Bia.Az

Qarabağdakı sülhməramlılar Zəngəzura göndərilə bilər - GƏLİŞMƏ

Siyasət
 2-02-2024, 14:18     188

Qarabağdakı Rusiya Sülhməramlı Kontingenti Ermənistanın Zəngəzur (Sünik) bölgəsində yerləşə bilər.

Rusiyanın bəzi KİV-lərində belə bir məlumat dolaşır ki, Rusiya sülhməramlılarının Qarabağı tərk edəcəyi gözlənilir. Rusiya KİV-lərinin diplomatik mənbələrdən aldığı məlumata əsasən, bunun əvəzində Moskva sülhməramlıların Zəngəzur dəhlizində yerləşməsini təmin edəcək.

Məlumatlarda qeyd olunur ki, Moskva Azərbaycanın qərb bölgələri ilə Naxçıvanı birləşdirən nəqliyyat kommunikasiyalarının – Zəngəzur dəhlizinin məhz rus qoşunlarının nəzarəti altında açılmasını istəyir.

Sülhməramlıların bir qisminin də Sisian və Gorus hava limanlarına yerləşəcəyi, ən əsası da Ermənistanın buna qarşı çıxacaqı təqdirdə sərt nəticələrlə üzləşəcəyi bildirilir.

Həmçinin Azərbaycan, Türkiyə və İranın bu ssenariyə razı olduqları qeyd olunur.

Mövzu ilə bağlı “Cümhuriyət” qəzetinin müsahibi politoloq Elçin Xalidbəyli olub.

Politoloq öz müsahibəsində bir çox önəmli məqamlara aydınlıq gətirib.

- Elçin müəllim, Rusiya KİV-lərinin məlumatları nə dərəcədə inandırıcı ola bilər? Yəni Moskva həqiqətənmi tez bir zamanda qoşunlarını Qarabağdan çıxarıb Zəngəzur dəhlizi boyunca yerləşdirmək niyyətindədir?

-Son vaxtlara qədər Rusiya Zəngəzur dəhlizi ilə bağlı mövqeyini açıq şəkildə bəyan etməyə üstünlük verirdi. Kremldə hesab edirdilər ki, bu məsələ yalnız Azərbaycan ilə Ermənistan arasında aparılan müzakirələr çərçivəsində həll edilməlidir. Bu günə qədər Moskva bu məsələ barədə planlarını arxa planda saxlamağa çalışırdı.

Lakin sonradan rəsmi Bakının çevik manevrləri, xüsusilə də Paşinyan hakimiyyətinin Azərbaycanın şərtlərinə zidd olan tələblər irəli sürməsi vəziyyəti tamamilə dəyişdi. Bundan savayı, rəsmi Bakı ilə Tehran arasında İran ərazisindən keçəcək Azərbaycanın qərb bölgələri ilə Naxçıvanı birləşdirən alternativ dəhlizin yaradılması barədə sazişin imzalanmasından sonra Moskva Zəngəzur dəhlizi ilə bağlı mövqeyini yenidən nəzərdən keçirəyə məcbur oldu. Yəni Kremldə anladılar ki, Paşinyan hakimiyyətinin Zəngəzur dəhlizi məsələsində inadkarlığı Rusiyanın regionda maraqları üçün ciddi problemlər yaradır.

Bildiyimiz kimi, 2020-ci ilin noyabrın 10 – da Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən imzalanan üçtərəfli Bəyanatın 9-cu müddəasına görə, Ermənistanın cənub ərazilərində Azərbaycanın qərb bölgələri ilə Naxçıvanı birləşdirən nəqliyyat kommunikasiyalarına Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları nəzarət etməlidir. Rəsmi İrəvan bu müddəa ətrafında manipulyasiyalar etməklə məşğuldur.

Məhz buna görə də Kremldəkilər bir masa arxasında oturub hesabladılar ki, əgər Azərbaycan Paşinyan hakimiyətinin manipulyasiyaları üzündən Zəngəzər dəhlizindən imtina edib Naxçıvana İran ərazisindən marşrut açarsa, Rusiyanın Ermənistanda öz mövqeyini daha da möhkəmləndirmək və Cənubi Qafqazda xüsusi əhəmiyyət kəsb edən layihə üzərində nərazət etmək üçün imkanları əldən çıxa bilər. Bu baxımdan Moskva bu məsələdə Ermənistana təzyiq göstərmək qərarına gəlib.

