Bia.Az

Ukrayna savaşının sona çatacağı vaxt məlumdur: Rusiya məğlub, ABŞ və NATO isə qalib olacaq

Siyasət
 14-08-2023, 18:35     252

Ukrayna savaşının “proxy war” modeli rəsmi Kiyevi və Kremli müharibənin gələcək taleyini müəyyən etmək şansından məhrum buraxıb... Böyük ehtimalla bu savaş məhz ABŞ və Qərb özünün mütləq qələbəsinə əmin olduqda, sona çatacaq...

Ukrayna savaşının nə vaxt sona çatacağı indi beynəlxalq gündəmin ən çox müzakirə olunan mövzuları sırasında yer alır. Bəzi Qərb siyasi dairələri Ukrayna ordusunun əks-hücum əməliyyatlarından narazıdırlar. Onların fikrincə, bu əks-hücum əməliyyatlarının təzyiq gücü Rusiyanın məğlub edilməsi üçün yetərli deyil. Hər halda, indiki templə Ukrayna ordusunun yaxın aylarda hərbi qələbə qazanması real görünmür.
Maraqlıdır ki, mövcud situasiyanın əsas günahını rəsmi Kiyevin üzərinə yükləməyə üstünlük verənlər də kifayət qədərdir. Onların qənaətinə görə, Ukrayna ordusu əks-hücum əməliyyatlarına taktiki cəhətdən yaxşı hazırlaşmayıb. Və ona görə də, Ukrayna savaşının yaxın vaxtlarda sona çatma ehtimalı qətiyyən inandırıcı deyil.
Ancaq situasiyanın belə qiymətləndirilməsi ilə razılaşmayanlar daha fəqrli arqumentləri ön plana çıxartmağa çalışırlar. Əsas iddialarsa, ondan ibarətdir ki, Ukrayna ordusunun hərbi təchizatında kifayət qədər ciddi problemlər mövcuddur. Xüsusilə də, rəsmi Kiyev ABŞ və NATO ölkələrini Ukrayna ordusuna vəd olunan müasir silah-sursatı və hərbi texnikanı göndərmədiklərinə görə ittiham edir. Və belə vəziyyətdə Ukrayna ordusundan sürətli qələbə gözləməyin yersiz olduğunu vurğulayır.
24d70acd8d1b6f62b68acce5b853356c.jpg (164 KB)
Təbii ki, rəsmi Kiyevin iradlarında haqlı olan məqamlar kifayət qədərdir. Hər halda, Ukrayna ordusunun hərbi təchizatında baş verən gecikmələrin məqsədli şəkildə törədildiyi barədə müəyyən mülahizələr mövcuddur. Və prosesin ləng inkişaf etməsinin Qərbin uzaqgedən planlarından qaynaqlandığı artıq qətiyyən şübhə doğurmur.
Məsələ ondadır ki, Ukraynanın əks-hücum əməliyyatı əslində, ABŞ və NATO tərəfindən yönləndirilir. Ümumiyyətlə, Ukrayna savaşı öz başlanğıc günündən etibarən daha çox "proxy war" xarakteri daşıyır. Yəni, müharibə meydanında Ukrayna ordusu vuruşsa da, əslində, səhnəarxasında Rusiya ilə məhz ABŞ və NATO savaşır.
Ona görə də, bu savaşda Rusiyanın qalib gəlmə şansları demək olar ki, mövcud deyil. Böyük ehtimalla bu savaşda ABŞ və NATO Ukrayna ordusu üzərindən Rusiyanı əvvəl-axır ağır hərbi məğlubiyyətə uğradacaq. Rusiyanın bu savaşa sona qədər tab gətirmək üçün hərbi-siyasi və maliyyə-iqtisadi resursları yetərli deyil. Və bu baxımdan, Rusiyanın məğlub olacağını hətta Kremldə belə, tam dəqiqliyi ilə bilirlər.
Ancaq nə qədər qəribə də olsa, ABŞ və NATO qətiyyən sürətli qələbə istəmir. Daha dəqiq desək, Qərb uzun müddət savaşın içərisində tutmağa çalışdığı Rusiyanın tədricən dünyanın hərbi-siyasi xəritəsindən silinməsini hədəfləmiş kimi görünür. Bu baxımdan, ABŞ və Qərbin Rusiyanı hərbi məğlubiyyətə uğratmaq üçün o qədər də tələsmədiyi şübhə doğurmur.
9784939d450a6b96e96805fe2687e10c.jpg (210 KB)
Ona görə də, ABŞ və NATO Ukraynaya qısa müddətdə hərbi qələbə qazandıracaq müasir hərbi texnika növlərinin verilməsini məqsədyönlü şəkildə gecikdirir. Yəni, əslində, Ukrayna ordusunun əks-hücum əməliyyatının ləng inkişafında əsas problem lazımi hərbi texnikanın çatışmazlığı ilə bağlı deyil. Əksinə, həmin hərbi texnikanın Ukraynaya xüsusi hesablama və “porsiya”larla verilməsi ilə bağlıdır.
Bütün bunlar onu göstərir ki, Ukrayna savaşı hələ uzun müddət davam edəcək. Bu savaşın nə vaxt bitəcəyi qətiyyən Ukrayna və Rusiyadan asılı deyil. Çünki indiki situasiyada hər şey, o cümlədən də, müharibənin sona çatacağı vaxt birmənalı şəkildə ABŞ və NATO tərəfindən müəyyən edilir.
Bu baxımdan, Ukrayna ordusunun əks-hücum əməliyyatınin müxtəlif zaman intervalında effektivlik səviyyəsi də məhz ABŞ və NATO-nun həmin an üçün olan planlarına bağlıdır. Hazırdasa, Ukraynanın savaşmaqda davam etməsi hələlik ön plandadır. Və nə Ukrayna, nə Rusiya mövcud situasiyanı dəyişmək şansına sahib deyil.
2086beb3ad198dc810a6ea8aae0a3eed.jpg (94 KB)
Ümumiyyətləsə, böyük ehtimalla  bu savaşda Rusiya əvvəl-azır məğlub ediləcək. Yəqin ki, Ukraynanın hərbi qələbəsi isə daha çox formal xarakter daşıyacaq. Yəni, ABŞ və NATO Ukraynaya elə bir qələbə qazandıracaq ki, nəticə etibarilə onun məğlubiyyətdən elə də ciddi bir fərqi olmayacaq.
Məsələ ondadır ki, Ukrayna müharibədən sonra hələ uzun onilliklər boyu Rusiya ilə savaşın nəticələrini aradan qaldırmaq məcburiyyətində qalacaq. Rəsmi Kiyev bu məqsədə çatmaq üçün yəqin ki, ölkənin bütün daxili resurslarını sərf etməli olacaq. Və ona görə də Ukraynanı bundan sonra hələ uzun müddət Qərbdən maliyyə-iqtisadi asılılıq gözləyir.
Belə anlaşılır ki, Ukrayna savaşının əslində, real qalıbi isə məhz ABŞ və NATO olacaq. Hər halda, bu savaşın məhz "proxy war" modeli ilə davam etməsi belə düşünməyə tamamilə əsas verir. Bu baxımdan, savaşın yekun nəticələri üçün müharibədə hansı ölkələrin birbaşa iştirak etməsi o qədər də böyük əhəmiyyət daşımır, daha çox formal xarakterə bağlıdır. Bütün bunlar onu göstərir ki, Ukrayna savaşı böyük ehtimalla məhz ABŞ və Qərb özünün mütləq qələbəsinə əmin olduqda, sona çatacaq./Musavat.com/
скачать dle 12.1