Bia.Az

VƏKİLİ HƏSƏNOVUN NECƏ HƏBS OLUNDUĞUNU AÇIQLADI - " Evindən çıxaraq yeni nazirlə..."

Siyasət
 21-08-2020, 11:03     806

"Eldar Həsənov 13 avqust 2020-ci il tarixdə səhər saat 9 radələrində evindən çıxaraq Xarici İşlər Nazirliyinə yeni nazirlə əvvəlcədən razılaşdırılmış görüşə gedərkən Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və oraya gətirilib".

"AzPolitika.info"nun məlumatına görə, bunu Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada sabiq fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovun vəkili Adil İsmayılov öz "facebook" səhifəsindən paylaşdığı açıqlamada bildirib.



Həmin açıqlamanı təqdim edirik:"Eldar Həsənovun işi ilə əlaqədar mətbuata heç bir açıqlama verməyəcəkdim, indi də bu fikirdə qalıram. Əsas iki səbəbi var.

 Birinci, hüquqlarını müdafiə etdiyim şəxs özü bunu istəmir.

İkinci, KİV-lər o qədər qütbləşib və siyasiləşib ki, seçim etmək çox çətindir. İndiki məqamda verəcəyim açıqlamanın harada yayımlanmasının özü də müvəkkilimin vəziyyətinə xələl gətirə bilər.
Ona görə qərara gəldim ki, öz səhifəmdən qısa açıqlama verim, KİV-lər mənə istinadən yazdıqlarımı paylaşa bilər. Bunu etməyim də səbəbsiz deyil, son günlər ucuz sensassiya xətrinə heç bir əsası olmayan xəbərlər yayılır. İşlə bağlı indiki vəziyyətdə aşağıdakı məlumatları paylaşmağı zəruri hesab edirəm :

1. Eldar Həsənovla 30 ildən artıq müddətdir ki,şəxsi tanışlığımız var. E.Həsənov 13 avqust 2020-ci il tarixdə səhər saat 9 radələrində evindən çıxaraq XİN-ə yeni nazirlə əvvəlcədən razılaşdırılmış görüşə gedərkən DTX əməkdaşları tərəfindən saxlanılıb və oraya gətirilib. Bundan sonra onun arzusu ilə məni dəvət ediblər və müdafiəçi kimi işdə iştirak etməyə buraxılmışam.

2. Həmin gün şübhəli şəxs kimi saxlanılıb, ertəsi gün 14 avqustda Səbail rayon məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib. Məhkəmənin qərarından apellyasiya şikayəri vermişik. Bu gün 20 avqustda Bakı Apellyasiya məhkəməsi şikayəti təmin etməyib və qərarı qüvvəsində saxlayıb.

3. Eldar Həsənov vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və büdcə vəsaitlərini təyinatı üzrə istifadə etməməkdə ittiham olunur. O, ittihamları qəbul etmir, həbsini qərəzli, əsassız hesab edir və saxlanıldıqdan bu günə kimi ifadə verməkdən imtina edib, heş bir ifadə verməyib.

4. Eldar Həsənov həbsini anlaşılmazlıq hesab edir, məsələnin ölkə daxilində, hüquqi müstəvidə öz həllini tapacağına ümidini itirməyib. Onun səhhətində problemlər var, həkim olmadığım üçün, həm də onun xahişi ilə bu barədə ətraflı heç nə deyə bilmərəm. Yaxın günlərdə ev dustaqlığı barədə məhkəməyə müraciət etməyi düşünürük. Hələlik deyə biləcəklərim bu qədərdir. Allah amanında".

BİA.az
скачать dle 12.1