Bia.Az

MİLLƏT VƏKİLİ: Hər an yeni toqquşma ola bilər - GƏRGİNLİK ARTIB

Siyasət
 23-07-2020, 17:50     382

"Ermənistan bu dəfə təxribatı cəbhənin Dağlıq Qarabağ istiqamətində deyil iki ölkənin dövlət sərhədində törədib. Ermənistanın bu addımı beynəlxalq hüquq normalarının pozulmasıdır və Azərbaycana qarşı təcavüzdür. Ermənistan yalnız Azərbaycan üçün deyil, bütün dünya üçün ciddi təhlükə mənbəyinə çevrilməkdədir".

Bu sözləri Redaktor.az-a açıqlamasında millət vəkili Anar Məmmədov deyib. O, Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən son hadisələrdən sonra toqquşmanın hər an gözlənilən olduğunu bildirib:

“Ermənistanın yeni təcavüz aktı ilə əlaqədar müxtəlif dövlətlər tərəfindən ayrılıqda, eləcə də beynəlxalq təşkilatlar tərəfindən açıqlamalar verilib. Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, TÜRK PA, GUAM kimi beynəlxalq təşkilatlar tərəfindən Ermənistan hərbi təxribatını qətiyyətlə qınayan bəyanatlar verilib. Dost və qardaş Türkiyə Azərbaycanı dəstəklədiyini bildirib. Eyni zamanda İranın, Rusiyanın və Türkiyənin XİN rəhbərləri öz narahatlıqlarını bildirdilər. Bununla yanaşı TÜRK PA, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının Baş katibləri, həmçinin Ukrayna, Pakistan, Moldova, Qazaxıstan, İtaliya, Kolumbiya münaqişəli vəziyyətin Azərbaycan Respublikasının suverenliyinə və beynəlxalq aləmdə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə hörmət əsasında dinc yolla nizamlanmasının tərəfdarı olduğunu diqqətə çatdırıblar. Avropa İtiifaqı, NATO-nun Baş katibi isə ATƏT-in Minsk Qrupunun həmsədrlərinə müraciət edərək, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verənlərlə bağlı tərəfləri atəşkəs rejiminə əməl etməyə çağırıb.

Bütün bunlar Azərbaycanın işğal altındakı ərazilərinin azad olunacağı günün çox da uzaqda olmadığının göstəricisidir. Düşünürəm ki, beynəlxalq təşkilatlar, xüsusən də münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk Qrupu işğalçını adı ilə çağırmaq üçün tərəddüd etməməli və Azərbaycan həqiqətlərinin dünya birliyi tərəfindən tanınması üçün lazım olan bütün ismarıcları verməlidir”, - deyə millət vəkili əlavə edib.

BİA.azскачать dle 12.1