Bia.Az

Analitik: Fransa müstəmləkəci siyasət yürütdüyü üçün casus şəbəkələrinə ehtiyac duyur

Siyasət
 23-12-2023, 17:21     302

Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsi Azərbaycanda ifşa olunub.

 Bu barədə Qərb mətbuatında məlumat yayılıb.

Bildirilib ki, hər şey Fransa səfirlik daxili rezidenturasının Azərbaycan ərazisində əslində Fransanın “tərəfdaşı” kimi bilinən ölkələrin nümayəndələrinə qarşı çox arxayın kəşfiyyat əməllərinə görə diqqətə düşməsi ilə başlayıb.

Geniş əlaqələrindən istifadə edən rezidentura region ölkələrində fəal hərəkət etməklə yeni məqsədlər formalaşdırmaq və təsir dairəsini genişləndirməklə məşğul olub.

Məlumata görə, mənbələrdən əldə edilmiş informasiyaya əsasən, araşdırma bir-biri ilə əlaqəli xüsusatlar şəbəkəsini aşkarlamağa imkan verən çox maraqlı aspektləri üzə çıxarıb, uzun illər Fransa casus şəbəkəsinin ştatdankənar əməkdaşı olmuş Fransa vətəndaşlarından biri könüllü olaraq Azərbaycan hüquq-mühafizə orqanları ilə əməkdaşlığa təşəbbüs göstərib.

Müəyyən müddət ərzində bir qismi indi və ya əvvəllər Azərbaycanda xidmət etmiş, bəziləri müxtəlif ölkələrdə və nüfuzlu beynəlxalq təşkilatlarda örtülü işi davam etdirən onlarla Fransa xəfiyyəsi aşkarlanıb. Bununla yanaşı, Azərbaycan xüsusi xidmət orqanlarına Fransa rezidenturasının Cənubi Qafqaz, Yaxın Şərq, Ukrayna və Moldovadakı fəaliyyətinə dair dəlil və sənədlər təqdim edilib.

Azərbaycan xüsusi xidmət orqanları tərəfindən istintaq olunan cinayət işi üzrə Ukrayna, Gürcüstan və Azərbaycanla əlaqədar kəşfiyyat fəaliyyətini həyata keçirən bir sıra şəxs həbs olunub, bəziləri isə istintaq altındadır.

Mənbə hesab edir ki, uğursuzluğun miqyası Fransa kəşfiyyatının imicinə tarixi zərbə olacaqdır.

Azərbaycan tərəfi məsələ ilə bağlı hələ ki rəsmi açıqlama verməyib.

Bununla yanaşı, hazırda yayılan xəbərlərdə o da bildirilir ki, Fransa Prezidenti Emanuel Makron dünən Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emyeni vəzifəsindən azad edib. Bernar Emyenin mümkün istefası barədə kəşfiyyatın Afrika və Cənubi Qafqaz sahələrindəki uğursuzluğundan sonra danışılmağa başlanılıb.

Daxili Təhlükəsizlik Baş İdarəsinə (DGSİ) rəhbərlik etmiş Nikolas Lerner isə Xarici Kəşfiyyat strukturuna yeni rəhbər təyin edilib.

BİA.az xəbər verir ki, Agentura şəbəkəsinin ifşa olunmasının Makronun nüfuzuna təsirləri barəsində "Sherg.az"a danışan Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov bildirib ki, ümumiyyətlə Makronun hakimiyyəti dövründə Fransanın siyasi sistemində çox böyük çatlar əmələ gəlib:

 "Onun hakimiyyət dövrü Fransanın təkcə beynəlxalq münasibətlər sistemində adekvat olmayan, qərəzli və qəbuledilməz mövqey nümayiş etdirməsi ilə nəticələnməyib, həm də uzun bir müddətdir ki, Fransa dünyada riyakarlığın, yalanın və qəbuledilməz siyasətin davamçısı hesab olunur. Fransa istilaçı və müstəmləkəçi siyasət həyata keçirdiyi üçün, onun dünyanın başqa ölkələrində təhlükəli casus şəbəkələrinin xidmətlərinə ehtiyacı olur. Lakin hazırda Fransanın qərarları ifşa olunur və ölkə daxilində vəziyyət getdikcə pisləşir. Makronun sonuncu pensiya islahatlarına qarşı ölkədə baş qaldıran etirazlar xalq üsyanı ilə nəticələndi. Hətta insanlar mağazaları soymağa və yandırmağa başladılar. Normal çağdaş prinsipləri ilə ölkəni idarə etməyəndə onun nəticələri məhz bu cür olur. Makronun reytinqi Fransa cəmiyyətində kifayət qədər aşağıdır və bütün rəy sorğularından görünür ki onun növbəti seçkilərdə qələbə çalma ehtimalı çox aşağıdır".

BİA.az
скачать dle 12.1