Bia.Az

İranın “Səhər” telekanalında Azərbaycanın real tarixini təhrif etməklə məşğuldurlar - ETİRAZ

Siyasət
 22-02-2024, 13:23     211

“Səhər” televiziyası İranın dövlət kanalıdır və bu televiziya ölkə hüdudlarından kənarda da yayımlanan 20 kanaldan biridir. 1997-ci ildə yaradılan bu televiziya bir neçə dildə fəaliyyət göstərir. “Səhər” telekanalı ilə yanaşı, Azərbaycan dövlətçiliyini hədəf almaq məqsədilə daha iki televiziya və bir radio kanalı yaradılıb. Onlardan biri Təbrizdə (AZƏRİ TV), digəri isə Ərdəbildə (ARAN TV) fəaliyyət göstərir. Bu televiziya kanallarının hər birinin yaradılmasında məqsəd Azərbaycan dövlətçiliyini hədəf almaqdır. Uzun müddətdir ki, “Səhər” telekanalında Azərbaycanın real tarixini təhrif etməklə məşğuldurlar. Onlar guya azərbaycanlıların türk deyil, əslində, mənşə etibarilə fars olduqlarını, sonradan türkə çevrildiklərini təlqin etməyə çalışırlar.

Bu sözləri AZƏRTAC-a açıqlamasında cənubi azərbaycanlı politoloq Saleh Kamrani deyib.

S.Kamrani sovet dönəmində insanların dindən uzaqlaşdırıldığını, İran rejiminin də həmin boşluqdan istifadə edərək özünün istədiyi şəkildə mənfi dini düşüncələri azərbaycanlıların beyninə salmağa çalışıldığını qeyd edib.

Politoloq “Səhər” kanalının “zəhərli” proqramlarında Azərbaycanın tarixinin, mədəniyyətinin, ədəbiyyatının, musiqisinin, tarixi abidələrinin təhrif olunması ilə yanaşı, siyasi və din xadimlərinin də hədəf alındığını diqqətə çatdırıb.

“Bu kanal təkcə Şimali Azərbaycanı deyil, eyni zamanda, vaxtilə azərbaycanlıların yaşadıqları Zəngəzur, Borçalı mahallarını, Türkiyənin şərqində yaşayan azərbaycanlıları xüsusilə də radio kanallarında hədəf kimi göstərirlər. Bundan əlavə, Azərbaycan dövlətçiliyinə müxalif olan dini-fanatik insanlardan müsahibələr alıb kanalda yayımlayırlar. Həmin din xadimlərini Azərbaycan cəmiyyətinə şəxsiyyət kimi təqdim etməyə çalışırlar. Təbrizdə fəaliyyət göstərən radionun təqdimat çarxında guya Azərbaycanda sionist rejiminin təbliğatının aparıldığı da deyilir. Ümumilikdə bu kanalların əsas qayəsi Azərbaycan dövlətçiliyini, millətini, milli-mədəni dəyərlərini ləkələməkdir”, - deyə S.Kamrani bildirib.
скачать dle 12.1