Bia.Az

Şahramanyan 1 yanvara verdiyi vədi RƏSMƏN YEDİ... - AMMA ARTIQ FƏRQ ETMƏZ...

Siyasət
 5-01-2024, 10:35     261

Azərbaycan ərazisində özünü müstəqil elan edib, 30 il davam etmiş qondarma “Dağlıq Qarabağ Respublikası” bu həftənin ilk günü, yəni yanvarın 1-də ləğv olunmalı idi.

Bu barədə fərmanı “DQR”-in son prezidenti Samvel Şahramanyan Azərbaycanın bir günlük hərbi əməliyyatlarından sonra vermişdi və sənəd 2024-cü il yanvarın 1-dən qüvvəyə minməli idi.

Amma ötən ilin sonuna az qalmış - dekabrın 22-də o sözünü geri götürdü və separatçı respublikanın qanunvericiliyində dövlət institutlarının ləğvini dəstəkləyən heç bir sənədin olmadığını bəyan etdi.

Fikrini tez bir zamanda dəyişməsinə baxmayaraq, Şahramanyanın əlində nəzarət etmək üçün torpaq artıq yoxdur və Ermənistanda separatçı hökumətin defakto fəaliyyəti hələ ki, yaxşı qarşılanmır.

Bakı öz ərazisi üzərində nəzarəti tam bərpa etdiyindən, Azərbaycanın nöqteyi-nəzərindən separatçı qurum ləğv olunmuş sayılır.

Şahramanyan Qarabağ separatçılarının Ermənistanda fəaliyyət göstərən nümayəndələrilə dekabrın 22-də Yerevanda keçirilən görüşündə Qarabağ qaçqınlarının üzləşdiyi problemlər barədə danışıb və problemlərin həlli üçün 2024-cü ildə fəaliyyətlərini davam etdirəcəklərini deyib.

Şahramanyan on minlərlə ermənilə birlikdə, Qarabağı tərk edib. 2023-cü ilin sentyabrdında o Azərbaycanın bir günlük hərbi əməliyyatlarından sonra Xankəndidə qalıb və "itkin düşənlərin axtarışı başa çatdıqdan sonra" Yerevana köçüb. Sentyabrın 28-də o, "Dağlıq Qarabağ Respublikasının buraxılması" barədə fərman imzalayıb.

Oktyabrın 19-da, demək olar ki, ermənilərin hamısı Qarabağı tərk etdikdən sonra Şahramanyan Yerevanda başqa bir fərman imzalayıb və fərmana görə, separatçı prezident, dövlət naziri və digər separatçı rəsmilər maaş almadan fəaliyyətlərini Ermənistanda davam etdirəcəklər.

Şahramanyanın köməkçisi Vladimir Qriqoryan deyib ki, Şahramanyan oktyabrın 19-da imzaladığı fərmanla, sentyabrın 28-də "DQR"-in buraxılması barədə imzaladığı fərmanı ləğv edib.

“Başqa sözlə, Arstax respublikası - hökumət və digər başqa qurumlar - fəaliyyətini 1 yanvar 2024-cü ildən sonra davam etdirəcək”, Grigoryan Azadlıq Radiosunun ermənicə xidmətinə deyib.

Bu həftə dünya mətbuatı "DQR"-in yanvarın 1-dən etibarən ləğv olunması barədə yazıb. Finlandiyanın STT xəbərlər agentliyinin müxbiri Suomen Tietotoimisto yazır ki, Şahramanyan sentyabr ayında, Azərbaycanın hərbi əməliyyatlarından sonra "DQR"-in buraxılması barədə fərman imzalasa da, “... separatçı lider belə görünür ki, öz sözlərini yeyib. Dekabrın 22-də Şahramanyan elan edib ki, bundan əvvəl özünün imzaladığı fərman etibarlı deyil”.

Deutsche Welle telekanalının şərhçisi Yuri Reçeto hesab edir ki, Şahramanyanın öz fərmanını ləğv etməsinin “heç bir nəticəsi olmayacaq”. O, Şahramanyanın fərmanı ləğv etmək qərarına Qarabağ qaçqınlarından olan təzyiqləri səbəb kimi göstərir.

