Bia.Az

ABŞ-Azərbaycan əlaqələri yeni məcrada - İnkişaf olacaq...

Siyasət
 19-02-2024, 20:00     173

Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət katibi Antoni Blinkenin görüşü oldu.

Görüşdə Azərbaycanla ikitərəfli əlaqələri çox yüksək qiymətləndirdiklərini qeyd edən Antoni Blinken ikitərəfli münasibətlərin və ölkələrimiz arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğuladı.

Ekspertlər bu halın Amerika ilə Azərbaycan arasında əlaqələrin daha da inkişaf etməsinə töhfə olacağını bildirirlər.

Görüşdə Azərbaycanın ABŞ ilə ikitərəfli gündəliyi çox yüksək qiymətləndirdiyini deyən dövlətimizin başçısı İlham Əliyev öz növbəsində vurğuladı ki, ölkələrimiz arasında tərəfdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar var. ABŞ Dövlət katibi COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırdı, COP çərçivəsində ABŞ-ın da Azərbaycanla əməkdaşlığa və ölkəmizi bu istiqamətdə dəstəkləməyə hazır olduğunu söylədi.

Azərbaycan və Amerika Birləşmiş Ştatları arasındakı münasibətlər 1992-ci ilin 28 fevral tarixində diplomatik əlaqələr yolu ilə qurulub. Bu əlaqələr çərçivəsində Azərbaycan Respublikasının ABŞ-da bir səfirliyi, ABŞ-ın isə Azərbaycandakı bir səfirliyi və bir konsulluğu fəaliyyət göstərir.

Bu diplomatik əlaqələr müxtəlif sahələrdə əməkdaşlığı özündə əks etdirir:

Yüksək səviyyəli qarşılıqlı səfərlər; Dövlət başçıları arasında görüşlər; Hökumət başçıları və nazirlər tərəfindən səfərlər; Parlamentlərarası əlaqələr; Müqavilə-hüquq bazası; İqtisadi əlaqələr; Enerji sahəsində əməkdaşlıq; Əmtəə dövriyyəsi; Səfirliklər və konsulluqlar; İdman sahəsində əməkdaşlıq; Futbol qarşılaşmaları və sair.

Bu əlaqələr Azərbaycanın beynəlxalq arenada daha geniş tanınmasını və əməkdaşlığın möhkəmləndirilməsini təmin edir. Həmçinin, Azərbaycan Amerika Alyansı da Azərbaycanın NATO-dakı müttəfiqlərinin, xüsusən də ABŞ-ın daha çox tanınması və dəstəyini müdafiə edir.

Amerika ilə Azərbaycan arasında hər zaman münasibətlər yüksək səviyyədə olub. Bundan sonra da bu cür halın davam edəcəyi şübhə doğurmur. Xüsusilə də COP29 iki ölkə arasında əməkdaşlıq üçün daha böyük imkanlar yaradır.

Doğrudur, son zamanlar Azərbaycanla ABŞ arasında müəyyən gərginliklər yaşanırdı. Bu, əsasən də Konqresdəki dinləmələrdə Azərbaycanla bağlı səsləndirilən qərəzli fikirlərlə əlaqədar idi. Azərbaycan haqlı olaraq bu məsələlərə öz etirazını bildirirdi. Ancaq diplomatik əlaqələr sayəsində müsibətlər qısa müddətdə bərpa olundu.

Onu da bildirək ki, ötən həftə Azərbaycanın energetika naziri Pərviz Şahbazov Amerika Birləşmiş Ştatlarına səfər edib.

Energetika Nazirliyinin məlumatına görə, səfər çərçivəsində ikitərəfli enerji əməkdaşlığının inkişaf perspektivləri, Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirdiyi layihələr və digər mövzular ətrafında müzakirələrin aparılması və bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur.

Şahbazovun ABŞ-a səfəri fevralın 16-da Münxendə Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidentinin qlobal infrastruktur və enerji təhlükəsizliyi üzrə xüsusi koordinatoru Amos Hoxşteynin görüşündən sonraya təsadüf edir.

Görüşdə enerji sahəsində əməkdaşlıq, Orta Dəhlizin inkişaf etdirilməsi və Azərbaycanın bu prosesdə rolu müzakirə olunub, COP29 çərçivəsində əməkdaşlıq məsələlərinə toxunulub. Söhbət zamanı həmçinin Azərbaycan-ABŞ ikitərəfli əlaqələrinə dair fikir mübadiləsi aparılıb.

Yəni münasibətlərdə müəyyən anlaşılmazlıqlar yaradan məsələlər artıq keçmişdə qalıb.

Ermənistan-Azərbaycan münasibətlərinə gəlincə isə bu məsələdə də normallaşma prosesi öz axarı ilə davam edir.

Müharibə sona çatıb, Azərbaycan tarixi ədaləti bərpa edib, öz torpaqlarını həm separatçılardan, həm də düşmən tapdağından təmizləyib. Bununla Azərbaycan terrora, terrorçuların fəaliyyətinə də son qoyub və bölgədə sülhü bərqərar edib. Qarabağ problemi artıq yoxdur. Mövcud vəziyyət Ermənistan-Azərbaycan əlaqələrinin tam potensialının üzə çıxarılması baxımdan əhəmiyyətlidir. Azərbaycan da dəfələrlə bildirib ki, başqa niyyəti yoxdur. Biz regionda sülhün və sabitliyin tərəfdarıyıq. ABŞ da bu məsələni dəstəkləyirsə, biz bunu ancaq alqışlaya bilərik.

Münxen səfəri çərçivəsində Prezident İlham Əliyev 3 ABŞ rəsmisi ilə görüşdü.

Bu da əlaqələrin inkişaf perspektivlərinin olduğunu bir daha nümayiş etdirir. ABŞ tərəfinin də Azərbaycanla münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu göstərir.

Eyni zamanda yuxarıda da qeyd etdiyimiz kimi, ABŞ-Azərbaycan əlaqələrinin ikitərəfli mahiyyəti üzrə inkişaf etdirilməsi də müzakirə olunan əsas mövzulardan olub. Bu əlaqələr Ermənistan ilə Azərbaycan arasında prosesin əsirinə və ya hədəfinə çevrilməməlidir. Elə keçirilən görüşlərdə də belə bir niyyət ifadə olundu ki, əməkdaşlıq daha da genişləndirilsin.

Musavat.com
скачать dle 12.1