Bia.Az

Ermənistan dövlətdir, yoxsa yox? - HƏQİQƏTƏN DƏ...

Siyasət
 4-01-2024, 17:26     263

Bu ilin ilk günlərində İrəvanda neonasist Qaregin Njdenin ideyalarının "daşıyıcısı" olanların yürüşü keçirildi. Onlar İrəvanın mərkəzi küçələri il yürüş edərək, Respublika Meydanına, oradan da Qaregin Njdenin abidəsinin qarşısına yollanıblar.

Qaregin Njde irqçilik, nasizm, ksenofobiya, islamofobiya və türk düşmənçiliyi kimi rəzil ideologiyalarını simbiozu olan "sexakron" adlı "əsl erməni ideologiyası" yaratdığını demiş, "Yaxşı türk ölü türkdür!" şüarının "hər erməninin yaşam yolu olmasının gərəkdiyini" yazmışdı. Hitler Almaniyası ilə sıx əməkdaşlış etmiş Njde 2-ci Dünya Müharibəsindən sonra həbs olunmuş, kamerada ölmüşdü.

Njde azərbaycanlılara da nifrət edirdi və 1918-1920-ci illərdə minlərlə soydaşımızın qətlində bilavasitə iştirak etmişdi.

İrəvanın mərkəzində neonasist simvolikası, şüarları və çağırışları, njdeizm ideologiyasının təbliği Ermənistanın hakimiyyət dairələrini, deyəsən, narahat etmir.

İrəvanda yəhudi sinaqoquna hücum və ona od vurulması da qatı antisemitizm, yəhudi düşmənçiliyi təzahürü olsa da, baş nazir Nikol Paşinyan bununla bağlı açıqlama vermədi. Hakimiyyətin nəzarətindəki mass-medias isə baş verənləri "Ermənistandan kənar qüvvələrin ölkədəki stabilliyi pozmaq və cəmiyyətdə xaos yaratmaq cəhdləri" kimi dəyərləndirdilər.

Bir qədər sonra isə Paşinyanın funksionerləri sadalanan hadisələrin "bir qrup marginallaşmış insanın qanunazidd əməlləri" olduğunu söylədilər.

İstənilən halda rəsmi İrəvan çox pis vəziyyətə düşüb.

Hakimiyyətin bəhs etdiyi "kənar qüvvələr" versiyasına nəzər salsaq və bir anlıq fərz etsək ki, deyilənlər gerçəkdir - onda Ermənistanın kənardan idarə olunan ölkə olduğu aşkarlanır. Hansısa mifik "kənar qüvvələr" paytaxt İrəvanın mərkəzində neonasistləri küçələrə çıxarırsa, sinaqoqda yanğın törədirsə, irqi, etnik və dini zəmində təqibləri normal yaşam tərzi sayanların "əsl vətənpərvər" olduqlarını iddia edənlərin populyarlığını təmin edirsə - deməli, Ermənistanda hakimiyyətin ali qanunverici, icra və məhkəmə qolları, ümumiyyətlə, fəaliyyət göstərmir.

İkinci versiya realdırsa, onda Ermənistanda hakimiyyət o qədər zəifdir ki, populyarlıq qazanaraq, kütlə içində özünə yer etməyi bacaran istənilən marginal qrup və ya hərəkat iqtidara yiyələnə bilər.

Marginalların hakimiyyəti ələ keçirərək, ölkəni idarə etməyə başlaması ilə bağlı bəşər tarixində presedentlər az deyil.

Məntiqlə, Ermənistanın hakimiyyət dairələri adekvat davranaraq, belə aksiyaların qarşısını almalı, ölkənin mövcud qanunvericiliyi çərçivəsində zəruri addımlar atmalı idi. Fəqət Nikol Paşinyan və onun komandası Ermənistanın müstəqilliyi, suverenliyi, azadlığından çox danışsalar da, legitim hakimiyyət olduqlarını az qala hər gün vurğulasalar da, reallıq fərqlidir.

Ermənistan cəmiyyətindəki anarxiya, siyasi müstəvidəki xaos və kənar qüvvələrin daxili situasiyaya müdaxilələri varsa, sadalanan nüanslara qarşı nə isə edilməlidir.

Edilmir, çünki Ermənistan müstəqil, suveren və azad dövlət yox, hamiləri ilə havadarlarının oyuncağına çevrilib.

Ermənistanda açıq cəmiyyətin mövcudluğunu Qərb dəyərlərinin aliliiyini təmin etməyə, Avropa İttifaqı və NATO ilə əlaqələri genişləndirməyə, insan haqlarının və vətəndaş mənafeyinin üst tutulmasını təmin edən sistemi formalaşdırmağa, daxili siyasi müstəvidə fikir müxtəlifliyinin və plüralizmin bərqərarına can atan siyasi isteblişmentin olduğunu vurğulayan Nikol Paşinyan, yumşaq desək, düz demir.

Qonşu ölkədə mövcud hakimiyyətə qarşı çıxan siyasi qüvvələrə qarşı təqiblərə və repressiyalara əl atılır, müxalifət liderlərinin fəaliyyətləri gün keçdikcə daha çox məhdudiyyətlə üzləşir, həbslər dalğası artır. Rəsmi İrəvan siyasi opponentlərinə qarşı ən ağır cəza mexanizmlərini tətbiq edir və bütün bunlar Qərbin laqeydliyi ilə müşahidə olunur.