“Ona olan təzyiqlər çoxdur və Qarabağı Azərbaycana verməsi barədə ittiham onun üçün ağırdır. Çox güman ki, bu şərhinin səbəbi budur”. Amma bu, Dağlıq Qarabağın fiziki olaraq artıq mövcud olmadığı faktını dəyişmir, deyə o, DW News kanalındakı təhlilində bildirib.

Azərbaycanla sülh barədə danışıqlar aparmaqda olan Ermənistan öz ərazisində sürgündə hökumətin fəaliyyətinə icazə verməyəcəyini bildirib.

Qarabağ erməniləri ŞƏKLİN MƏNBƏYİ,ALAIN JOCARD/AFP VIA GETTY IMAGES
Şəklin alt yazısı,
Bu foto 2023-cü il sentyabrın 28-də Kornidzor və Qoris arasındakı yolda çəkilib. Həmin günə qədər 65 min erməni Qarabağı tərk edərək, Ermənistana köçüb. Köç daha sonra da davam edib və Ermənistana köçənlərin sayının artıq 100 mindən artıq olduğunu bildirir.

2023-cü ildə Azərbaycan işğal altında olan topraqları üzərində nəzarəti bərpa edib.

Ermənistan hökuməti Qarabağ dövlət institutlarının ölkədə mövcudluğunu mümkün hesab etmir, bunu Baş nazirin sözçüsü Taron Çaxokyan deyib. “Bu, Ermənistanın təhlükəsizliyinə təhdid yaradır”, deyə o səbəbini belə izah edib. Çaxokyan deyib ki, Ermənistanda ikinci hökumət və ya ikinci dövlət ola bilməz və Qarabağ qurumları qaçqınların problemini həll etməyə qadir deyil.

Millət vəkili, Lili Minasyan separatçıları “provokasiya”da ittiham edib və deyib ki, hüquq-mühafizə orqanları onlara qarşı sərt qanuni tədbirlər görməlidir.

Hakim Mülki Müqavilə partiyasının katibi Artur Hovhanisyan isə bəyan edib ki, Ermənistanda yalnız bir – “qanuni seçilmiş hazırkı hökumət” mövcuddur. "Ermənistanı [Azərbaycanla] yeni hərbi provokasiyaya çəkmək planları məhv ediləcək və onun müəllifləri ağır cəzalandırılacaq”, o deyib.

Bu arada, separatçı hökumətin Fransada yerləşməsinə dair təkliflər var. Siyasi təhlilçi Hmayak Hovhannisyan deyib ki, Qarabağ hökuməti “Ermənistanı, erməni xalqını və Dağlıq Qarabağdan olan qaçqınları dəstəkləməyə qətiyyətlə sadiq olan” Fransaya köçməlidir.

Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, o, Qarabağ ermənilərinin öz müqəddaratını təyin etmə haqları üçün mübarizə aparmaqdansa, öz ölkəsinin gələcəyinə üstünlük verəcək.

“Dağlıq Qarabağ Respublikası” dünyada heç zaman tanınmayıb, hətta Ermənistanın özü belə, verdiyi hərbi və maliyyə dəstəklərinə baxmayaraq, qurumu tanımayıb.

Ermənistan 2020-ci il 2-ci Qarabağ müharibəsindən sonra ilk dəfə keçən il Azərbaycanın ərazi bütövlüyünü tanıdığını da bəyan edib. Parlament spikeri Alen Simonyan noyabr ayında deyib ki, Ermənistan Azərbaycanın suverenliyini tanıyır.

Dekabrın 27-də Qarabağın müxalif millət vəkilləri Yerevanda Ədalət və Qayıdış adlı qeyri-hökumət təşkilatı yaratdığını bəyan ediblər. Onlar ermənilərin Qarabağa qayıdışı və regionun öz müqəddəratını müəyyən etmə haqqı üçün mübarizə aparacaqlarını bildiriblər.

