Bia.Az

Ənənəvi müxalifətin səsvermə tarixçəsi ...

Siyasət
 30-12-2023, 13:59     227

Dövlət müstəqilliyi bərpa olunandan bəri Azərbaycanda 6 referendum, 8 prezident seçkisi, 6 parlament seçkisi, 5 bələdiyyə seçkiləri keçirilib.

 Novator.az ənənəvi müxalif qurumlar – Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyalarının ümumxalq səsvermələrinə münasibət tarixçəsinə nəzər salıb.
1989-cu il iyulun 16-da təsis olunan Azərbaycan Xalq Cəbhəsi 1995-ci ildə partiyaya çevrilib.
1911-ci ildə yaradılan Müsavat Partiyası 1920-ci ildən mühacirətdə fəaliyyət göstərib, 1992-ci ildə AXC-nin bir qrup liderinin iştirakı ilə bərpa olunub.
Azərbaycanın dövlət müstəqilliyi 1991-ci ildə üç mərhələdə bərpa olunub: avqustun 30-da parlament dövlət müstəqilliyinin bərpası haqqında bəyannamə, oktyabrın 18-də dövlət müstəqilliyi haqda konstitusiya aktı qəbul edib, dekabrın 29-da akt ümumxalq səsverməsi ilə təsdiqlənib.
Müstəqillik bəyan ediləndən sonra ilk seçki prezident seçkisi olub. AXC 1991-ci il sentyabrın 8-də keçirilən həmin seçkini boykot edib.
1991-ci ilin 29 dekabr referendumu – dövlət müstəqilliyi haqda konstitusiya aktının ümumxalq səsverməsində təsdiqlənməsi AXC-nin iştirakı ilə keçirilib.
1992-ci il iyunun 7-də keçirilən növbədənkənar prezident seçkisində AXC-nin lideri Əbülfəz Elçibəy dövlət başçısı seçilib.
1993-cü ilin iyun ayında Əbülfəz Elçibəy hərbi-siyasi qiyamla devrilib, Milli Məclisin qərarı ilə vəzifədən götürülüb, avqustun 29-da həmin qərar ümumxalq referendumunda təsdiqlənib. AXC və Müsavat 29 avqust referendumunu, o cümlədən oktyabrın 3-də keçirilən növbədənkənar prezident seçkisini boykot edib.
1995-ci il noyabrın 12-də parlament seçkisi və yeni konstitusiyanın qəbuluna dair referendum keçirilib. AXCP və Müsavat həmin ümumxalq səsvermələrində iştirak edib.
1998-ci ilin 11 oktyabr prezident seçkisi AXCP və Müsavatın iştirakı olmadan keçirilib.
AXCP və Müsavat 12 dekabr 1999-cu ilin bələdiyyə seçkilərinə və 2000-ci il noyabrın 5-nə düşən parlament seçkisinə qatılıb.
2002-ci il avqustun 24-də Azərbaycan Konstitusiyasına dəyişiklik referendumu boykot olunub.
2003-cü il oktyabrın 15-də keçirilmiş prezident seçkisinə AXCP və Müsavat öz namizədləri ilə qatılıblar. Sonra AXCP öz namizədini başqa bir namizədin xeyrinə geri çəkib.
AXCP və Müsavat 17 dekabr 2004-cü ildə keçirilən bələdiyyə seçkilərinə qatılmayıb.
2005-ci il noyabrın 6-da keçirilən parlament seçkisində AXCP və Müsavat başqa qurumların da yer aldığı bir blokda iştirak edib.
2008-ci il oktyabrın 15-də keçirilən prezident seçkisi boykot olunub.
AXCP və Müsavat 2009-cu il martın 18-də keçirilən konstitusiyaya dəyişiklik referendumunda iştirak edib.
23 dekabr 2009-cu ilin bələdiyyə seçkiləri boykot olunub.
2010-cu il noyabrın 7-də keçirilən parlament seçkisinə AXCP və Müsavat bir blokda qatılıb.
2013-cü il oktyabrın 9-da keçirilən prezident seçkisində AXCP və Müsavat başqa təşkilatlarla birgə – vahid namizədlə iştirak edib.
23 dekabr 2014-cü ilin bələdiyyə seçkiləri boykot olunub.
AXCP 1 noyabr 2015-ci ilin parlament seçkisinə qatılmayıb, Müsavat Partiyası əvvəl iştiraka qərar verib, sonra yarışdan çıxıb.
26 sentyabr 2016-cı ilin konstitusiyaya dəyişiklik referendumu, 11 aprel 2018-ci ilin növbədənkənar prezident seçkisi, 23 dekabr 2019-cu ilin bələdiyyə seçkiləri boykot edilib.
Müsavat Partiyası 2020-ci il fevralın 9-da keçirilən növbədənkənar parlament seçkisinə qatılıb, AXCP boykot qərarı verib.
AXCP və Müsavat 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisində iştirak etmirlər.скачать dle 12.1