ABŞ, Avropa İttifaqı və Fransa bütün bunları Ermənistanın "tam suveren dövlət olmaması bağlı yaşadığı çətinliklər"lə əlaqələndirir. Yəni ermənilərə açıq şəkildə bildirilir ki, onlar Rusiya ilə münasibətləri kəsərək, Ukrayna və ya Moldovanın strategiyasından "yararlanmasalar", vəziyyət dəyişməyəcək.

Fransanın Cənubi Qafqazdakı satellitinə çevrilən, ABŞ və Avropa İttifaqının müxtəlif güc mərkəzlərindən alınan təlimatlar əsasında davranan, İran və Rusiya ilə əlaqələrini minimallaşdırmaq istəməyən, zidd və əks düşərgələrin hər birindən mənfəət əldə etməyə can atan Ermənistan bütün bunlarla yanaşı, ordusunun qalıqlarını bərpa edərək, güclü silahlı qüvvələr yaratmaq istəyir. Ermənistan hazırda sürətlə silahlanır və onu militarlaşma istəkləri rəsmi Paris tərəfindən nəinki dəstəklənir, hətta təqdir olunur və stimullaşdırılır.

Təbii ki, belə vəziyyətdə Ermənistan bölgədə rasional siyasət yürüdən, diplomatiyasında praqmatizmə üstünlük verən ölkə qisminldə əsla qəbul oluna bilməz. Səbəb sadədir: Ermənistanın hakimiyyət dairələrinin yürütdüyü siyasət və əməlləri onların bəyanatları ilə kəskin ziddiyyət təşkil edir.

Ermənilər hələ də adi suala cavab tapa bilmirlər: Ermənistan suveren dövlətdir, ya yox?

Paşinyan hakimiyyəti Azərbaycanı könüllü tərk edərək Ermənisana köç etmiş qarabağlı ermənilərdən də strateji planlarında kart-blanş qismində istifadə etmək niyyətindədir.

Halbuki həmin ermənilərin böyük qisminin Azərbaycandan getmələrinin 2 vəsiləsi vardı: siyasi-ideoloji və praktiki.

Siyasi-ideoloji səbəbi hələ 2003-cü ildə Ermənistanın həmin dönəmdəki prezidenti Robert Köçəryan Avropa Şurasında belə açıqlamışdı: “Ermənilərlə azərbaycanlılar genetik baxımdan birlikdə yaşaya bilməzlər, uyğun deyilik”.

Halbuki multikulturalizmin və tolerantlığın dövlət ideologiyasının tərkib hissəsi olduğu, onlarla xalqın və etnosun nümayəndələrinin birgə yaşadığı Azərbaycan rəhbərliyi qarabağlı ermənilərə daim evlərində qalmağı, yaşamağa davam etməyi təklif edib, indi də edir.

Bunun üçün görülməsi gərəkən işlər azdır: Azərbaycan vətəndaşlığı qəbul olunmalı, rəsmi qeydiyyata düşülməli və ölkəmizin Konstitusiyası ilə mövcud qanunvericiliyinin tələblərinə əməl olunmalıdır.

Rəsmi Bakı ilə İrəvanın problemə yanaşmasındakı köklü fərq budur.

Praktiki səbəb isə Xankəndindəki sabiq xunta ilə bağlıdır. Bu terrorçu rejimin rəhbərliyi və funksionerləri Azərbaycan Ordusunun lokal antiterror tədbirlərindən sonra kapitulyasiya etdilər, “hakimiyyət strukturları” buraxıldı və onlar qaçdılar.

Qarabağlı ermənilər isə onillərlə davam edən separatizmdən, xunta tərəfindən idarə olunmadan sonra qəflətən rəhbərliksiz qaldılar.

Onlar Rusiya Sülhməramlı Kontingentinin (RSK) lokal antiterror tədbirlərinə mane olacağını düşünürdülər, amma ordumuz əməliyyatlarını uğurla başa vurdu.

Təsadüfi deyil ki, Xankəndindəki artıq sabiq separatçı xuntanın nümayəndələri Yevlaxda rəsmi Bakının təmsilçiləri ilə ilk görüşdə əsas istək qismində benzin arzulamışdılar.

Onlar istədikləri həcmdə benzini alan kimi Ermənistana qaçdılar və qarabağlı ermənilərin separatixzm konstruksiyaları çökdü.

“Başsız” qalan qarabağlı ermənilər panikaya qapıldılari və beləcə, onların Azərbaycandan Ermənistana kütləvi köçü oldu.

Əsas səbəb isə ermənilərin hələ də nə baş verdiyini anlamaq istəməmələridir. 2020-ci ildə 2-ci Qarabağ Müharibəsi Ermənistanın tam kapitulyası ilə başa çatandan sonra erməniləri məğlubiyyətin səbəblərini soyuqqanlı şəkildə araşdırıb təhlil aparmadılar.

Ermənistan və qarabağlı erməniləri problemin həllini istəmir, nizamlanma yolu aramırdılar. Ötən ilin sentyabrın 19-dək onlar nəyəsə ümid edir, Xankəndindəki separatçı xuntanın mövcudluğuna təhlükə görmürdülər.

Lokal antiterror tədbirləri onların separatçı ideologiyasını darmadağın etdi.

Sülh sazişinin imzalanması istiqamətində real, konstruktiv addımlar atmaq növbəsit Ermənistandadır.

Nikol Paşinyan indi nəyi və necə bəhanə edəcək?

Elçin Alıoğlu
TREND
скачать dle 12.1