Bia.Az

"Qərbi Azərbaycandan qovulmuş, öz yurd-yuvasından didərgin salınmış vətəndaşlarımızı "qayıdış" gözləyir"

Siyasət
 28-12-2023, 03:19     223

"Erməni millətçiləri, faşistləri "dənizdən-dənizə böyük Ermənistan" imperiya xülyasına qapılaraq 19-cu 20-ci əsrlər boyu Azərbaycan xalqına qarşı etnik təmizlənmə, soyqırım siyasəti həyata keçiriblər. Mərhələli şəkildə həyata keçirilən bu məkrli plan nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən öz tarixi torpaqlarımızdan qovulublar, soyqırımlara məruz qalıblar. Erməni zülmündən, işğalından, soyqırımından ən çox əziyyət çəkənlər də təbii ki, Qərbi Azərbaycanlılardır. İnsanlar yüz illərlə yaşadıqları atasının, babasının, “yeddi arxa dönəni”nin yaşadığı bir ərazidən zorla qovulub və Azərbaycanın ərazilərinə səpələniblər".


Bu barədə Bizimyol.info xəbər portalına danışan Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib ki, cənab Prezident qərbi azərbaycanlılarla görüşündə qarşıda duran strateji vəzifələr, konsepsiya, mahiyyət və ölkə başçısının proqram xarakterli zəngin çıxışı Vətən həsrətinə son qoymaq, yurdlarımıza sahib çıxmaq, Vətənimizin tarixi keçmişi ilə bərabər uğurlu gələcəyi və inkişafı baxımından çox önəmli idi. Belə ki, Qərbi Azərbaycan ərazisinin tarixi Azərbaycan torpaqları olması barədə faktları və həqiqətləri dilə gətirən ölkə prezidenti son 200 ildə ermənilər tərəfindən deportasiya, soyqırıma, etnik təmizlənməyə məruz qalan soydaşlarımızın tarixi, mənəvi haqqının bərpa olunması üçün bütün beynəlxalq konsepsiyalara uyğun bu sistemin hazırlanmasını qarşıya hədəf kimi qoymuşdu. Qərbi Azərbaycan icması bu zaman ərzində gərgin işlər görmüş və artıq hətta Azərbaycan icmasının bir neçə sənədi BMT-nin məktubu kimi, sənədi kimi yayılmışdır. Zaman keçdikcə, bu məsələ aktuallığını daha da artırır.
Vüqar İskəndərov 
Vüqar İskəndərov

“Ölkədə Qərbi Azərbaycandan, yəni indiki Ermənistan ərazisindən didərgin düşən və qovulan insanların siyahısı da tutulur. Ən azı 250 mindən çox şəxsin adı olan siyahı hazırdır. Bu proses hələ davam edəcək. Çünki həmin ərazilərdən 300 mindən artıq insan qovulub. Qayıdış konsepsiyasının qarşısında duran əsas məqsəd, insanların sülhlə - ölkə prezidenti demişkən “öz avtomobilləri ilə” ora qayıtmasıdır. Çünki bu insanlar illərlə öz yurdlarında, öz evlərində, öz torpaqlarında yaşayıblar. İndi biz artıq çox dərin tarixi faktları vurğulamadan əsas məsələni bu insanların orada yaşamasını qarşımıza məqsəd qoymuşuq. Çünki vətəndaşlarımız yüzillərlə yaşadığı, doğulduğu, böyüdüyü torpağından didərgin salınıb, zorla qovulub. Onların qayıtması və tarixi torpaqlarımızda yaşaması beynəlxalq hüquqla da tənzimlənir”-deyən deputat qeyd edib ki, bu hüquq həmin insanlar üçün 100 faiz tanınmalıdır. Təbii ki, əsas məqsəd onların öz evlərinə qayıtması və orada yaşamalarıdır.
“Bunun üçün ölkə başçısının siyasi iradəsi var. Qərbi Azərbaycan icması çox vacib addımları atır. Bütün sənədlər toplanır, kitablar yazılır, filmlər çəkilir və parlamentdə bunun bağlı ictimai dinləmələr, tədbirlər həyata keçirilir. Milli Məclisin foyesində Qərbi Azərbaycanla bağlı çox zəngin bir sərgi də təşkil olunub. Milli Məclis bununla bağlı bəyanat imzalayıb. İcmanın rəhbəri də parlamentin iclasında çox vacib fikirlər söylədi”-deyən Vüqar İskəndərov hesab edir ki, qarşıdakı zamanlarda insanlar qayıdış ruhundan güc alaraq, öz yaşadıqları dədə-baba yurdlarına, Qərbi Azərbaycana (indiki Ermənistan ərazisi) qayıdacaqlar. Cəmiyyətə inteqrasiya olunaraq, illərlə yaşadıqları kimi öz torpaqlarında, öz doğulduqları evlərdə hüzur içində yaşayacaq.

BİA.AZ
скачать dle 12.1