Azərbaycan deyir ki, Qarabağı tərk etmiş ermənilər ölkə vətəndaşlığını qəbul etmək şərti ilə geri qayıda bilərlər. Azərbaycan həmçinin deyir ki, Ermənistan da öz növbəsində, 1980-ci illərin sonundan Ermənistandan qaçqın düşmüş azərbaycanlıların öz evlərinə qayıdışını təmin etməlidir.

Azərbaycan deyir ki, 1988-1992-ci illərdə 250 min azərbaycanlı Ermənistandan deportasiya olunub.

Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamasının şərtlərini açıqlayıb.

Keçən ay çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı, keçmiş "Dağlıq Qarabağ respublikasını" unutmalı və, sərhədin delimitasiyası məsələsində konstruktiv olmalıdır. O həmçinin sülh müqaviləsində Azərbaycanda etnik ermənilərin haqları məsələsinə toxunulmayacağını da şərt kimi qoyub və deyib ki, əks halda sənəddə Ermənistandan qaçqın düşən azərbaycanlıların haqları barədə də maddə olmalıdır.

“Əgər onlar saziş layihəsində Azərbaycanda yaşayan erməniləri milli azlıq kimi qeyd etmək istəyirlərsə, onda bu, qarşılıqlı olmalıdır və Ermənistandan güclə deportasiya olunmuş azərbaycanlıların Ermənistana qayıtmaq və orada yaşamaq hüquqları da əks olunmalıdır”.

Ermənistanın buna münasibəti hələ ki, məlum deyil. Amma jurnalistlərə müsahibəsində Ermənistan parlamentinin rəhbəri Alen Simonyan bildirmişdi ki, nə vaxtsa Ermənistana azərbaycanlılar, Azərbaycana isə ermənilər köçüb yaşaya bilərlər.

Ermənistan deyir ki, 2023-cü ilin bir günlük sentyabr hərbi əməliyyatlarından sonra Qarabağı 100 mindən çox erməni tərk edib. Ermənistan bunu "etnik təmizləmə" adlandırır.

Azərbaycanın hökumətə yaxın mediasında separatçı DQR-in sürgündə fəaliyyət göstərməsi təkliflərinin qisası kimi, Qərbi Azərbaycan Respublikası yaratmaq ideyası barədə də danışılır. Bakı deyir ki, hazırkı Ermənistan “tarixi Azərbaycan torpaqlarıdır” və onları Qərbi Azərbaycan adlandırır.

Dekabrın 26-da bir qrup azərbaycanlı millət vəkili azərbaycanlı qaçqınların Ermənistana qayıtması haqlarının tanınmasına çağıran bəyanat imzalayıb.

Azərbaycan da Ermənistanı etnik təmizləmədə ittiham edir və deyir ki, 1988-1992-ci illərdə Ermənistanı 250 min azərbaycanlı tərk edib.

Bundan sonra nə olacaq?
Separatçı hakimiyyətin Ermənistanda fəaliyyətini davam etdirib-etdirməyəcəyi məlum deyil, amma onun "DQR"-i yenidən diriltmə cəhdlərində israrı hələ ki, davam edir.

Qafqaz üzrə britaniyalı ekspert Laurence Broersin fikrincə, DQR “tanınmağa ümidi qalmayan defakto hökumət” kimi fəaliyyət göstərəcək.

“Dövlət olmağa iddialı layihə kimi, DQR artıq mövcud deyil. Onun rəhbərliyinin əsas fiqurları - Ermənistanda hərbi əsir, Azərbaycanda krimimal kimi tanınan keçmiş prezidentlər və nazirlər, Bakıda məhkəmələrini gözləyir”, deyə Broers Eurasianet saytında dərc olunan məqaləsində yazır.

Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalamağa yaxın olduqları barədə müsbət bəyanatlar verməkdədirlər. Bu il belə bir müqavilənin imzalanması imkanları hər zamankından daha yaxın ola bilər.

BBC Azərbaycanca
скачать dle 12.1