Bia.Az

“Hikmət Mirzəyevin təyinatı ən ideal seçimdir” - REAKSİYA

Siyasət
 15-01-2024, 16:24     133

Ötən həftə Azərbaycan Ordusunun bir neçə vəzifəli şəxsi ehtiyata və istefaya göndərilib. Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin müvafiq bəndinə əsasən, həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış Azərbaycan Ordusunun bir neçə vəzifəli şəxsi ehtiyata və istefaya göndərilib.

Maraqlı məqamlardan biri odur ki, Azərbaycan Ordusunun general-leytenantı, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) komandanı Hikmət Mirzəyev müdafiə nazirinin müavini - Quru Qoşunlarının komandanı təyin edilib. Bundan əvvəl eyni vəzifəni icra edən general-leytenant Ənvər Əfəndiyev isə ehtiyata buraxılıb.

Qeyd edək ki, Aprel döyüşlərinin və Vətən müharibəsindəki döyüş əməliyyatlarının əsas hərbi rəhbərlərindən olan general Mirzəyev bir neçə rayonun işğaldan azad edilməsinə komandanlıq edib. Vətən müharibəsinin gedişində Prezident İlham Əliyev ona general-leytenant rütbəsi verib. Sonradan “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.

Ordudakı istefaya göndərilmələr, yeni təyinatlar cəmiyyətdə hələ də müzakirə olunmaqdadır. Baş verənlərlə bağlı müxtəlif fikirlər səsləndirilir. Hərbi ekspert Ədalət Verdiyev isə hesab edir ki, zabitlərin bir qisminin istefaya, ehtiyata göndərilməsi, yeni hərbi təyinatlarda qeyri-adi hal yoxdur. O, AYNA-nın suallarını cavablandırarkən vurğulayıb ki, ordu böyük tərkibə malik qurumdur və burada vəzifədən çıxarmalar, yeni təyinatlar davamlı olaraq baş verir:

- Çünki burada həm 18 yaşlı gənclər xidmət edir, həm də 65 yaşında təcrübəli generallarımız var. Hansı ki, ömrünün 40-45 ilini orduda xidmətə həsr ediblər. Yaş müddəti başa çatan zabitlərin istefaya və ya ehtiyyata buraxılması normal haldır. Eyni zamanda, yeni təyinatlar da olacaq - bu da təbiidir. Bunun arxasında başqa məqamlar axtarmaq, məsələlərə başqa don geyindirmək doğru deyil.

- Yeni təyinatlara baxdıqda, Xüsusi Təyinatlı Qüvvələrin komandanı Hikmət Mirzəyev həm Quru Qoşunlarına komandan, həm də müdafiə nazirinin müavini təyin olunub. Bunu necə qiymətləndirirsiniz?

- Budəfəki istefaya göndərilmələrin, yeni təyinatların cəmiyyətdə ajiotaj yaratması bir qədər də cənab general Hikmət Mirzəyevin təyinatına görə diqqətçəkən oldu, müzakirələr də buna görə çox oldu. Əslində bu müzakirələr, ajiotaj müsbətdir. Çünki Hikmət Mirzəyev hər iki müharibədə - həm Birinci Qarabağ müharibəsində, həm də İkinci Qarabağ müharibəsində iştirak edib. Aprel döyüşlərində, Vətən müharibəsində onun komandanlığı altındakı hərbçilərimiz böyük qəhrəmanlıqlara imza atıblar.

Eyni zamanda, Vətən müharibəsindən sonra Ermənistan ordusu ilə toqquşmalarda, son antiterror əməliyyatında cənab general müstəsna xidmətləri olan komandan olub. Birinci Qarabağ müharibəsindən başlayaraq, bugünədək bu zabitimiz haqqında bir dəfə də olsun mənfi fikir eşitməmişik. Hətta onu hərbi sahədə özünə rəqib kimi görənlər belə, onun haqqında bir kəlmə mənfi fikir deməyiblər. Hesab edirəm ki, Hikmət Mirzəyevin Quru Qoşunlarına komandan, nazir müavini təyinatı Azərbaycan xalqının ürəyincə olan təyinatdır.

- Hikmət Mirzəyevin XTQ-yə komandanlığının nəticəsi göz önündədir. Sizcə, Quru Qoşunlarında da eyni nəticə olacaqmı?

- Quru Qoşunları bizdə 44 günlük savaşdan sonra yaradılıb. Əvvəldən quru qoşunları mövcud idi, amma idarəetmə, komandanlığı mövcud deyildi. Quru Qoşunlarının yaradılması Türkiyə ilə ordularımızı sinxronlaşdırmaq məqsədilə atılan addım idi. Quru Qoşunları ordumuzun ən geniş tərkibə malik qoşun növüdür. Yeni yaradılan komandolar, artilleriya Quru Qoşunlarına aiddir. Bu qoşunların idarə edilməsi kifayət qədər məsuliyyət tələb edir.

Hikmət Mirzəyev kimi böyük nüfuza malik generalın Quru Qoşunlarına komandan və nazir müavini təyin edilməsi təsadüfi deyil. Bu, uğurlu təyinatdır. Deyərdim ki, bəlkə də, ordumuz üçün ən ideal seçimdir. Cənab generala uğurlar arzulayıram. İnanırıq ki, onun sayəsində ordumuzun döyüş imkanları, gücü daha da artacaq. Hikmət Mirzəyevin təyinatı ilə Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi, psixoloji durumu və döyüş hazırlığı daha üst səviyyəyə yüksələcək.

- Yəni deyirsiniz ki, Quru Qoşunları daha da güclənəcək...

- Əlbəttə, döyüş hazırlığı yüksələcək. Amma bir məsələni nəzərə almaq lazımdır, Quru Qoşunları ilə Xüsusi Təyinatlı Qüvvələrin təyinatı fərqlidir. Bu qoşun növlərinin arasında böyük fərqlər var. Hər bir qoşun öz təyinatı və funksiyası üzrə fəaliyyət göstərməlidir. İndi komando hərbi hissələri Quru Qoşunlarının tərkibindədir. Komandoların fəaliyyət növü xüsusi təyinatlılara yaxındır. Bilirsiniz, hər bir qoşunun özünün yerinə yetirəcəyi vəzifələr var və həmin vəzifələrin qüsursuz yerinə yetirilməsi Azərbaycan dövləti üçün, xalqı üçün kifayətdir.

Məsələ burasındadır ki, 18 yaşında hərbiyə çağırılan müddətli əsgəri xüsusi təyinatlı kimi hazırlamaq düzgün deyil. Hər bir qoşun növünün özünə görə hazırıq növü var. Amma belə bir gözləntimiz ola bilər ki, Hikmət Mirzəyevin şəxsi heyətlə tətbiq etdiyi iş metodları, nizam-intizamı, zabitlərin onunla birgə xidmət etmək arzusu Quru Qoşunlarının fəaliyyətinə müsbət təsir göstərəcək.

Məsələn, mən də xidmət edərkən istəmişəm ki, komandirimdən daha çox şey öyrənim. Eyni zamanda, komandirim ədalətli olsun, əziyyəti qiymətləndirsin. Bu keyfiyyətlər də cənab generalda var. Yenə deyirəm, Azərbaycan Ordusunun etalon generallarından birinin Quru Qoşunlarına komandan təyin edilməsi çox müsbət haldır.
скачать dle 12.1