Bia.Az

Azərbaycana qarşı İran-Ermənistan PLANI - NƏ ETMƏLİ?

Siyasət
 10-01-2024, 18:08     196

Dekabrın 27-də bir araya gələn İran və Ermənistan xarici işlər nazirlərinin görüşündə başda Azərbaycan olmaqla türk dünyasını yaxından maraqlandıran çox təəccüblü qərar qəbul edilib.

Qərara əsasən, əhalisinin 95 faizi türk olan Təbriz şəhərində Ermənistanın konsulluq açacağı rəsmən açıqlanıb.

Erməni konsulluğu üçün türklərin ən çox yaşadığı şəhərlərdən olan Təbrizin seçilməsi türk dünyasına qarşı mesaj kimi şərh edilib.

Məlum olduğu kimi, Tehran rəhbərliyi uzun illər Təbrizdə Azərbaycanın analoji tələblərinə cavab verməyib və konsulluğa icazə bürokratik danışıqlardan sonra verilib.

Türkiyə mediasının məlumatına görə, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian yanvarın ilk həftələrində Ermənistan konsulluğunun açılacağını bildirib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani yanvarın 1-də konsulluğun açılması ilə bağlı açıqlamasında Ermənistanl İran arasında əvvəllər imzalanmış ikitərəfli sazişlərin olduğunu vurğulayıb. Bu müqavilə çərçivəsində “Erməni tərəfi Təbrizdə öz baş konsulluğunu açacaq”, - deyib.

Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə “Cebhe.info”-ya açıqlamasında bildirib ki, Ermənistanın Təbriz şəhərində konsulluq açması İranın anti-Azərbaycan siyasətinin tərkib hissəsidir:

“Bu, İran rejimi tərəfindən Güney azərbaycanlılara qarşı edilən həqarətdir. İran yaxşı bilir ki, Ermənistanın Azərbyacana qarşı düşmənçilik siyasəti davam edir, iki dövlət arasında sülh müqaviləsi yoxdur.

İran bir tərəfdən də Azərbaycanla normal dostluq münasibətləri qurmaq siyasətini bəyan edir. Amma dünya azərbaycanlılarının ən sıx yaşadığı şəhərlərdən biri olan Təbrizdə Ermənistanın kosulluğunun açılması İranın Azərbaycana qarşı düşmənçilik siyasətinin tərkib hissəsidir. Bu, İranın Azərbaycana münasibətdə səmimi olmadığını göstərir. Təbriz Azərbaycan türklərinin mənəvi paytaxtıdır. Ona görə də Ermənistanın Təbriz şəhərində konsulluq açmasına ehtiyac da yoxdur.

Sadəcə olaraq, İran Ermənistandan bu addımı atmağı xahiş edir. İranın xarici işlər naziri Abdullahian Ermənistana son səfərində də bu məsələni gündəmə gətirdi. Hesab edirəm ki, Güney Azərbaycan türkləri də bu məsələ ilə bağlı öz mövqeyini ortaya qoymalıdır. Təbriz qədim Azərbaycan şəhəridir.

Konsulluğun açılması qərarı göstərir ki, İran anti-Azərbaycan siyasətini davam etdirəcək və heç vaxt səmimi olmayacaq. Bununla da İran Ermənistanın vasitəsilə Təbrizdə anti-Azərbaycan mərkəzi yaradır. İranın məkrli planına uyğun olaraq, Ermənistan Təbrizdə azərbaycanlılara qarşı düşmənçilik siyasətini davam etdirəcək.

Eyni zamanda, İran Güney Azərbaycanda milli-azadlıq hərəkatının qarşısını almaq üçün Ermənistanla birgə hərəkət edəcək. Bununla da İran Azərbaycan siyasətində heç vaxt obyektiv mövqe tutmayacaq”.
скачать dle 12.1