Bia.Az

Kürd muxtariyyətinin lideri Bakıya çağırıldı – Strateji məsələlər var

Siyasət
 21-02-2024, 01:08     216

Prezident İlham Əliyev fevralın 17-də Münhendə Neçirvan Bərzani ilə görüşüb. İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani COP29-da iştirak etmək üçün Azərbaycana səfərə dəvət olunub.

Rəsmi Bakının son illər Ərbilə baxışı, yanaşması diqqət çəkir.

Bakı-Ərbil yaxınlaşması nəyə hesablanıb? Xüsusilə Neçirvan Bərzanin COP29-a dəvət edilməsi nədən xəbər verir?

Globalinfo.az-a danışan politoloq Kənan Rövşənoğlu deyib ki, ötən il də Münhendə Prezident İlham Əliyev Bərzani ilə görüşmüşdü:

“Hətta o zaman xəbər yayıldı ki, Azərbaycan Ərbildə konsulluq açmağa hazırlaşır. Hələlik konsulluq açılmasa da, Neçrivanla yenidən görüş və Bakıya dəvət olunması onu göstərir ki, Azərbaycan kürd muxtariyyəti ilə əlaqələrə əhəmiyyət verir.


Çünki faktiki olaraq kürd muxtariyyəti yarımmüstəqil bir qurumdur, region ölkələri ilə ciddi əlaqələrə malikdir, üstəlik strateji bir nöqtədə yerləşir.
Azərbaycanla bu bölgə arasında ticarət əlaqələri olub. Görünür indi bu əlaqələrin inkişaf etdirilməsinə ehtiyac yaranıb.
Nəzərə almaq lazımdır ki, kürd muxtariyyəti zəngin enerji ehtiyatlarına malikdir. Üstəlik regionun mühüm nəqliyyat qovşaqları burdan keçir. Eyni zamanda Türkiyənin hazırda üzərində işlədiyi Bəsrə-Türkiyə nəqliyyat qovşağında kürd muxtariyyətinin payı var. Bu qovşaq gələcəkdə Yaxın Şərqdən keçən mühüm nəqliyyat xətlərindən biri ola bilər. Həmçinin indi Azərbaycan üçün COP29 tədbirində daha çox ölkənin yüksək səviyyədə iştirak etməsi mühüm əhəmiyyət kəsb edir. Bu mənada dəvət normaldır.
Burada yeni bir məna axtarmağa gərək yoxdur. Düşünürəm ki, bu görüş və dəvətlər rəsmi Bağdadın razılığı ilə həyata keçirilir. Çünki Azərbaycan üçün İraq mərkəzi hökumətinin mövqeyi və reaksiyası daha mühümdür”.скачать dle 12.1