Bia.Az

“10 nəfərlə mühasirədə qaldım, ölüm xəbərim yayıldı…” – Deputatdan ŞOK

Siyasət
 27-02-2024, 14:54     283

Fevralın 26-da Azərbaycan Prezidenti İlham Əliyev Xocalı rayonunda Xocalı soyqırımı memorialının təməlini qoyub və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Həmin görüşdə iştirak edən Xocalıdan olan deputat Elman Məmmədov Globalinfo.az-a səfərlə bağlı təəssüratlarını bölüşüb.

“Bu gün həm də mənim üçün xüsusi məna daşıyır. Belə ki, 32 il öncə fevralın 27-də səhər saatlarında 10 nəfərlə birlikdə mühasirədən çıxıb Ağdama gəldim. O dövrdə dərc olunan “Səhər” qəzetinin 27 fevral sayında ölüm xəbərim yayılmışdı. Bizdən əlavə 1-2 gün, 1 həftə mühasirədə qalan qruplar var idi. Xocalıda soyqırıma məruz qaldıq. Məğlub olub, çıxdıq. Lakin heç vaxt təslim olmadıq. Ruhumuzla, düşüncəmizlə bir gün o torpaqlara geri dönəcəyimizə əmin idik. 32 il sonra doğma Xocalımıza qalib Azərbaycan vətəndaşları kimi qayıtdıq. Bundan böyük sevinc, qürur yoxdur. Şəhidlərimizin qisası döyüş meydanında alındı. Bütün xocalılar Prezident İlham Əliyevə təşəkkür və minnətdarlığını bildirir. Ali Baş Komandanın rəhbərliyi ilə igid Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edib. Allah bütün şəhidlərimizə rəhmət etsin, qazilərimizə, əsgərlərimizə can sağlığı versin. Xalqımızın, millətimizin, dövlətimizin, bayrağımızın, gerbimizin üzərindən məğlub sözü götürülüb, qalib yazılıb. Bundan böyük fəxarət yoxdur”.

Elman Məmmədov deyib ki, Xocalının panoramalı hissəsində şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş abidə kompleksi inşa olunacaq:

“Ölkə başçısı dünən onun təməlini qoydu. Həmin yerdə Bayraq meydanı yerləşir. Gələcəkdə “Soyqırım muzeyi”nin yaradılması da istisna deyil. Bununla yanaşı Xocalıda yeni tikililərlə tanış olduq. Ardınca Xankəndiyə səfər etdik. Bütün bunlar çox qürurvericidir”.скачать dle 12.1