Bia.Az

“Qapalı xidmət göstərən restoranların fəaliyyətinə icazə verilməlidir“ - Deputat

Siyasət
 19-08-2020, 11:21     789

“Dünəndən kafe və restoranların açıq havada işləməsinə icazə verildi. İctimai iaşə müəssisələrində yenidən canlanma müşahidə olunmağa başladı. Epidemioloji vəziyyət nəzərə alınmaqla iqtisadiyyatın mərhələli şəkildə tam açılımını vacibliyini dəfələrlə vurğulamaqla qeyd etmək istərdik ki, Mərkəzi və Şərqi Avropa ölkələrinin təcrübəsi göstərir ki, iqtisadi aktivliyin bərpası əhəmiyyətli olmaqla yanaşı, virusdan qorunmaq ilə bağlı qaydalara həm nəzarətin gücləndirilməsi, həm də əməl edilməsinin təşviqi çox əhəmiyyətlidir”. 

Yenisabah.az xəbər verir ki, bunu millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov deyib. O qeyd edib ki, ölkəmizdə də yeni standartlar çərçivəsində ictimai iaşə və xidmət sektorunda fəaliyyətlərin tam bərpası məqsədəuyğundur:

“Rəsmi statistikaya görə, 4 milyon 879 min məşğul əhalinin 1 milyon 769 mini aqrar sektorda çalışır. Onların əksəriyyyəti pay torpaq sahibləridir. Turistlərin yerləşdirilməsi və ictimai iaşədə 78,2 min, istirahət, əyləncə və incəsənət sahəsində 81.5 min vətəndaşımız çalışır. Deməli, ictimai iaşə və xidmət sektoru ilə bağlı sözügedən iki sahədə 160 minə yaxın rəsmi çalışan işçi var. Ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində isə 706 min vətəndaşımız işlə təmin olunub. Göründüyü kimi, iqtisadi açılım məşğulluq baxımdan da vacib hesab olunur”. 
İqtisadçı bildirib ki, qapalı xidmət göstərən kafe və restoranlar üçün də yeni standartların müəyyənləşdirilməsi və onların fəaliyyətlərinə də icazə verilməsi məqsədəuyğun olardı:

“Məsələn, elə kafe və restoranlar var ki, onlar ümumi zalda deyil, fərdi otaqlarda müştərilərə qulluq edirlər. Halbuki virusdan qorunma qaydalarını tətbiq etməklə onların da fəaliyyətinin bərpası mümkün idi. Nəzərə almaq lazımdır ki, ölkəmizdə kafe, restoran və xidmət obyektlərinin çalışdığı sektorda il ərzində 2 milyard manata yaxın dəyər yaradılır.

 Bu isə kifayət qədər ciddi rəqəmdir. Öndə qeyd etdiyimiz Mərkəzi və Şərqi Avropa ölkələrinin təcrübəsi göstərir ki, pandemiya qarşı mübarizədə karantin qaydaları qədər standartların müəyyənləşməsi və onlara nəzarət və əməl edilməsi vacibdir.

Buna görə də iqtisadiyyatın digər sektorlarının yenidən açılımı kontekstində həm qaydalara nəzarətin güclənməsi, həm də hər birimizin bu qaydalara əməl etməyimizə ehtiyac var. Yalnız bu halda, həm yoluxma sayını azaltmaq və lokallaşdırmaq, həm də mərhələli şəkildə bütün sferalarda iqtisadi fəaliyyəti bərpa etmək mümkündür”.

BİA.az
скачать dle 12.1