Bia.Az

Təhlükəli müdaxilə - Azərbaycan ətrafında yeni savaşın ayaq səsləri

Siyasət
 29-02-2024, 13:04     205

Politoloq İlqar Vəlizadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Almaniyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan nümayəndələri arasında görüşlər keçirildi. Bakının Parisi prosesdən çıxarmasından sonra, Berlinin bu addımı necə qiymətləndirilir?

- Almaniya bu prosesdə vasitəçi deyil. Almaniya tərəfi sadəcə Azərbaycan və Ermənistana meydança verir ki, danışıqlar aparılsın. Bu danışıqlar əsnasında da müəyyən qərarlar çıxarılsın. Almaniya gündəliyi müəyyən etmir, tərəflərə məsləhət görmür. Xüsusilə də hansısa tərəfə təsir göstərmir. Belə bir hal olsaydı, Azərbaycan bu tədbirlərdə iştirak etməzdi. Fransanın bu prosesdə iştirakı yolverilməzdir. Fransa əksinə olaraq Ermənistana təsir, Azərbaycana isə təzyiq göstərməyə çalışır. Fransadan fərqli olaraq Almaniya daha ehtiyatla davranır. Reallığı olduğu kimi qəbul etməyə çalışır. Ona görə də Azərbaycan tərəfi Almaniyada danışıqların aparılmasına razılıq verir.

- Fransanın fəallığı nədən qaynaqlanır, niyə bölgəyə girmək üçün hazırkı məqamı seçib?

- Hazırda Ermənistan-Rusiya münasibətləri xeyli gərginləşib. Kremlin təsiri də buna uyğun olaraq İrəvanda xeyli zəifləyib. Fransa da bu zəiflikdən istifadə etməyə cəhd göstərir. Makron fürsəti dəyərləndirib bölgədə möhkəmlənmək istəyir. O bilir ki, Rusiyanın diqqəti Ukraynaya yönəlib. Rusiya yenidən güclənənə qədər də, artıq gec olacaq və Fransa bölgədə söz sahibi ölkələrdən birinə çevriləcək.Ona görə indiki məqamı seçib və tez bir zamanda mühüm addımlar atmağa çalışır. Makronun planı məhz budur.

Son nəticə etibarilə bu gediş regionda Fransa-Rusiya toqquşmasına gətirib çıxaracaq. Burada yalnız birbaşa silahlı toqquşmadan söhbət getmir. Əsas söhbət nüfuz məsələsidir. Artıq Fransa indidən bu savaşa hazırlıq görür.

- Fransanın xüsusilə Ermənistanda möhkəmlənməsi bölgədə gələcək proseslərə, Azərbaycanla sülh üçün atılan addımlara və rəsmi Bakıya mümkün təsirləri necə ola bilər?

- Ermənistan ağasını başqa birinə dəyişir. Fransa regiondankənar oyunçudur. Aydındır ki, Rusiyanın da öz maraqları var. Amma bütün hallarda Rusiya regiondaxili oyunçudur. Biz Rusiya ilə müəyyən dərəcədə son vaxtlar praqmatik dialoq qurmağa nail olmuşuq. Ona görə də Fransadan fərqli olaraq regionda təmaslar qurmaq Rusiya ilə daha rahatdır. Çünki təkcə Azərbaycan-Rusiya münasibətləri yox, eyni zamanda, Türkiyə-Rusiya münasibətləri də burada müəyyən rol oynayır.

Regionda formalaşan reallıq bundan xəbər verir ki, heç bir regional iştirakçı üçün əlavə gərginlik, münaqişə, müharibə lazım deyil. Amma Fransa regiondankənar oyunçudur. Müharibə baş verərsə, Fransanın itkiləri az olacaq. Rusiya, Azərbaycan, İran və Türkiyənin isə itkiləri çox ola bilər. Çünki bunların coğrafiyasında baş verən münaqişə olacaq. Bu, Fransa üçün bir o qədər də əhəmiyyətli deyil. Fransanın müdaxiləsi ona görə təhlükəlidir ki, münaqişə olsa, birbaşa Parisə təsir etməyəcək. Biz regiondankənar müdaxilələrin əleyhinəyik.

Rusiyanı Ermənistandan asanlıqla çıxara bilməyəcəklər. Yeni münaqişənin regionda yaranması bizim üçün əlverişli deyil. Rusiya-Ukrayna müharibəsində regiondankənar oyunçular müstəsna rol oynayır. İndi təsəvvür edin ki, bizim coğrafiyada bu regiondankənar oyunçular Ermənistanın hərəkətləri, siyasəti ilə oynayacaqlar. Son nəticədə Ermənistan nəhənglərin döyüş meydanına çevriləcək. Bu da bizim regionumuzda baş verəcək.
скачать dle 12.1