Demək olar ki, Zəngəzur dəhlizi məsələsi Rusiya ilə Ermənistan arasında müəyyən mənada qarşıdurma mövzusuna çevrilib. Bu yaxınlarda Rusiyanın XİN rəhbəri Serqey Lavrov son bəyanatında üç tərəfli bəyanatın 9-cu müddəasından sitat gətirərək Paşinyan hakimiyyətinə eyham vurdu ki, İrəvan bu dəhlizi açmaq məcburiyyətindədir. Lavrov, həmçinin Ermənistan rəhbərliyinin diqqətinə dəhlizin təhlükəsizliyinə məhz rus qoşunları zəmanət verməli olduğunu çatdırdı.

- Belə demək olarmı ki, artıq İran və Türkiyə Zəngəzur dəhlizi məsələsində Rusiya ilə eyni mövqedən çıxış edir?

-Regionda Zəngəzur dəhlizinin açılmasına kəskin şəkildə etiraz edən yeganə ölkə İrandır. Tehran hesab edir ki, bu dəhliz ABŞ və NATO-nun nəzarəti altında ola bilər və bu da İranın təhlükəsizliyinə ciddi təhdid yaradacaq. Ona görə də İran buna müqavimət göstərir. Ancaq Rusiyanın Zəngəzur dəhlizinə nəzarət etmək planı reallaşarsa, bu, İranı məsələ ilə bağlı mövqeyində dəyişiklik etməyə vadar edəcək. Belə olan halda İranın sərhədləri yaxınlığında ABŞ və NATO-nun qüvvələrinin mövqe tutması qeyri-mümkün olacaq.

Ona görə də böyük ehtimalla, Tehran Rusiyanın Zəngəzur dəhlizinə nəzarət etmək planlarına əngəl yaratmayacaq. Xüsusilə, hazırda Rusiya ilə münasibətlərin korlanması İrana qətiyyən sərf eləmir. Çünki son zamanlar ABŞ və Avropa ölkələrinin İrana qarşı təzyiqləri intensiv şəkildə artıb. Belə bir vəziyyətdə Tehran ən yaxın müttəfiqi Rusiya ilə münasibətlərdə problemlərin olmasını istəməz. Bütün bunları nəzərə alaraq hesab etmək olar ki, Rusiyanın bu dəhlizə nəzarəti İranın maraqları üçün də münasib ola bilər.

Yəqin ki, Türkiyə də Rusiyanın Zəngəzur dəhlizinə nəzarət etməsinə etiraz etməyəcək. Həm Azərbaycan, həm Türkiyənin maraqlarında Ermənistanın ərazisindən keçəcək nəqliyyat kommunikasiyalar məhz dəhliz statusu çərçivəsində reallışması əsas prioritetdir.

Onu da vurğulayım ki, Ermənistanın Zəngəzur dəhlizinə etiraz etməsinin arxasında Qərb faktoru dayanır. Qərb ölkələri – ABŞ, Avropa İttifaqı və Fransa Cənubi Qafqazda Rusiya tərəfindən koordinasiya ediləcək geosiyasi və geoiqtisadi layihənin həyata keçməsini istəmir. Qərb Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılmasına çalışır. Onlar hesab edirlər ki, belə bir zamanda Zəngəzur dəhlizinin təhlükəsizliyinə Moskvanın zəmanət verməsi faktiki olaraq Rusiyanın Cənubi Qafqazda daha da möhkəmlənməsinə xidmət edəcək.

Ona görə də Paşinyan hakimiyyəti ABŞ və Fransanın tapşırıqları əsasında üçtərəfli Bəyanatın 9-cu müddəasını yerinə yetirməkdən boyun qaçırır.

- Nikol Paşinyanın Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı planlarına əngəl yaratdığı təqdirdə Moskva hansı sərt tədbirlərə əl atacaq?

-Böyük ehtimalla, yaxın zamanda Ermənistan öz mövqeyindən geri çəkilməyə məcbur olacaq. Yəni rəsmi İrəvan Zəngəzur dəhlizinə müqavimət göstərməkdən imtina edəcək. Çünki Ermənistanın uzun müddət ərzində bu məsələnin reallaşmasına müqavimət göstərmək üçün imkanları yoxdur. Ermənistanı cəsarətləndirən yalnız Qərb ölkələrinin dəstəyidir.

