Bia.Az

Hökumətdə yeni isimlər görünəcək? - AKTUAL

Siyasət
 15-02-2024, 11:10     303

Dünən Nazirlər Kabineti istefa verib. Konstitusiyanın 116-cı maddəsində nəzərdə tutulan bütün addımlar yerinə yetirilib. Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, hökumətin yeni tərkibi formalaşanadək Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi əvvəlki tərkibə həvalə edilib. Qeyd edək ki, Konstitusiyanın 116-cı maddəsinə əsasən, yeni seçilmiş Prezident vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti istefa verir. Konstitusiyanın 118-ci maddəsinə görə, Baş naziri Milli Məclisin razılığı ilə Prezident təyin edir. Baş nazir vəzifəsinə namizədlik haqqında təklifi Prezident öz vəzifələrinin icrasına başladığı gündən bir ay və ya Nazirlər Kabinetinin istefa verdiyi gündən iki həftə müddətindən gec olmayaraq Milli Məclisin müzakirəsinə təqdim edir. Milli Məclis Baş nazir vəzifəsinə namizədlik haqqında qərarı həmin namizədliyin təqdim edildiyi gündən bir həftədən gec olmayaraq qəbul edir. Göstərilən qayda pozularsa və ya Prezidentin təqdim etdiyi namizədlərin Baş nazir vəzifəsinə təyin olunmasına üç dəfə razılıq verilməzsə, Prezident Baş naziri Milli Məclisin razılığı olmadan təyin edə bilər. Ekspertlərin fikrincə, yeni dövrün yeni tələbləri var. Prezident İlham Əliyev də bu barədə fikirlərini bildirib. Dövlət başçısı qeyd edib ki, növbədənkənar seçkini zəruri edən amillərdən ən əsası məhz yeni şəraitin, yeni dövrün yaranmasıdır. Ona görə də istər kadr sahəsində, istər idarəetmə və struktur məsələlərində yeni dövrə uyğun dəyişikliklərin olacağı güman edilir. Xüsusən, yeni formalaşacaq hökumətdə yeni simaların da yer alacağı söylənilir.

Siyasi şərhçi Azər Həsrət "Sherg.az"a bildirib ki, hökumət strukturlarında ciddi dəyişikliklərə ehtiyac var. Ekspertin sözlərinə görə, əvvəlki dönəmdə dövlət və cəmiyyət olaraq keçmiş Qarabağ probleminin həllinə fokuslanmışdıq:
"Ona görə də bəzi məsələlər arxa plana keçirdi. Amma bundan sonra arxa plana keçiriləcək heç bir məsələ olmamalıdır. Şübhəsiz, hökumətin yeni tərkibi də yeni çağırışlara cavab verməyi bacarmalıdır. Nazirlər Kabinetinin istefası Konstitusiyaya uyğun atılmış addımdır. Növbəti bir ay ərzində cənab Prezident Nazirlər Kabinetinin yeni tərkibini açıqlayacaq. Ümid edirəm və inanıram ki, yeni tərkib sağlam adamlardan ibarət olacaq. Hazırda əhali ən çox hansı nazirlərdən narazıdır? Nazir təyin edildikdən sonra bütün qohum-əqrəbasını, yerlilərini, tanışlarını, tələbə yoldaşlarını başına yığanlardan xalq narazıdır. Nazirlər Kabinetinin yeni tərkibinə mağara keyfiyyətlərindən uzaq şəxslər cəlb olunmalıdır. Kiməsə nazir postu həvalə edilirsə, dövlət başçısı ona etimad göstərirsə, etimadı doğrultmalıdır, öz tayfasını ətrafına yığmamalıdır. Dövlətə xidmət edəcək bir Nazirlər Kabineti gözləyirik".

A.Həsrət parlament seçkilərinin keçirilməsinə də ehtiyac olduğunu söyləyib:
"Milli Məclisdə də keyfiyyət dəyişikliyi çox vacibdir. Azərbaycan bəzi mərkəzlər və dövlətlər tərəfindən küncə sıxışdırılır. Bu təzyiqlərin qarşısında duruş gətirəcək parlamentə ehtiyacımız var. Yeni dönəm üçün sağlam kadrların vəzifələrə, idarəetməyə cəlb olunması, parlamentdə yer alması növbəti mərhələnin daha çevik olmasına imkan yaradacaq. Əlbəttə, cənab Prezident bunları bizdən yaxşı bilir. Ona görə də çox ümidliyəm ki, yeni dönəm hamımız üçün əlamətdar olacaq".
скачать dle 12.1