Bia.Az

RAMİZ MEHDİYEVİN NƏVƏSİNİN TOYU OLUB – Polisdən açıqlama + VİDEO (Yenilənib)

Siyasət
 20-08-2020, 20:22     446

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi keçirilib. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, R.Mehdiyevin kürəkəni, eks-deputat İlham Əliyev Novxanı qəsəbəsində qızı Fidan Əliyevaya toy edib. Avqustun 18-də bağ evində keçirilən mərasimdə yalnız qohumlar və ailənin yaxın dostları iştirak edib.

Mərasimdən çəkilmiş kadrlardan belə görünür ki, qonaqlar heç bir qoruyucu vasitədən istifadə etməyiblər.

Sosial şəbəkələrdə yayılan xəbərlərə görə, bu gün paytaxtın məşhur restoranlarından birində isə keçmiş deputat Hadı Rəcəblinin nəvəsinin toy mərasimi keçirilib. “Sea Breeze” restoranında təşkil ediləcək mərasimə sabiq millət vəkilinin 150 nəfər qonaq dəvət etdiyi, toyun kifayət qədər təntənəli keçirildiyi bildirilib.



Ancaq Hadi Rəcəblinin ailəsindən modern.az-a verilən məlumata görə, toy mərasiminin keçirilməsi barədə yayılanlar doğru deyil: “Dünən “ASAN Xidmət”də Hadi Rəcəblinin nəvəsi - oğlunun qızı Məhin Rəcəblinin nikah mərasimi olub. Nikah 15:30-da bağlanıb. Gənclər rəsmi nikaha girdikdən sonra bunu dəniz kənarında - açıq havadakı restoranda 7-8 nəfərlə birgə qeyd ediblər. Mərasimdə ancaq gənclər olub. 150 nəfərin iştirakı barədə deyilənlər yalandır”.

Yaxınlarının verdiyi məlumata görə, mərasim “Sea Breeze” restoranında təşkil edilib:“Nikah mərasimində tanınmış müğənni, Xalq artisti Emin Ağalarov (“Sea Breeze” restoranın sahibi-red.) da iştirak edib. Amma nə Hadi Rəcəblinin özü, nə də digər ailə üzvləri mərasimdə iştirak edib”.

Hadi Rəcəblinin nəvəsi 2 ildir ki, nişanlı imiş.

Qeyd edək ki, son günlər Bakının bir neçə məşhur restoranında da toy və nişan mərasimləri keçirilib. Hətta bəzi müğənnilər də toylarda iştirak edərək mahnı oxuyub, aparıcılıq ediblər. Restoranların açıq havada fəaliyyətə başlamasından sonra Bakıda 20-yə yaxın toy keçirilib. Təkcə avqustun 19-da paytaxtda 6 toy mərasimi baş tutub. Bu tədbirlərdən birindən mediapost.az saytı video görüntü yayıb. “Şeron” qrupunun üzvləri də “Nar&Şərab” restoranında nişan mərasimində aparıcılıq ediblər.



Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, bütün bu kütləvi tədbirlər haqqında polisə məlumat daxil olub: “Polis əməkdaşları tərəfindən tədbirin keçirilməsinin qarşısı alınıb. Bunlar sadəcə cəhdlərdir, toy mərasimi keçirilməyib”.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat katibi, polis mayoru Elşad Hacıyev isə bildirib ki, dünən Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən bir restoranda toy mərasimi keçirildiyi aşkarlanıb: “Polis əməkdaşları yoxlama zamanı ora yaxınlaşıb və müəyyən olunub ki, qohumların iştirakı ilə 70 nəfərlik masa sifariş olunub. Bunun qarşısı alınıb və həmin şəxslər inzibati məsuliyyətə cəlb olunub. Digər restoranlarda mərasim keçirilməsi haqda məndə məlumat yoxdur”.

Qeyd edək ki, yeni növ koronavirus infeksiyasının yayılması ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə uyğun olaraq ölkədə kütləvi tədbir, toy və nişan mərasimlərinin keçirilməsi qadağandır.

BİA.az
скачать dle 12.1