Bia.Az

“Məktəbli qızlar arasında abortların sayının 3 dəfə artması dəhşətli statistikadır”

Siyasət
 6-09-2023, 19:30     493

Son bir ildə Azərbaycanda abort etdirən qadınların sayı kəskin artıb.

Abort etdirən qadınların sayı 2021-ci illə müqayisədə ötən il 23,7 faiz və ya 11 min 122 nəfər artaraq 57 min 999-a yüksəlib. Bu, indiyə kimi Azərbaycanda qeydə alınan ən yüksək göstərici olub. Məlumat üçün bildirək ki, abort etdirənlərin 3,6 faiz və ya 2 080 nəfəri 15-19 yaşlılar olub. Məktəbyaşlı qızlar arasında (15-17 yaş) abort etdirənlərin sayı isə son bir ildə təxminən 3 dəfə artıb. Belə ki, əvvəlki ildə 16 məktəbyaşlı qız abort etdirmişdisə, ötən il bu göstərici 57-yə yüksəlib.

Onu da bildirək ki, məktəbyaşlı qızlar arasında abortların sayı ən yüksək səviyyəyə 2010-cu ildə çatıb – 158 abort.

Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlının sözlərinə görə, son 1 ildə məktəbli qızlar arasında abortların sayının 3 dəfə artması dəhşətli statistikadır: “Nəzarətsiz qalan uşaqların sayı çoxdur. Baxmayaraq ki, onların valideynləri var, amma nəzarətsizlik sonda belə sonluqlarla nəticələnir. Yaxud da bəzi uşaqlar kifayət qədər sərbəst davranışa malik olur və onları idarə etmək çətindir. Boşanmaların 50 faizə çatması ilə dünya lideri olduq.

Görünən odur ki, əxlaqsızlığın kütləvi yayılması məktəbdən, daha doğrusu, məktəb yaşlarından başlayır. Məktəblərdə təhsil kimi, təlim-tərbiyə işinin də zəif olması buna təkan verir. Hətta deyilənə görə, orta siniflərdə oxuyan qızın “kavaler”inin olmaması ayıb sayılır. Valideynlərə gəldikdə, əksər hallarda müasir texnologiyadan geri qaldıqlarından qızlarının telefon və internet vasitəsilə nə oyunlardan çıxdığını izləyə bilmirlər. Hər birimiz qonşuluqda, tanışlar arasında evdən ədəbli görkəmdə, uzun yubkada çıxıb məktəbə gedən qızın 1 tin o yanda qəfildən necə mini yubkalı, seksual görünüşlü qıza çevrildiyini müşahidə edirik”. //sherg.az//скачать dle 12.1