Eyni zamanda, İrəvan görür ki, son zamanlar Rusiya Ukrayna ilə müharibədə üstünlüyü ələ almağa başlayıb və Qərb ölkələri Ukraynada öz mövqelərini əldən verib. Ermənistanın hakim dairələrində narahatlıq yaranıb ki, Rusiya Ukraynada qalib gələndən sonra üzünü Cənubi Qafqaza, konkret olaraq Ermənistana çevirəcək. Bu da Ermənistanda cidd təlatümlərin baş verməsinə səbəb ola bilər. Bu baxımdan Ermənistanın Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı planlarına sərt etiraz etməsi və müqavimət göstərməsi inandırıcı görsənmir.

Hətta İrəvan buna cəhd göstərsə belə, bu, onun üçün çox ağır nəticələr doğuracaq. Bilirik ki, Ermənistanın iqtisadiyyatı faktiki olaraq Rusiyadan asılı durumdadır. Bundan başqa, Ermənistanın sərhəd ərazilərinin təhlükəsizliyinə rus qoşunları himayə edir. Ermənistanda Rusiyanın iki hərbi bazası mövcuddur.

Bununla bərabər, Ermənistan Rusiyadan çox ucuz qiymətə təbii qaz idxal edir. Əgər Ermənistana təchiz edilən təbii qazın qiyməti dünya bazarlarındakı qiymətlərə uyğunlaşdırılarsa, Ermənistan çox ağır böhranla üz-üzə qala bilər. Rəsmi İrəvanın bu böhrandan xilas olmaq imkanları sıfıra bərabərdir.

Ən önəmli məqam budur ki, ABŞ və Avropa İttifaqı Ermənistanı nə qədər dəstəkləsə də, bu, ölkənin Rusiyanın təsir dairəsindən çıxması üçün qənaətbəxş deyil. Moskvanın İrəvanı cəzalandıracağı təqdirdə Qərb Ermənistanı müdafiə etməyə cəhd göstərməcək. ABŞ və Aİ Ermənistanı da Ukrayna kimi Rusiyanın qarşısında tək buraxacaq. Qərb öz geosiyasi maraqlarının təmin olunduğu ölkələrdə mövqe tutmağa üstünlük verir. Qərbin Ermənistanda maraqları hələ təmin olunmayıb.

- Zəngəzur dəhlizi boyunca rus qoşunlarının yerləşməsi Azərbaycanın maraqlarına xidmət edəcək? Bu, Azərbaycan üçün problem yarada bilər?

-Ümumiyyətlə, Cənubi Qafqazda regiondankənar ölkələrin, o cümlədən Rusiyanın hərbi kontigentinin olması Azərbaycanın strateji maraqlarına qətiyyən cavab vermir. Bu, inkarolunmaz reallıqdır. Amma indi vəziyyət belədir ki, Rusiyanın Cənubi Qafqazda hərbi bazaları var, bir müddətdə bu regionda mövcud olmağa davam edəcək.

Ancaq Qərb ölkələrin hərbi kontigentinin regionumuza gəlməyindənsə, Rusiyanın burada olması bizim üçün daha sərfəli görünür. Çünki Rusiya ilə bəzi məsələlərin müzakirəsində anlaşmaq ehtimalları daha inandırıcı görünür. Bununla yanaşı, Azərbaycan-Türkiyə müttəfiqliyi Rusiyanı Türk İttifaqı faktorunu nəzərə almağa vadar edir.

Qərb ilə müzakirələrdə müsbət nəticələr əldə etməyimiz mümkün görünmür. Son zamanlar Qərbin Azərbaycana qarşı təzyiqləri onu göstərir ki, onlar yalnız bu regionda öz maraqlarını güdürlər. Qərb beynəlxalq hüquq normallarına belə məhəl qoymur.

Bu baxımdan Rusiyanın Zəngəzur dəhlizinin təhlükəsizliyinə zəmanət verməsi Azərbaycanın maraqlarına sərf edə bilər. Azərbaycanın mövqeyi budur ki, bu dəhliz Ermənistanın nəzarəti altında olmasın.

Zəngəzur dəhlizinə Rusiyanın sərhəd qoşunlarının nəzarət etməsi Azərbaycan, Türkiyə və İranın maraqlarına münasib ola bilər.
скачать dle 12.1