Bia.Az

“5-ci respublika”nın Azərbaycana qarşı 5-ci cəhdi – “İt əl çəkdi”, Fransa əl çəkmir...

Siyasət
 12-10-2023, 16:49     319

Fransa Azərbaycan və Ermənistan arasında ədalətli sülhə töhfə vermək əvəzinə, qızışdırıcı və pozucu mövqeyini davam etdirir. Bir an belə təxribatçı və fitnəkar davranışına ara vermir.

Artıq xəbər verildiyi kimi, “5-ci respublika” BMT Təhlükəsizlik Şurasında (TŞ) ölkəmiz əleyhinə növbəti təşəbbüsə hazırlaşır. Fransa TŞ çərçivəsində ermənilərin Qarabağa qaytarılması ilə bağlı qətnamənin qəbulunu tələb edəcək. Belə bir açıqlama ölkənin xarici işlər naziri, ermənidən çox erməni olmaq istəyən Katrin Kolonnadan gəlib.
Abır-həyadan bixəbər Kolonnanın iddiasına görə, “Azərbaycan 100 mindən çox erməninin Qarabağdan çıxarılmasını planlaşdırıb və təşkil edib”. Bildirib ki, “bu ağır cinayət cavabsız qala bilməz” və qayıdışla bağlı “sahədə (Qarabağda – red.) daimi beynəlxalq nəzarət də olmalıdır”. Bunun ardınca deyib ki, Ermənistanla Azərbaycan arasındakı münaqişə danışıqlar yolu ilə həll oluna bilər. “Bakı başa düşməlidir: güc tətbiq etmək yolu ilə hərəkət edə bilməz”, - ermənipərəst nazir sırtıqcasına əlavə edib.
Burda deyiblər, “İt (Ermənistan- red.) əl çəkdi, motal əl çəkmədi”...
Öncə xatırladaq ki, 44 günlük müharibə başlayanda sonra bu, Fransanın Azərbaycan əleyhinə BMT TŞ-də 5-ci cəhdi olacaq. Onun biri Vətən müharibəsi zamanı, üçü isə son bir il ərzində edilib (ötən ilin dekabrı, bu ilin avqustu və sentyabrı). Hamısı da fiaskoya uğrayıb.
Heç şübhəsiz, bu təşəbbüs də boşa çıxacaq. Çünki “qatar” təkcə Ermənistan və mifik “artsax” üçün deyil, Fransa üçün də çoxdan gedib. Nə qədər istəyirlər, daldan daş atsınlar. Belə cəhdlər əbəsdir. Ondansa XXI əsrdə belə (!) müstəmləkə saxlayan, soyqırımlara imza atan Fransa dönüb öz yaxın keçmişinə baxsın və xəcalət çəksin. Bizə mənəviyyat dərsi keçməsin. Kiməsə belə dərsi keçmək, insan haqları haqda mühazirə oxumaq üçün Fransa dünyada ən axırıncı ölkədir...
Söz düşmüşkən, dünən Fransanın təşəbbüsü ilə bir qrup ölkə (28 dövlət) BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycan əleyhinə birgə bəyanat verib. Bəyanatda Azərbaycanın Qarabağ bölgəsindən erməni köçü ilə bağlı əsassız iddialar və şər-böhtan yer alıb.
Halbuki ermənilərin Qarabağdan necə rahat, hər hansı məcburiyyət, zorakılıq olmadan çıxdığını hamı bilir. Buna dair “daşdan keçən” yüzlərlə dəlil-sübut, o cümlədən video-fakt var. Köç edən ermənilərin özləri etiraf ediblər ki, onlar öz xoşları ilə gedirlər, hər hansı zorakılıqla üzləşməyiblər, amma Fransa və bir necə ölkə neçə həftədir dəridən-qabıqdan çıxır ki, bunun əskini isbatlasın! Qəribədir, deyilmi?
Aydındır ki, ermənilərin Qarabağdan köçündə onilliklər ərzində onlara təbliğ edilən etnik dözümsüzlüyün təsiri mühüm rol oynayıb. Təkcə Xocalı hərbi canisi Robert Köşəryanın bu xüsusda vaxtilə Avropa Şurası Parlament Assambleyasının tribunasından səsləndirdiyi irqçi fikirləri yada salmaq yetər. Amma azərbaycanlılarla ermənilər qonşu Gürcüstanda və Rusiyada günü bu gün də dinc-yanaşı yaşayırlar...
Fransa isə kor tutduğunu buraxmadığı kimi, öz xəstə və heç kimə lazım olmayan “məntiqi”ndən əl çəkmir. Çünki onu ermənilər, onların sıxıntıları yox, öz maraqları, Güney Qafqaza hansısa yolla soxulmaq maraqlandırır. Bu yolda əsas əngəl isə bölgənin açar dövləti Azərbaycandır. Vassal və kölə Ermənistandan fərqli olaraq, müstəqil siyasət yürüdən, güclü Azərbaycan!
Odur ki, bütün hiylələrin, pisliklərinin hədəfi bizik. Təsadüfi deyil ki, qərəz dağarcığı olan Fransa yenə ənənəvi simasızlığından, riyakarlığından əl çəkməyərək, bir qrup ölkə ilə birgə qəbul elədiyi məlum bəyanatda azərbaycanlı qaçqın-köçkünlər haqda bir kəlmə də deyilmir. Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna toxunulmur.
Diqqət edin, bir milyona yaxın azərbaycanlı öz doğma torpaqlarından qovulub, onlardan cəmi bir neçə mini hazırda öz yurduna qayıdıb, yüz minlərlə insan hələ də köçkün həyatı yaşayır. Amma üzdəniraq sənəddə yalnız “erməni məcburi qaçqınlar”dan söz edilir...
Əslində Qarabağdan Ermənistana köçən erməni əhalisinə “qaçqın statusu”nun verilməsi hüquqi baxımdan yanlış sayılmalıdır. Ona görə ki, onları heç kim qovmayıb, qaçqın salmayıb, öz xoşları ilə gediblər. Məgər Ermənistandan xaricə köç edən minlərlə erməni qaçqın adlandırılır? Maraqlıdır ki, Avropa Şurası Nazirlər Komitəsinin sədri Kristianis Karinşin bildirib ki, Qarabağı tərk etmiş “etnik ermənilərin mühacir, yoxsa qaçqın olduğunu aydınlaşdırmaq lazımdır”.
Hələ onu demirik ki, Qarabağdan çıxıb gedən ermənilərin 10 mindən çoxu Ermənistan silahlı qüvvələrinin hərbçiləri və onların ailə üzvləri olub. Yerdə qalanların əksəriyyəti isə işğal zamanı Qarabağda qanunsuz məskunlaşmış şəxslərdir ki, bu da beynəlxalq konvensiyalara ziddir. Deməli, onları “qaçqın” kimi təqdim eləməklə Fransa və bəzi digər Qərb ölkələri faktiki olaraq qanunsuz məskunlaşmaya bəraət qazandırmaq istəyirlər.
Fransa və ona züy tutan dövlətlər heç şübhəsiz, bu yolla - azərbaycanlılara qarşı ayrı-seçkilik və ünvanımıza əsassız ittihamlarla bölgədə gərginliyi artırmaq, kövrək sülh prosesini pozmaq niyyəti güdür. Ancaq bu səylər iflasa məhkumdur. Çünki Fransa ünvanı ciddi şəkildə səhv salıb. Güney Qafqaz onun üçün müstəmləkə siyasəti yürütdüyü (artıq iflas olan) Şimali və Mərkəzi Afrika deyil.../Musavat.com

скачать dle 12.1