Bia.Az

Qərb Münhendə gördüklərindən tezliklə nəticə çıxartmalıdır - ÇAĞIRIŞ

Siyasət
 20-02-2024, 19:40     185

Ötən həftə sonu Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyada səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev konfrans çərçivəsində bir sıra dövlət başçısları, təmsilçilər və qlobal təşkilatların rəhbərləri ilə önəmli görüşlər keçirib. Bütün təmaslar qarşı tərəflərin müraciətinə əsasən baş tutub. Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Odil Reno-Basso, "Leonardo" şirkətinin baş həmdirektoru, Dünya Bankının baş idarəedici direktoru, Münhen Təhlükəsizlik Konfransının sədri, "The Rockefeller Foundation"ın baş vitse-prezidenti, BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri, Avropa Komissiyasının İcraçı vitse-prezidenti, o cümlədən ABŞ rəsmiləri və digər siyasilərlə Prezidentin görüşləri keçirilib. Dövlət başçısı Münhendə ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqla da görüşüb. Tərəflər arasında bir sıra öməmli məsələlər müzakirə olunub. Görüşdə Maltanın xarici, Avropa işləri və ticarət naziri COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırıb. Maltanın da kiçik ada ölkələrinin iqlim dəyişikliyi nəticəsində üzləşdiyi problemlərə həssaslıqla yanaşdığını və bu xüsusda Azərbaycan ilə birgə əməkdaşlığa hazır olduğunu bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan COP çərçivəsində inklüziv konsepsiyanın tərəfdarıdır və kiçik ada dövlətlərinin iqlim dəyişikliyi nəticəsində üzləşdiyi problemlərə çox həssaslıqla yanaşır. Görüşdə Azərbaycanın sədrliyi dövründə bu məsələyə xüsusi diqqət yetiriləcəyi və bu xüsusda da Malta ilə, həmçinin ATƏT platformasından istifadə edilərək birgə əməkdaşlığa hazırlıq ifadə olunub. Ən önəmli məqamlardan biri Münhendə qalib liderimizə olan xüsusi diqqət, görüşlərin xahişlərə əsasən baş tutmasıdır. Avropa növbəti dəfə Azərbaycan dövlətinin və qalib lider İlham Əliyevin qlobal nüfuzunun şahidi olmaqdadır. Azərbaycan Prezidentinin Münhen Təhlükəsizlik Konfransında iştirakı vacib idi. Bu, Azərbaycanın Qarabağ üzərində suverenliyini tam bərpa etdikdən sonra dövlət başçısının beynəlxalq əhəmiyyətli toplantıda ilk iştirakı idi. Münhendə Azərbaycan dövlət başçısı ilə görüşmək istəyənlər sırada gözləyirdilər. Halbuki Ermənistanın ümidi o idi ki, Qarabağda antiterror əməliyyatından sonra Qərb ölkələrinin Azərbaycana münasibəti dəyişəcək, Bakıya təzyiqlər artacaq. Qərbin Azərbaycanla əməkdaşlığa ehtiyacı olduğunu Münhen Təhlükəsizlik Konfransı açıq-aşkar göstərdi. Qərbdə bəziləri Qarabağ mövzusunu gündəmdə saxlamağa çalışsa da, onların sayı getdikcə azalır, qərar verən əsas mərkəzlər Bakı ilə əməkdaşlığın genişlənməsində maraqlıdırlar. Azərbaycan ağırlıq mərkəzini özünə doğru dəyişməyi bacarıb və geosiyasi müstəvidə, beynəlxalq sahədə çox cəsarətli addımlar atan önəmli aktora çevrilib. Azərbaycanın iqtisadi göstəriciləri, xarici siyasətdə qətiyyətli addımları ona etimad göstərmək üçün heç bir şübhə yeri qoymur. Görüş zallarından və eşalonlarından duyulan birmənalı mesaj ondan ibarət idi ki, Azərbaycan, onun Lideri etimad olunmalı tərəfdir. Konfrans boyu keçirilən görüşlər sübut etdi ki, dövlət və özəl olmaqla, bütün subyektlər Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Məhz ona görə də Münhendəki görüşlərin demək olar hamısı qarşı tərəfin təşəbbüsü ilə baş tutdu. Bu isə şübhəsiz ki, dövlətimizin başçısının siyasi Lider kimi nüfuzundan, xarizmasından xəbər verir. Prezident İlham Əliyev bir daha sübut etdi ki, Azərbaycan həll yollarının müəyyən edilməsini gözləyən zəif tərəf deyil, bundan sonrakı proseslərə istiqamət verən güclü aktordur. Ermənistan-Azərbaycan məsələsi də məhz bu iki tərəf arasında olan məsələdir və bu məsələ, ümumiyyətlə, beynəlxalq gündəlikdən düşməlidir. Onu qlobal müstəviyə keçirməyin, oyunçu dəyişikliyinə getməyin özü belə absurddur. 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv, 120 ölkənin dəstəyi ilə Qoşulmama Hərəkatına sədr seçilməyimiz, habelə, COP-29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərar ondan xəbər verir ki, Prezident İlham Əliyevin siyasətinin nəticəsi olaraq ölkəmiz regional çərçivədən çıxaraq qlobal tərəfdaşa çevrilib.

