Bia.Az

Sülh imzalanmır, Ermənistan ordunu gücləndirir – Hazırlıqlar nəyə hesablanıb?

Siyasət
 23-01-2024, 14:48     183

Ermənistan Müdafiə Nazirliyi bildirib ki, İrəvan və Moskva silah sahəsində problemli məsələlərin əksəriyyətini həll edib.
Daha əvvəl qeyd edilmişdi ki, İrəvanın pulunu ödədiyi, lakin Moskva tərəfindən tədarük olunmayan silahlarla bağlı məsələ tərəfdaşlıq şəraitində həll olunmalıdır. Ermənistan bir neçə ölkədən silah tədarükü həyata keçirir, ordunun güclənməsi istiqamətində addımlar atır.

Sülh sazişinin imzalanması ərəfəsində bu hazırlıqlar nədən xəbər verir?

Globalinfo.az-a danışan siyasi şərhçi Elmir Səftərov qeyd edib ki, İkinci Qarabağ müharibəsindəki acı məğlubiyyətdən sonra Ermənistan təkcə Rusiyadan yox, Fransa və Hindistandan da PUA əleyhinə sistem, raket kompleksləri, ağır artilleriya və digər vasitələr almağa başlayıb və ordusunun büdcəsini xeyli artırıb:

“İrəvan silahlar almaqla Azərbaycanla qüvvələr balansını bərabərləşdirməyə cəhd edir. Bundan əlavə, ABŞ-la birgə keçirilən hərbi təlim və Avropa İttifaqının missiyasının bu ölkədəki fəaliyyəti həm də Ermənistan ordusunun gücləndirilməsinə hesablanıb.

Elmir Səftərov
Eyni zamanda, Ermənistanı Rusiya ilə strateji müttəfiqlik əlaqələri qane etməsə də, ondan yeni silahlar əldə edir. Həmçinin mövcud razılaşmalar çərçivəsində düzəlişlər edir və yeni istiqamətlər üzrə danışıqlar aparır.

Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamağa meyilli olmadığını göstərən başlıca amillərdən biri də zaman uzatması və ordusunu gücləndirməsidir. İrəvan bununla nəinki sülh müqaviləsi üçün əməli addımlar atmır, hətta 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın yerinə yetirilməyən 9-cu bəndini də sabotaj edir”.

Şərhçinin sözlərinə görə, Qərb ölkələri tərəfindən edilən hərbi və siyasi yardımlar Ermənistanın müstəqil qərar verməsinə təsir edir:

“Bu baxımdan da aydındır ki, sülh sazişinin imzalanması üçün təkcə İrəvan yox, həm də beynəlxalq birlik, əsasən də Qərb amili maneədir. Azərbaycana edilən haqsız diplomatik təzyiqlər, ikili yanaşmalar Ermənistanı sülhdən yayındıran digər məqamlardandır.

Azərbaycanla Ermənistan arasındakı danışıqlar üçün müxtəlif platformalardakı görüşlər xarici aktorların siyasi maraq və ambisiyalarına görə səmərəsiz oldu. Bu baxımdan Prezident İlham Əliyev dəfələrlə Ermənistan rəhbərliyini vasitəçisiz sülhə nail olmağa çağırıb. Təcrübə göstərir ki, xarici ölkələrin regiona müdaxilələri problemləri nizamlamaq əvəzinə, həllini ləngidir”.скачать dle 12.1