Bia.Az

AXCP-nin daha üç fəalına qarşı ittiham irəli sürülüb

Siyasət
 21-07-2020, 18:29     296

İyulun 21-də Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Sabunçu rayon şöbəsinin fəalı Məhəbbət Nağıyev saxlanılıb və Baş Prokurorluğun istintaq şöbəsinə aparılıb.

Elə bu gün Baş Prokurorluğun istintaq şöbəsi AXCP fəalları Nicat Abdullayev, Baba Süleymanov və Ceyhun Novruzova qarşı cinayət ittihamları irəli sürüb. Onlar iyulun 15-nə keçən gecə Milli Məclisin binası qarşısında keçirilən nümayiş zamanı baş vermiş insidentlə əlaqədar cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunublar.

AXCP-dən Turan-a bildiriblər ki, həmin fəalları məhkəmələrə aparıblar. Barələrində həbs qərarının qəbul ediləcəyi gözlənilir.

Beləliklə, 8 nəfər AXCP fəalına qarşı CM-in 186.2.1-ci (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət ittihamı irəli sürülüb.

İyulun 15-dən sonra 22 nəfər partiya fəalı saxlanılıb və dindirilib, onların 8-nə qarşı ittihamlar irəli sürülüb, yeddi nəfər buraxılıb, qalanların taleyi hələlik məlum deyil.

“7 nəfər AXCP fəalının barəsində hələ məlumat yoxdur. Onların harada saxlanılması barədə məlumat verilmir. Onlara doğmaları və vəkilləri ilə görüşə imkan verilmir”, - partiya nümayəndəsi bildirib.

AXCP bu həbsləri tamamilə əsassız və siyasi sifariş hesab edir

BİA.azскачать dle 12.1