Millət vəkili Azər Badamov "Sherg.az"a açıqlamasında bildirib ki, Münhen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyev ən çox görüşlər keçirən dünya lideridir. Deputat vurğulayıb ki, dövlət başçımızın keçirdiyi görüşlər əsasən qarşı tərəflərin təşəbbüsü ilə baş tutur:
"Azərbaycan bu gün öz suverenliyini təmin etmiş qalib ölkədir. Cənab Prezident İlham Əliyev də bütün xalqın böyük qürurla seçdiyi dövlət başçısıdır. Bu həm də, ölkəmizdki ictimai-siyasi sabitliyin göstəricisidir. Yəni ölkəmiz sülhsevərdir, sabitdir, iqtisadiyyatı dinamik inkişaf edir və dövlətimizə qlobal siyasətdə uzaqgörən baxışları olan dünya səviyyəli bir Lider rəhbərlik edir. Dövlət başçımızla görüşmək istəyənlərin sayının çox olması cənab İlham Əliyevin şəxsi nüfuzu və ölkəmizlə əməkdaşlıq etmək istəyənlərin çox olmasından irəli gəlir. Prezidentin keçirdiyi bütün görüşlərdə ölkəmizin milli maraqları yüksək səviyyədə qorunur və qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunur. Həm də Azərbaycan bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bu il də COP-29 beynəlxalq konfransına ev sahiblik edəcək".
Parlament üzvü qeyd edib ki, Azərbaycan həmişə qlobal təşəbbüslərlə çıxış edən ölkədir:
"Azərbaycan beynəlxalq problemlərin həll olunmasında dünya birliyində bir konsolidasiya yaradır. COP-29 çərçivəsində də ölkəmiz qlobal istiləşməyə qarşı mübarizədə yeni bir səhifə açacaq. Ölkəmizin beynəlxalq nüfuzunun günü-gündən artması dünyada dostlarımızın sayını da artırır. Bu gün qlobal səviyyədə Azərbaycanı və dövlət başçımızı etibarlı tərəfdaş kimi tanıyırlar. Ona görə də bizimlə əməkdaşlıq etmək və ölkəmizə investisiya yatırmaq istəyənlərin sayı da günü-gündən artmaqdadır. Təbii ki, dövlət başçımızın keçirdiyi görüşlər və əməkdaşlıq imkanlarımızın genişləndirilməsi Azərbaycanın gücünü daha da artırır".

Millət vəkili Naqif Həmzəyev də "Sherg.az"a deyib ki, Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyada səfərdə olan Prezident İlham Əliyev bir sıra dövlət rəsmiləri, o cümlədən ATƏT və digər təşkilatların, qlobal şirkətlərin nümayəndələri ilə görüş keçirib. Deputatın sözlərinə görə, görüş istəklərinin məhz qarşı tərəflərdən gəlməsi xüsusi diqqət çəkir:
"Prezident İlham Əliyev Münhendə İsrail prezidenti və Türkiyənin xarici işlər naziri Hakan Fidanla da görüşlər keçirdi. Bu gün də dövlət başçısı önəmli təmaslarda olacaq. Bütün bunlar ilk növbədə onu göstərir ki, Azərbaycan daim diqqət mərkəzində olan və həyata keçirdiyi daxili-xarici siyasətin daim diqqət mərkəzində olduğu bir dövlətdir. Ölkəmiz Avropada müxtəlif dövlətlər və şirkətlər tərəfindən maraq cəzb etməkdədir. Azərbaycanın dünyanın hər yerində önəmli tərəfdaşları və dəstəkçiləri var. Azərbaycan rəhbərliyi qətiyyətli, iradəli və məqsədyönlü xarici siyasət yürüdür. Dövlətimizin inkişafını, irəliyə getməsini istəyən, bizimlə bərabərhüquqlu əməkdaşlıqda maraqlı olan dövlətlər və qurumlar var ki, bu da balanslaşdırılmış uğurlu Azərbaycan siyasətinin əsas göstəricisidir".

Parlamentari bəyan edib ki, Azərbaycan yeni dövrün tələblərinə uyğun olaraq yeni kriteriyalar əsasında xarici siyasət həyata keçirir:
"Əvvəllər əsas məsələ Qarabağın işğalı və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması idisə, indi isə xarici siyasətimizlə bağlı tamam fərqli aspektlər, məqamlar gündəmdədir. Xüsusən xarici iqtisadi əlaqələrin gücləndirilməsi və beynəlxalq ictimaiyyəti narahat edən iqlim dəyişikliyi, ekologiya və digər məsələlər ətrafında Azərbaycanın dəstəyi, töhfələri, həmçinin regionda dayanıqlı sülhün əldə olunması perspektivləri müzakirə olunur. Azərbaycan Prezidentinin Münhen Təhlükəsizlik Konfransında iştirakı mühüm məqamlardan xəbər verir. Prezidentin ATƏT sədri ilə görüşdə diqqət çəkdiyi məqamlar da çox önəmlidir. Dövlət başçısı bir daha vurğuladı ki, əhəmiyyətsiz Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi fəaliyyətsiz strukturlar ləğv olunmalı, onlara ayrılan vəsait daha faydalı işlərə sərf olunmalıdır. Bunlar çox önəmli nüanslardır. Eyni zamanda Azərbaycana qarşı təzyiqlər edən, qarayaxma kampaniyası aparan bəzi ölkə və təşkilatlar da Münhendə gördüklərindən nəticə çıxartmalıdır. Azərbaycanı və Cənubi Qafqazı rəsmi Bakının yaratdığı yeni reallıqlarla qəbul etməlidirlər".
скачать dle 12.1