymaq istəyirlər. Faktiki olaraq Azərbaycanı müharibəyə təhrik edirlər. Bu, açıq görünür. Amma gördüyüm həm də budur ki, Azərbaycanın dövlət başçısı tərəfindən aparılan ümumi siyasətin məqsədi ölkənin ərazi bütövlüyünün təminatına yönəlib. Yəni Azərbaycan dövlətinin ərazi bütövlüyü təmin edilməlidir. Bunun müharibə və ya sülh danışıqlarından keçəcəyini zaman göstərəcək. Amma onu deyə bilərəm ki, sülh danışıqları heç bir effekt vermir. Odur ki, Azərbaycanda müəyyən hazırlıqlar, səfərbərliklər başlayıb, hərbi təlimlər keçirilir. Bu onu göstərir ki, Azərbaycan iradəsini ortaya qoyub və işğal altındakı ərazilərimiz güc yolu ilə azad ediləcək. Bunun nə zaman baş verəcəyi yaxın tarixdə bilinəcək.
- Necə düşünürsünüz, erməni tərəfinin əsas məqsədi nə ola bilər?
- Birincisi, onların məqsədi fikir yönəltməkdir. Digər tərəfdən, ermənilərin öz sahibi var. Sahibin də göstərişlərini yerinə yetirmək lazımdır və bunu da edirlər. Sahibləri Azərbaycan və Türkiyənin qardaş dövlətlər olmasından, birgə təlimlər keçirməsindən, ümumən Qafqazın əldən çıxa biləcəyindən narahat olub. Əlbəttə, bunlar ciddi məsələlərdir. Türk ordusu eyni zamanda NATO ordusudur. Sözsüz ki, bu da Rusiya üçün siqnaldır. Rusiyanın başı daha çox Belarusa qarışıb, orada problem böyükdür və həllini tapan deyil. Çünki kifayət sayda dünya dövlətləri bu məsələyə öz mövqelərini bildiriblər. Onu da qeyd edim ki, Azərbaycan öz torpaqlarını müharibə yolu ilə işğaldan azad edə bilər. Ona görə də, çalışırlar ki, aranı qarışdırsınlar, təxribatlar törətsinlər. - Ermənilərin imkan və resursları yetərlidir ki, Tovuz və Qazax istiqamətində ərazilər ələ keçirməklə strateji layihələrimizin qarşısını kəssinlər?
- Onların heç vaxt belə imkanı olmayıb. Əslində Dağlıq Qarabağ işğal edilən zaman da onların imkanı olmayıb və onlara bütün imkanı və şəraiti ruslar yaradıb. Bunu biz görmüşük, şahidi olmuşuq. Ermənistanın bir dövlət kimi nə silahlı qüvvələri, nə də iqtisadiyyatı yüksək səviyyədədir. Onlar heç vaxt torpaq işğal edə bilməzlər. Hazırda Azərbaycan işğal olunmuş torpaqlarını azad etmək istəyir. Cənab Prezident BMT-dəki çıxışının ikinci hissəsində bu məsələyə toxunub. Yəni Azərbaycanın 1 milyona yaxın qaçqın -köçkünü var, torpaqları işğal edilib, BMT Təhlükəsizlik Şurasının qərarları var, dünya Ermənistanın işğal etdiyi tarixi Azərbaycan torpaqlarından çıxmasını istəyir, tələb edir. Bəli, mən hesab edirəm ki, artıq vaxt yetişib. Sizə açığını deyim ki, hətta bir qədər gecikirik. Torpaqları azad etmək lazımdır. Əslində belə bir şans var. Çünki ordumuz kifayət qədər təcrübəyə, müasir silahlara malikdir. Üstəlik, bu məsələyə dair dövlət başçısının dəyişməz iradəsi var. Ona görə də, rusların hansı mövqedə olmasından asılı olmayaraq, torpaqlarımızı azad etməliyik.
Düzdür, Azərbaycanda rusmeylli qüvvələr var, onlar həm hakimiyyət daxilində, həm də kənardadır. Amma bunların xeyri yoxdur, Azərbaycan öz torpaqlarını azad edəcək.
- Vahid müəllim, necə düşünürsünüz, beynəlxalq vəziyyət indi müharibənin başlaması üçün münbitdirmi?
- Hesab edirəm ki, indi beynəlxalq vəziyyət həm iqtisadi, həm də siyasi baxımdan çox ağır durumdadır. Belə götürəndə o qədər də əlverişli saymaq olmaz. Çünki iqtisadi baxımdan dünyanın özündə də vəziyyət ürəkaçan deyil.
Amma mən hesab edirəm ki, bizim torpaqlarımızın işğaldan azad edilməsinin vaxtı yetişib. Vaxt bizim üçün önəmlidir və belə şərait hər zaman olmur. Digər tərəfdən, Türkiyə dövləti, onun rəhbərləri, siyasi qurumları, o cümlədən siyasi partiyaları Azərbaycanı müdafiə edirlər. Açıq elan edirlər ki, Azərbaycanla bir yerdəyik. Son təlimlər, ordunun müəyyən hissəsinin Azərbaycanda qalması bunu bir daha sübut edir. Bu tarixi şansı əldən vermək olmaz, əksinə, bundan istifadə etmək lazımdır.
- Son xəbərlər belədir ki, Suriyada olan PKK terrorçularının izlərinə Azərbaycanın işğal edilən ərazilərində rast gəlinib...
- Ümumiyyətlə, Qarabağın işğal edilən ərazilərində olanlar terrorçulardır. Yəni orada olanları ordu yox, terrorçu adlandırmaq lazımdır. Bu şəxslərin terrorçu olması heç kimdə şübhə yaratmamalıdır. Həm də Azərbaycan müharibə aparmır, öz ərazilərini terrorçulardan təmizləyir. Bura bizim ərazimizdir və buna görə də bizə heç kəs söz deyə bilməz. Sözsüz ki, bu ərazilərə Suriyadan, Livandan müəyyən terrorçuların, PPK-çıların gəlməsi adi haldır. İşğal edilən ərazilərdə onsuz da terrorçular var. İndi də digərlərini gətirirlər. Yəni orada yerli olan mülki əhalidən daha çox terrorçu dəstələri fəaliyyət göstərir.

BİA.az
скачать dle 12.1